Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

27.03.2024 14:16
  • A-
  • A
  • A+

Şərqşünaslıq İnstitutunda “Elm günü”nə həsr olunmuş tədbir keçirilib

Şərqşünaslıq İnstitutunda “Elm günü”nə həsr olunmuş tədbir keçirilib

AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda 27 mart – Elm gününə həsr olunmuş tədbir keçirilib.

Tədbiri giriş sözü ilə açan AMEA-nın vitse-prezidenti vəzifəsini icra edən Şərqşünaslıq İnstitutunun direktoru, akademik Gövhər Baxşəliyeva bildirib ki, ölkəmizdə elmə böyük diqqət və qayğı göstərən Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 2018-ci il 9 aprel tarixli Sərəncamına əsasən təsis edilən “Elm günü”nün tarixi 1945-ci ildə Azərbaycan Elmlər Akademiyasının yarandığı günə təsadüf edir. Akademik G.Baxşəliyeva qeyd edib ki, ölkəmizdə elmin sürətli inkişafı Azərbaycan Respublikasına rəhbərlik etdiyi həm sovet dövründə, həm də müstəqillik illərində elmə böyük qayğı göstərən Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Gövhər Baxşəliyeva Ulu Öndərin elmə verdiyi yüksək dəyərin göstəricisi olan sözlərini xatırladıb: “Azərbaycan Milli Elmlər Akademiyası xalqımızın milli sərvətidir. Bu sərvəti qoruyub saxlamalıyıq”.

AMEA-nın ötən 79 ildə nailiyyətlərindən bəhs edən akademik G.Baxşəliyeva 66 illik mövcudluğu ərzində elmimizə böyük töhfələr verən Şərqşünaslıq İnstitutunda akademik Əbdülkərim Əlizadənin mətnşünaslıq, akademik Ziya Bünyadovun mediyevistika, akademik Həmid Araslının türkologiya, professor Aida İmanquliyevanın ərəbşünaslıq, professor Rüstəm Əliyevin iranşünaslıq məktəblərinin yarandığını, bu gün institutda çalışanların əksəriyyətinin bu böyük alimlərin bilavasitə şagirdləri və davamçıları olduğunu bildirib.

İnstitutun elmi işlər üzrə direktor müavini filologiya üzrə fəlsəfə doktoru, dosent Ruhəngiz Cümşüdlü Azərbaycanda elmə tarix boyu böyük dəyər verildiyini qeyd edərək, bu gün elmin ən yüksək inkişaf mərhələsinə çatdığını bildirib. R.Cümşüdlü Azərbaycanın ərazi bütövlüyünün bərpa olunmasında elmi innovasiyaların tətbiqinin böyük rol oynadığını vurğulayıb.

Din və ictimai fikir şöbəsinin müdiri fəlsəfə üzrə fəlsəfə doktoru Elnur Mustafayev cəmiyyətin inkişafında elmin rolundan bəhs edərək, qədim tarixi və böyük ənənələri olan Azərbaycan elminin bu gün ölkəmizin hərtərəfli inkişafının hərəkətverici qüvvəsinə çevrildiyini bildirib. Milli dövlətçilik maraqları əsasında inkişaf etdirilən elmin ölkəmizdə daha işıqlı sabahların yaradılmasına yeni güc və qüvvət verdiyini deyən E.Mustafayev son illər ölkədə elmin nüfuzunun yüksəldilməsi, cəmiyyətin inkişafında elmin əhəmiyyətinin artırılması və elmi fəaliyyətin stimullaşdırılması istiqamətində həyata keçirilən dövlət əhəmiyyətli tədbirlərdən danışıb.

Mərkəzi Asiya ölkələri şöbəsinin baş elmi işçisi, siyasi elmlər doktoru, dosent Adil Mirabdullayev Azərbaycan Milli Elmlər Akademiyasının elmin inkişafına çox böyük töhfələr verdiyini qeyd edərək, akademiklər Mir Əsəsdulla Mirqasımov, Yusif Məmmədəliyev, Həsən Abdullayev və digərlərinin xidmətlərindən danışıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: