Fevralın 26-da Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının (ŞAR) Şamaxı və Bakı bölmələrində Xocalı soyqırımının 32-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.
Tədbirin rəsmi hissəsindən öncə Xocalı soyqırımı qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Şamaxı Astrofizika Rəsədxanasının baş direktoru AMEA-nın müxbir üzvü Namiq Cəlilov tədbiri giriş sözü ilə açaraq dünya birliyi ölkələrinin, xüsusilə də özünü "humanizmin beşiyi" kimi qələmə verən bir sıra Avropa ölkələrinin ikili standartlarından, Xocalı soyqırımına lazımi qiymət verməməsindən danışıb. Alim bildirib ki, Ermənistanın Xocalıda törətdiyi vəhşiliklər, Azərbaycana hərbi-siyasi təcavüzü dünya ictimaiyyəti tərəfindən ittiham edilməlidir. Beynəlxalq təşkilatlar, dünya dövlətlərinin parlamentləri Ermənistanın Xocalıda törətdiyi hərbi cinayətə əsl soyqırımı hadisəsi kimi beynəlxalq siyasi-hüquqi qiymət verməlidir. Bu, Azərbaycandan onlara heç bir təhdid və təhlükə olmadığı halda 2023-cü ildə öz xoşları ilə ölkəni tərk edən ermənilərin dinc köçünə "etnik təmizləmə", yaxud "humanizm böhranı" adı verən "humanist" dövlətlərin ən azı humanistlik borcudur. Çünki erməni silahlılarının təcavüzü, amansız qətliamları nəticəsində Xocalıdan və ümumilikdə Qarabağdan didərgin düşən bir milyon məcburi köçkünlə müqayisədə, ermənilərin könüllü və təhlükəsiz köçü heç bir humanizm tərəzisində ağır gəlməz.
Son olaraq Namiq Cəlilov qeyd edib ki, ilahi ədalətin bərqərar olacağı günədək xalqımıza qarşı törədilmiş qanlı hadisələrin daim təbliği hər birimizin vətəndaşlıq borcumuzdur.
Sonra rəsədxananın Elmi əlaqələr və təşkilati məsələlər şöbəsinin müdiri f.-r.ü.f.d. Kamal Hüseynov erməni silahlıları tərəfindən xüsusi amansızlıqla həyata keçirilən soyqırımının acı statistikasını xatırladıb. Bildirib ki, həmin qanlı hadisədə ermənilərin törətdiyi vəhşilik nəticəsində Xocalıda 613 nəfər dinc sakin qətlə yetirilib. Onlardan 63-ü uşaq, 106-sı qadın, 70-i isə qoca olub. 8 ailə tamamilə məhv edilib, 76-sı uşaq olmaqla 487 nəfər şikəst olub. Bundan başqa, 1275 nəfər əsir götürülüb, 150 nəfər itkin düşüb. Bir neçə gün öncə - 21 fevral 2024-cü il tarixdə Xocalıda tapılmış kütləvi məzarlıqda biri azyaşlı olmaqla 4 nəfərin qalıqlarının tapılmasını vurğulayan natiq, gələcək qazıntı işləri zamanı bu statistikanın arta biləcəyini də qeyd edib.
Daha sonra ŞAR-ın Planetlər və kiçik səma cisimləri şöbəsinin baş elmi işçisi AMEA-nın müxbir üzvü Əyyub Quliyev çıxış edərək vurğulayıb ki, ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Xocalı soyqırımına ilk dəfə olaraq hüquqi qiymət verilib. Məhz Ulu Öndərin təşəbbüsü ilə 1994-cü ildə Milli Məclis tərəfindən fevral ayının 26-sı "Xocalı soyqırımı və milli matəm günü" kimi qəbul edilib.
Tədbirə Xocalı soyqırımına həsr olunmuş "Ana fəryadı" abidəsinin ziyarəti ilə yekun vurulub. Rəsədxana əməkdaşları tərəfindən abidə önünə tər çiçəklər qoyulub.
Analoji tədbir ŞAR-ın Şamaxı bölməsində də keçirilib. Rəsədxananın icraçı direktoru professor Nəriman İsmayılovun rəhbərliyi ilə ŞAR əməkdaşlarının Xocalı soyqırımı haqqında çıxışları fonunda təşkil olunmuş tədbirin yekununda Şamaxı şəhərində yerləşən Soyqırımı abidəsi ziyarət edilib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.