AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunda “23 mart - Pakistan günü”nə həsr olunmuş “Azərbaycan-Pakistan əlaqələri tarixin sınağında” mövzusunda dəyirmi masa keçirilib.
Fəlsəfə və Sosiologiya İnstitutunun direktoru f.e.d., professor İlham Məmmədzadə çıxış edərək institut alimlərinin Pakistanla elmi əlaqələrin genişlənməsinə böyük əhəmiyyət verdiyini bildirib. İlham Məmmədzadə Azərbaycan alimlərinin Pakistanın elmi cəmiyyəti ilə qurulan əlaqələrindən, elmi jurnalları ilə əməkdaşlıqlarından və birgə elmi-tədqiqat layihələrindən danışıb.
Professor, həmçinin “hər iki dövlətin elm və təhsil sahələrində də əməkdaşlıq imkanlarının reallaşması əlaqələrin inkişaf prosesini daha da gücləndirən amillərdən biridir” - deyə qeyd edib.
Hər iki ölkənin çoxşaxəli münasibətlərindən söz açan institutun elmi işlər üzrə direktor müavini tarix elmləri doktoru Azərbaycanın Pakistanda Fövqəladə və səlahiyyətli səfiri olmuş Eynulla Mədətli “Azərbaycan və Pakistanın tarixi dövlətçilik ənənələri və qarşılıqlı münasibətlər” mövzusunda çıxış edərək, Azərbaycan-Pakistan arasında tarixən iki ölkənin bir-birinə sıx dostluq əlaqələri ilə bağlı olduğunu, bu əlaqələrin daha da güclənməsində, iki ölkə arasında münasibətlərin inkişafında, bu gün də siyasi, iqtisadi, mədəni, hərbi, ticarət və digər sahələrdə yüksələn xətlə davam etdiyini vurğulayaraq beynəlxalq arenada da, ölkələrimizin eyni maraqlardan çıxış edərək bir-birini dəstəklədiyini bildirib.
O, Azərbaycanla Pakistan İslam Respublikası arasında bərqərar olmuş və get-gedə güclənən qardaşlıq əlaqələrinin Pakistanla münasibətlərə dair Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu siyasətin Prezident İlham Əliyev tərəfindən ardıcıl şəkildə və uğurla həyata keçirilməsinin nəticəsi kimi qiymətləndirib.
Tədbirdə Pakistan İslam Respublikasının Azərbaycandakı Fövqəladə və səlahiyyətli səfiri Bilal Hayi institutun rəhbərliyinə dəvət üçün öz təşəkkürünü bildirərək, gələn qonaqları salamlayıb, hər kəsi Ramazan ayının başlanması münasibətilə təbrik edib.
Səfir “Pakistan-Azərbaycan: diplomatik əlaqələrdən dostluq və qardaşlıq münasibətlərinə” mövzusunda çıxış edərək, Pakistan-Azərbaycan münasibətlərinin hələ ötən əsrlərdən inkişaf etməyə başladığını, tarixi əsaslara söykənən bu əlaqələrin son 30 il ərzində böyük inkişaf mərhələsindən keçdiyini və bundan məmnunluğunu bildirib. O, iki ölkənin müasir dövrdə üzləşdiyi geosiyasi problemlərdən, Azərbaycanın 44 günlük Vətən müharibəsindən və postmünaqişə dövründən ətraflı bəhs edib. Pakistanın Ermənistan-Azərbaycan münaqişəsində Ermənistanın işğalçı siyasətini hər zaman ittiham etdiyini və Azərbaycanın ərazi bütövlüyünü tanıdığını diqqətə çatdırıb. Vurğulayıb ki, Azərbaycanla qardaşlıq münasibətlərinə görə ölkəsi indiyədək Ermənistanla heç bir əlaqə qurmayıb.
Səfir bundan sonra da iki dost ölkə arasında bütün əlaqələrin gələcəkdə də inkişaf edəcəyinə inamlı olduğunu bildirib.
Sonda f.e.d. prof., siyasi-analitik Qabil Hüseynli “Azərbaycan-Pakistan siyasi-hərbi əlaqələri: hazırda və pesrpektivdə”, f.e.d. prof. Rəbiyyət Aslanova, f.e.d. prof. Adil Əsədov, f.e.d. prof. Rəna Mirzəzadə Azərbaycan-Pakistan münasibətləri ilə bağlı çıxış edərək öz fikirlərini bölüşüblər.
Dəyirmi masa sual və müzakirələrlə başa çatıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.