Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda Belarus Elmlər Akademiyasının Belarus Mədəniyyəti, Dili və Ədəbiyyatı Mərkəzinin dosenti İnessa Kriştopun “Ekoloji roman: janrların və epoxanın kəsişməsində” mövzusunda seminarı keçirilib.
Seminarı giriş sözü ilə institutun direktor müavini, filologiya üzrə fəlsəfə doktoru, dosent Mehman Həsənli açaraq qonağı salamlayıb və Azərbaycan-Belarus ədəbi əlaqələrinin inkişafı istiqamətində Ədəbiyyat İnstitutunda görülən işlər haqqında danışıb. Mehman Həsənli Ədəbiyyat İnstitutu ilə Belarus Elmlər Akademiyasının Belarus Mədəniyyəti, Dili və Ədəbiyyatı Mərkəzi arasında 2016-cı ildə əməkdaşlıq haqqında Memorandum imzalandığını da xatırladıb. Dosent İnessa Kriştopun səfərinin Memorandumun imzalanmasından sonra həmin Mərkəzlə birgə ilk tədbir olduğunu bildirib.
Mehman Həsənli çıxışında Ədəbiyyat İnstitutunun elmi tədqiqat fəaliyyəti barəsində məlumat verərək Dünya ədəbiyyatı və komparativistika şöbəsində Belarus ədəbiyyatı ilə bağlı tədqiqatlar aparıldığını qeyd edib. Şöbənin əməkdaşı dosent Məlahət Qədirovanın Belarus ədəbiyyatı ilə bağlı elmlər doktorluğu dissertasiyası üzərində işlədiyini və Belarus ədəbiyyatı ilə bağlı üç antologiyanın çap edildiyini əlavə edib.
Qeyd edək ki, Məlahət Qədirovanın çapa hazırladığı antologiyaların biri rus, ikisi Azərbaycan (nəsr və poeziya) dilindədir.
Belarus Mədəniyyəti, Dili və Ədəbiyyatı Mərkəzinin əməkdaşı, dosent İnessa Kriştop “Ekoloji roman: janrların və epoxanın kəsişməsində” mövzusunda əhatəli məruzə edib. İnstitut əməkdaşlarının mövzu ilə bağlı suallarını cavablandırıb.
Seminarda Dünya ədəbiyyatı və komparativistika şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor Gülər Abdullabəyli, filologiya elmləri doktoru Xuraman Hümbətova, filologiya üzrə fəlsəfə doktorları Məlahət Qədirova və Aytən Rüstəmzadə də mövzu ilə bağlı fikirlərini səsləndiriblər.
Tədbirdə İnstitutun elmi katibi filologiya üzrə fəlsəfə doktoru Aygün Bağırlı, Təhsil şöbəsinin müdiri filologiya üzrə fəlsəfə doktoru Günay Qarayeva, Beynəlxalq əlaqələr şöbəsinin müdiri Nigar İsayeva və digər əməkdaşlar iştirak ediblər.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.