Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏDƏNİYYƏT

“Axşam görüşləri” ustad sənətkar Xan Şuşinskiyə həsr olunub
23.02.2024 15:04
  • A-
  • A
  • A+

“Axşam görüşləri” ustad sənətkar Xan Şuşinskiyə həsr olunub

Azərbaycan Radiosunda “Axşam görüşləri” proqramının növbəti buraxılışı yayımlanıb.

Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru akademik Rafael Hüseynovun təqdimatında yayımlanan proqram Azərbaycan xanəndəlik məktəbinin görkəmli nümayəndəsi Xan Şuşinskiyə (İsfəndiyar Aslan oğlu Cavanşir)  həsr olunub.

Akademik Rafael Hüseynov Xan Şuşinski yaradıcılığının xüsusiyyətlərindən bəhs edib, onun Azərbaycan muğamının əsas sütunlarından olduğunu vurğulayıb:

“Tanrının Azərbaycana bağışladığı, sərhədi-üfüqü əngilliklərə uzanan gözəlliklər sırasında Xan avazının öz yeri var. Xalqımız 100 ildən çoxdur ki, bu səslədir. Xan oxucusunun bu millətlə birgəliyinin ikinci əsri də asta-asta irəliləyir. Onun səsi bütün dövrlərdə Azərbaycan insanına eyni yaxınlıqda, eyni doğmalıqda qalacaq. Onun saf səsini dinlədikcə zənn edirik ki, bu valehedici səs indi də bizim yanımızda dayanıb oxuyur”.

Bildirilib ki, Xan Şuşinski 1901-ci ildə avqust ayının 20-si Şuşada anadan olmuş, 1979-cu ildə vəfat etmişdir. 2011-ci ildə ölməz sənətkarın anadan olmasının 110 illiyi təntənəli şəkildə qeyd edilmiş, Xan Şuşinskinin adını daşıyan nəvəsi İsfəndiyar Cavanşirov və digərləri onunla bağlı xatirələrini bölüşüblər.

Vurğulanıb ki, Xan səsi Azərbaycan insanının ruhunun bir parçası, milli duyğunun ayrılmaz hissəsidir və xalqımız o səsi başqa avazlardan fərqli sevir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: