Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

15.03.2024 09:50
  • A-
  • A
  • A+

AMEA-nın alimləri Nizami Gəncəvinin anım gününə həsr olunmuş konfransa qatılıblar

AMEA-nın alimləri Nizami Gəncəvinin anım gününə həsr olunmuş konfransa qatılıblar

Gəncə - Daşkəsən Regional Mədəniyyət İdarəsi, Samux rayon Heydər Əliyev Mərkəzinin təşəbbüsü və Azərbaycan Milli Elmlər Akademiyası Gəncə Bölməsi Nizami Gəncəvi Mərkəzinin, Samux rayon Sərkar kənd Uşaq Musiqi Məktəbinin birgə təşkilatçılığı ilə Azərbaycandan dünyaya doğan əql günəşi ulu Nizami Gəncəvinin anım günü ilə əlaqədar olaraq “Nə qədər şair var, söz var şeir var, dünyada onlardan mənəm yadigar” adlı elmi - bədii konfrans keçirilib.

Öncə Gəncə şəhərində ulu Nizaminin məqbərəsi ziyarət olunub, qəbri üzərinə tər çiçəklər düzülüb. Daha sonra Samux rayon Heydər Əliyev Mərkəzində fəaliyyət göstərən "Könüllü teatr"ın könüllüləri Nizami Gəncəvinin "Xəmsə"sində öz əksini tapmış obrazlardan yeddi gözəl əllərində içərisində Nizami Gəncəvinin hikmətli sözləri olan açıqcalarla qonaqları qarşılayıblar. Mərkəzin ekspozisiya zalında şairin yaradıcılığından hazırlanmış nadir əl işləri olan keramika, zərb etmə nümunələri, həmçinin Gəncə şəhərində Nizami Gəncəvi ünvanlı abidələrdən ibarət foto sərgiyə baxış keçirilib.

Tədbiri Samux rayon Heydər Əliyev Mərkəzinin direktoru Nuranə Həsənova açaraq iştirakçıları salamlayıb ulu Nizami Gəncəvinin söz xəzinəsindən qaynaqlanan konfransın əhəmiyyətini diqqətə çatdırıb.

Sonra AMEA-nın Azad Həmkarlar İttifaqının sədri, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Sənan Həsənov çıxış edərək dahi Nizami Gəncəvinin irsinin öyrənilməsi istiqamətində ölkəmizdə elmi məktəblərin rolundan danışıb, son illər AMEA-da Nizamişünaslığın geniş tədqiqat obyektinə çevrildiyini və AMEA rəhbərliyinin bu sahəyə xüsusi diqqət yetirdiyini vurğulayıb. Bu zəngin irsin öyrənməsində Heydər Əliyev Mərkəzləri ilə əməkdaşlığın rolu diqqətə çatdırılıb.

Daha sonra AMEA-nın A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun əməkdaşı tarix üzrə fəlsəfə doktoru İlham Həsənov çıxış edərək tədbiri Nizami Gəncəvi irsinin  təbliğində mühüm addım adlandırıb və bu istiqamətdə təhlillər aparıb.

Tədbirdə AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Nizamişünaslıq şöbəsinin aparıcı elmi işçisi filologiya üzrə fəlsəfə doktoru, dosent Təhminə Bədəlova Nizami Gəncəvi dühasının elmi mahiyyətini, onun təfəkkür sistemindəki humanizm, bəşərilik, ədalət amillərinin elmi təhlilini önə çəkib. Azərbaycan Milli Elmlər Akademiyası Gəncə Bölməsi Nizami Gəncəvi Mərkəzinin direktoru, filologiya üzrə fəlsəfə doktoru Əlimuxtar Muxtarov Nizami Gəncəvi yaradıcılığının milli mentaletimizə əvəzsiz töhfələrini, bəşəriliklə milliliyin sintezində azərbaycanlı milli kimliyinin dərk olunmasında dahi şəxsiyyətin əsərlərinin əhəmiyyətini geniş təhlil edib. Gəncə Dövlət Tarix Mədəniyyət Qoruğu Nizami Gəncəvi Məqbərə filialının müdiri Gülnarə İsmayılova isə öz çıxışında gənc nəslin vətənpərlik ruhunda tərbiyə olunmasında Nizami Gəncəvi  irsinin mühüm rolunu qeyd edib.

Tədbirdə Samux rayon Heydər Əliyev Mərkəzində yaradılmış "Könüllü teatr"ın 4 illik fəaliyyəti müddətində Nizami Gəncəvinin yaradıcılığına həsr olunmuş və tamaşaçılara təqdim olunmuş səhnələrdən yığılmış videoçarx təqdim edilmişdir. Tədbirin bədii hissəsində Samux rayon Sərkar kənd Uşaq Musiqi Məktəbinin müəllimlərinin ifasında Nizami Gəncəvinin sözlərinə bəstələnmiş klassik musiqilərimizdən İslam Əlizadənin ifasında "Sənsiz", Hüseyn Abdullayevin ifasında "Sevgili canan", həmçinin Fuad Ramazanovun ifasında muğam səsləndirilmiş, eyni zamanda İslam Əlizadə və Göygöl Dövlət rəqs ansamblının solisti Aygün Məsimovanın ifasında "Leyli və Məcnun" operasından səhnəsi canlandırılmışdır.

Tədbirdə Samux rayon Heydər Əliyev Mərkəzinin direktoru Nuranə Həsənova tərəfindən tamamilə parçadan hazırlanmış Nizami Gəncəvinin (14m uzunluğunda) portreti nümayiş etdirilib. Ölkəmizdə və dünyada Nizami Gəncəvinin bu böyüklükdə parçadan portreti yoxdur. Portretin bu hündürlükdə hazırlanmasına səbəb ona olan sonsuz sevgini təcəssüm etdirməkdədir.

Tədbir sonunda açıq mikrafonda bütün tədbir iştirakçıları Nizami Gəncəvinin qəzəllərini və beşlikdə olan əsərlərin hər hansı bir hissəsini səsləndiriblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: