Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

28.03.2024 09:32
  • A-
  • A
  • A+

Lənkəran Regional Elmi Mərkəzində Elm gününə həsr olunmuş seminar keçirilib

Lənkəran Regional Elmi Mərkəzində Elm gününə həsr olunmuş seminar keçirilib

AMEA-nın Lənkəran Regional Elmi Mərkəzində Elm gününə həsr olunmuş seminar keçirilib.

Seminarı giriş sözü ilə açan Mərkəzin elmi katibi tarix üzrə fəlsəfə doktoru Cəmil Quliyev bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2018-ci il 9 aprel tarixli Sərəncamı ilə Azərbaycanda təsis edilmiş “Elm Günü” dövlətimizin bu sahəyə dəstəyinin daha bir nümunəsidir. Bu günün təsis olunması akademik elmin, ali məktəb elminin və sahə elminin cəmiyyət qarşısındakı hesabatı və bu istiqamətdə gələcək vəzifələrin müəyyənləşdirilməsi baxımından xüsusi əhəmiyyətə malikdir. AMEA-nın keçdiyi 80 ilə yaxın məsuliyyətli və şərəfli inkişaf yolu Azərbaycan elminin çoxəsrlik inkişaf tarixinin xüsusi bir mərhələsidir.

Sonra “Sivilizasiyanın inkişafında elmin rolu” mövzusunda Mərkəzin Elmi işlər üzrə direktor müavini biologiya üzrə fəlsəfə doktoru, dosent Sevinc Hüseynovanın məruzəsi dinlənilib. Məruzəçi vurğulayıb ki, elm müasir cəmiyyətin əsas komponentlərindən biridir. Elmin öyrənilməsi bizim inkişaf və tərəqqimiz üçün böyük əhəmiyyət kəsb edir. Elm hər şeydən əvvəl, ətrafımızdakı dünyanı anlamağa imkan verir və iqtisadiyyatın bir çox sahələrinin inkişafı üçün əsasdır. Ona görə də elmin öyrənilməsi şəxsi inkişafımız və bütün cəmiyyətin tərəqqisi üçün vacibdir.

Məruzə ətrafında müzakirələrdə Mərkəzin Tarix və ədəbiyyat şöbəsinin müdiri Sərraf Talıbov “Bəşər tarixində elm və texnologiyanın rolu”, elmi işçi Nəzrin Əlizadə “Elm və sivilizasiyanın vəhdətinin fəlsəfi panoramı” mövzusunda çıxış edib, rəy və mülahizələrini söyləyiblər.

Seminarda iştirak edən Lənkəran Dövlət Universiteti “Filologiya və ibtidai təhsil” fakültəsinin bir qrup tələbəsinin sualları cavablandırılıb.

Sonda tələbələrlə xatirə şəkli çəkilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

 

  • Paylaş: