Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏDƏNİYYƏT

“Vətənim” verilişinin növbəti buraxılışı yayımlanıb
13.03.2024 12:20
  • A-
  • A
  • A+

“Vətənim” verilişinin növbəti buraxılışı yayımlanıb

“Mədəniyyət” kanalında “Vətənim” verilişinin görkəmli dramaturq Nəcəf bəy Vəzirova həsr olunan üçüncü buraxılışı yayımlanıb.

Veriliş Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru akademik Rafael Hüseynovun təqdimatında efirə gedib.

Akademik Rafael Hüseynov verilişdə bildirib ki, Nəcəf bəy Vəzirovun Azərbaycan dramaturgiyasının formalaşmasında, inkişafında, zənginləşdirilməsində, milli teatrın yaradılmasında mühüm xidmətləri vardır. O, həm də yaxşı hekayətçi olub.

Qeyd olunub ki, 1877-ci ilin martında çapdan çıxmış "Əkinçi" qəzetinin növbəti nömrəsində Nəcəf bəy Vəzirovun qarışqalardan bəhs edən məqaləsi dərc olunub. Məqalədə qarışqalar kimi həmzəhmət olaraq bir işi birlikdə görməyin önəmindən bəhs olunub. Ədib məqalədə elmi qənaət adlandırıb.

"Nəcəf bəy Vəzirov 1875-ci ildə İrəvanda ilk pyesi olan “Ev tərbiyəsinin bir şəkli”ni qələmə alıb. Onun ilk kitabı - “Daldan atılan daş topuğa dəyər” 1893-cü ildə Şuşada çap olunub. Dramaturq özünün ilk mətbu yazısına imza kimi “Dərviş” təxəllüsünü sеçmişdi", - deyən akademik Rafal Hüseynov vurğulayıb ki, sonralar ədibin 3 məclisdən ibarət “Sonrakı peşimançılıq fayda verməz”, 1901-ci ildə 4 pyesdən ibarət “Təmsilat” adlı kitabları işıq üzü görüb. 1929-cu ildə Vəzirovun “Müsibəti-Fəxrəddin" kitabı nəşr ediləndə isə o, artıq həyatda yox idi.

Diqqətə çatdırılıb ki, Nəcəf bəy Vəzirovun “Yağışdan çıxdıq, yağmura düşdük” komеdiyasının məzmunu da, adı kimi atalar sözləri və məsəllər ilə uyğunluq təşkil edir. Bu pyes də ədibin digər əsərləri kimi hikmətli fikirlərlə zəngindir. Görkəmli ədəbiyyatşünas alim AMEA-nın müxbir üzvü Kamran Məmmədov N.Vəzirovun dramaturji irsini komediyalarda baş verən hadisələr üzərindən geniş təhlil etmişdir. O, 1963-cü ildə Azərbaycan Elmlər Akademiyası nəşriyyatında "Nəcəf bəy Vəzirov" adlı irihəcmli monoqrafiyasını çap etdirmişdir.

Bildirilib ki, Vəzirov boşluqları doldurmaq üçün dünyaya gəlmiş insanlardandır. Ədibin səhnəyə gələn yolu aktyorluqdan başlamış, o, 1873-cü ildə "Hacı Qara"nı tamaşaya qoyanda qadın rolu oynamışdır. 1911-ci ildə Nəcəf bəy Vəzirov Mirzə Fətəlinin qəhrəmanlarından biri olaraq teatrda rol almışdır.

Akademik Rafael Hüseynov qeyd edib ki, 1926-cı ilin yayında Nəcəf bəy Vəzirov təcrübə məşğələləri aparmaq üçün tələbələrlə birlikdə Şamaxıya – Çuxuryurda getmiş və iyul ayının 13–də orada ürək çatışmazlığından vəfat etmişdir. Yazıçının cənazəsi Bakıya gətirilmiş və iyulun 13–də dəfn olunmuşdur.

Verilişdə, həmçinin SSRİ Xalq artisti Mirzəağa Əliyevin Nəcəf bəy Vəzirovla tanışlığından, dostluğundan bəhs olunub. Görkəmli dramaturqun tamaşaya qoyulan əsərlərindən fraqmentlər nümayiş etdirilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: