Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

27.02.2024 11:24
  • A-
  • A
  • A+

Radiasiya Problemləri İnstitutunda Xocalı faciəsinə həsr olunmuş anım tədbiri keçirilib

Radiasiya Problemləri İnstitutunda Xocalı faciəsinə həsr olunmuş anım tədbiri keçirilib

Elm və Təhsil Nazirliyinin Radiasiya Problemləri İnstitutunda Xocalı soyqırımına həsr olunmuş tədbir keçirilib.

Öncə Azərbaycan Respublikasının Dövlət Himni səslənib və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan Radiasiya Problemləri İnstitutunun baş direktoru AMEA-nın müxbir üzvü İslam Mustafayev XX əsrin ən dəhşətli faciəsi olan Xocalı soyqırımından artıq 32 il ötdüyünü söyləyib, hər il ürək ağrısı ilə yad etdiyimiz bu faciə qurbanlarının qanının yerdə qalmadığını Müzəffər Ali Baş Komandanın yürütdüyü düzgün siyasət nəticəsində şanlı ordumuzun Xocalı şəhidlərinin qisasını aldığını, əzəli və əbədi torpağımız olan Xocalının mənfur düşmən tapdağından azad edildiyini bildirib. Bu gün Xocalı şəhidlərinin ruhu şad, torpaqları azaddır. Xankəndidə, Xocalıda Azərbaycan bayrağı dalğalanır.

Tədbirdə iştirak edən Xocalı qaçqını, o dəhşətli gecəyə şahidlik etmiş hava limanının rəisi Milli Qəhrəman Əlif Hacıyevin müavini Nazim İsmayıl oğlu Hüseynov erməni vəhşiliyindən, Xocalı sakinlərinin Vətən sevgisindən, əliyalın öz torpaqlarını müdafiəyə qaxmalarından, daha sonra torpaq, yurd həsrətindən söz açıb. Göz yaşlarına hakim ola bilməyən Nazim Hüseynov Xocalıların hansı vəhşilik və amansızlıqla qətlə yetirilməsindən, evlərin talan edilib yandırılmasından, meyidlər üzərində edilən təhqiramiz erməni vəhşiliyindən danışıb.

İnstitutun icraçı direktoru dosent Rəvan Mehdiyeva Xocalı faciəsinə aparan yoldan, Xocalı soyqırımının yetişməsindən, niyə soyqırımın məhz Xocalıda törədilməsindən, qədim yurd yerimiz olan Xocalı şəhəri və Xocalı məzarlığının darmadağın edilməsindən danışıb. Xocalı qətliamını Holokost, Xatın, Lidisa, Oradur, Sonqmi soyqırımları ilə müqayisə edib. R.Mehdiyeva respublikamızın 60 rayon, kənd və qəsəbəsinə səpələnmiş Xocalı sakinlərinin yaratdığı folklor nümunələrindən söz açıb, bu faciəni əsrlər boyu qoruyub saxlayacaq, əks etdirəcək xalq yaradıcılığından nümunələr göstərib.

Anım tədbirində Nazim Hüseynov institut əməkdaşlarının suallarını cavablandırıb.

Tədbirin sonunda Gənc Alim və Mütəxəssislər Şurasının gəncləri Xocalı soyqırımında həlak olmuş şəhidlərin məzarını ziyarət ediblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: