AMEA-nın Folklor İnstitutunda 20 Yanvar faciəsinin 35-ci ildönümünə həsr olunmuş “Zəfərə gedən yol” adlı anım tədbiri keçirilib.
Tədbiri giriş sözü ilə institutun direktoru vəzifəsini icra edən fil.ü.f.d., dos. Afaq Ramazanova açaraq 20 Yanvar hadisələrinin xalqımızın müstəqillik tarixində oynadığı mühüm roldan bəhs edib, bugünkü anım tədbirinin azadlığımız və suverenliyimiz uğrunda canlarından keçmiş şəhidlərin xatirəsinə hörmət və ehtiramın ifadəsi olduğunu vurğulayıb.
İnstitutun YAP Ərazi Partiya Təşkilatının təşkilatçılığı ilə keçirilən tədbirdə əvvəlcə Dövlət Himni səsləndirilib və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Folklor studiyasının 20 Yanvar faciəsi ilə bağlı hazırladığı videoçarx nümayiş olunub. O dövr hadisələrinin lent yazılarını özündə əks etdirən videoçarxın nümayişindən sonra Folklor İnstitutu YAP Ərazi Partiya Təşkilatının sədri fil.ü.f.d., dos. İlhamə Qəsəbova çıxış edərək bildirib ki, 20 Yanvar hadisələri xalqımızın ərazi bütövlüyü və milli istiqlal uğrunda mübarizəsinin başlanğıc nöqtəsidir. Milli yaddaşımıza əbədi həkk olunan 20 Yanvar faciəsində qəhrəman oğullarımız şəhidlik zirvəsinə yüksələrək, Azərbaycan xalqının yenilməz birliyini, əzmkarlığını, vətənpərvərlik hissinin qüdrətini bütün dünyaya nümayiş etdiriblər.
Sonra söz institutun Nəşriyyat şöbəsinin müdiri Mahir Cavadova verilib. 20 Yanvar faciəsi ilə bağlı təəssüratlarını bölüşən natiq həmin qanlı gecənin şahidi olduğunu və bu tarixin xalqımızın istiqlalında böyük əhəmiyyət daşıdığını bildirib. O vurğulayıb ki, bu hadisələrdə bir daha sübut olundu ki, heç bir qüvvə xalqımızın azadlıq uğrunda mübarizə əzmini qıra bilməz. Bu gün biz həmin hadisələrə yekdil olaraq torpaqlarımızın ərazi bütövlüyü, suverenliyimiz uğrunda mübarizəmizin şərəfli səhifəsi kimi baxırıq.
Daha sonra Mifologiya şöbəsinin aparıcı elmi işçisi, fil.ü.f.d., dos. Elçin Qaliboğlu xalqımızın tarixində baş vermiş faciələrdən, habelə bunların folklorda ifadəsindən bəhs edib. “20 Yanvarda imperiyanın əsl üzü göründü. Bu faciə tarix boyunca başımıza gələn faciələrin ən üzdəki ifadəsidir. 20 Yanvar kimi faciələrin bundan sonra baş verməməsi üçün hər bir fərdin daxilən faciəvilikdən üstün olması gərəkdir”, – deyə E.Qaliboğlu vurğulayıb. O, həmin günlərdə şahidi olduğu hadisələr haqqında da danışıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.