Fevralın 23-də Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində “Elmimizdə və qəlbimizdə yaşayan Həmid Araslı" mövzusunda elmi sessiya və xatirələr axşamı keçirilib.
Elmi sessiyada çıxış edən muzeyin direktoru akademik Rafael Hüseynov akademik Həmid Araslının ömür yolu və yaradıcılığı barədə ətraflı məlumat verib.
R.Hüseynov qeyd edib ki, akademik Həmid Araslı çoxsaylı zəngin araşdırmaları ilə ölkəmizdə ədəbiyyatşünaslığın inkişafına dəyərli töhfələr verib. O, qədim və orta əsrlər Azərbaycan ədəbiyyatı sahəsində xüsusi mövqeyə malik nüfuzlu mütəxəssis və dərin erudisiyalı alim kimi geniş şöhrət qazanıb. Azərbaycan ədəbiyyatı tarixinin sistemləşdirilməsi və dolğun mənzərəsinin yaradılması onun mühüm elmi nailiyyətlərindəndir.
H.Araslı SSRİ və dünya ədəbiyyatşünaslığında yanlış konsepsiyaların geniş yayıldığı bir zamanda Nizami sənətinin milli ruhuna xüsusi həssaslıqla yanaşıb, şairin öz irsinə əsaslanaraq onun türkcə düşünüb farsca yazdığını elmi dəlillərlə sübut edib. Akademik H.Araslı Nizami sənətinin XII əsr Azərbaycanında təsadüfi hadisə olmadığını, şairi ictimai-mədəni yüksəlişlə səciyyələnən əlamətdar bir dövrün, mərhələnin yetirdiyini söyləyir. O, Nizaminin Qumdan olması haqqındakı əfsanəni alt-üst edib. Görkəmli alim, həmçinin Məhəmməd Füzulinin ardıcıl tədqiqatçısı və Azərbaycandan uzaqlarda tanıdan naşiri olub. Şairin həyat və yaradıcılığının müxtəlif problemlərinə həsr etdiyi 20-dən artıq məqaləsi və çoxillik araşdırmalarının yekunu – rus və Azərbaycan dillərində nəşr edilən “Böyük Azərbaycan şairi Füzuli” monoqrafiyası var.
“Əbədiyyət və ədəbiyyat sözləri bir-birinə çox bənzərdir. Ədəbiyyat hər bir xalqın sərvətidir. Xoşbəxt o xalqdır ki, onun zəngin ədəbiyyatı var. Azərbaycan dünyanın zəngin ölkələrindəndir ki, onun tarixən qədim köklərə malik ədəbiyyatı var. Məhz ədəbiyyat tarixən qələm ustasına əbədiyyət bağışlayır. Həmid Araslı müstəsna insanlardandır ki, o əbədi ədəbiyyatda iz qoyub getdi. Bütün ömrü boyu ədəbiyyata xidmət etmiş Həmid Araslı Azərbaycan ədəbiyyatında iz qoyub getdi”, - deyə R.Hüseynov əlavə edib.
Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar tədbirdə çıxışında akademik Həmid Araslının yaradıcılığından ətraflı bəhs edib. O bildirib ki, Həmid Araslı 1939-cu ildə “Kitabi-Dədə Qorqud”u nəşr etdirməklə ədəbiyyatımıza, mədəniyyətimizə, eləcə də bütün türkologiya elminə böyük xidmət göstərib. “Ədəbiyyat adlı xəzinəmizin təməl sütunlarında, daha doğrusu, tarixi mənəvi sərvətimizin araşdırılaraq xalqımıza qazandırılmasında Həmid Araslının mühüm payı var. İstər “Koroğlu” dastanı qollarının toplanaraq kitab halına gətirilməsində, istər Nizami Gəncəvi irsinin öyrənilməsində, istər Məhəmməd Füzuli irsinə sahiblənməyimizdə, ən başlıcası isə “Kitabi-Dədə-Qorqud” kimi təməl kitabların işıq üzünə çıxarılaraq tədqiq edilməsində Həmid müəllimin rolu əvəzsizdir. Əgər diqqət etdinizsə, bu saydıqlarımız ədəbiyyatımızın ən böyük ünvanlarıdır. Həmid Araslı böyük tədqiqatçı olduğu üçün böyük ünvanlara müraciət etmiş alimdir. Yəni, araşdırmaq istədiyi mövzudan çəkinməmək, mövzunun üzərinə gedərək ana xətti ortaya qoymaq Həmid müəllimin araşdırma üslubudur. Repressiyanın baş alıb getdiyi bir dövrdə bir xalq üçün bu qədər mühüm və tarixi dəyərləri ehtiva edən, milli pasport deyiləcək qədər zəngin bir mənbəyi ortaya çıxarmaq, təbliğ və nəşr etmək böyük risk tələb edirdi. Hər cür təhdidə, təzyiqə, tənqidə baxmayaraq, Həmid müəllim bu böyük vəzifəni uğurla həyata keçirə bildi”, - deyə yazıçı Anar vurğulayıb.
Tədbirdə digər çıxış edənlər akademik Həmid Araslı ilə bağlı xatirələrini bölüşüblər.