Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏQALƏLƏR

21.01.2025 17:03
  • A-
  • A
  • A+

Hüquqi dövlət quruculuğunda etik normalara ictimai-siyasi, fəlsəfi və hüquqi baxış

Hüquqi dövlət quruculuğunda etik normalara ictimai-siyasi, fəlsəfi və hüquqi baxış

Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra demokratik, hüquqi və etik normaları özündə birləşdirən güclü dövlətə ehtiyac duyulurdu. Belə bir zamanda təkcə təcrübə və siyasi elmlərə yiyələnmək və funksiyalarını bilmək kifayət etmirdi, uzun illər bu sahədə çalışan, xalqın etimadını qazanan və ən əsası isə dövlət və dövlətçiliyi dərindən bilən nüfuzlu şəxsiyyətin olması tələb olunurdu. Belə çətin bir dövrdə dinindən, dilindən və milli mənsubiyyətindən asılı olmayaraq bütün insanlar Azadlıq meydanına gələrək Heydər Əliyevin ölkənin rəhbərliyini öz üzərinə götürməsini xahiş etdilər. Çox keçmədi ki, dahi şəxsiyyət yenidən bu böyük və çox çətin məsuliyyəti öz üzərinə götürdü. O, Azərbaycan və azərbaycançılıq ideyalarını birləşdirərək müstəqil Azərbaycan Respublikasının hüquqi dövlətini yaratmaqla yanaşı, həm də ölkəmizi beynəlxalq aləmdə nüfuzu olan və inkişaf edən ölkələr sırasına daxil etdi.

Ulu öndərin rəhbərliyi ilə yaranan hüquqi dövlət və onun etik normalara əsaslanan prinsipləri, həmçinin dövlət, hakimiyyət və hüquqi dövlət anlayışları, bunların arasında olan fərqli aspektlər, hüquqi və əxlaqi dəyərlərin araşdırılması hazırkı dövr üçün olduqca zəruridir. Ölkəmizin davamlı inkişafının nəinki müasir dövrümüzdə və bundan sonra da zaman-zaman öyrənilməsinə ehtiyac vardır. Burada əsas hədəf dahi rəhbərin dövlət quruculuğunda insana, onun şəxsiyyətinə verilən dəyərlərini göstərmək və ən əsası isə hüquqi dövlətdə mövcud olan etik normaları və prinsipləri aydınlaşdırmaq və təhlil etməkdir.

Qeyd etməliyik ki, hər bir insan yaşadığı ölkəni, onun qayda-qanunlarını, bu qayda-qanunların necə yarandığını, hansı qurumlar tərəfindən idarə olduğunu və bunların fəaliyyəti barədə məlumata sahib olmalıdır. Elə bu səbəbdən də insanı daim düşündürən məsələlərdən biri də həyatımızın əsasını təşkil edən hüquq və qanunlardır. Çünki hüquq təkcə ictimaiyyətdə qanunların işlənmə mexanizmi cinayət, mülki və mülki prosessual məcəllə deyil, eyni zamanda insanın ruhuna bağlı olan bütün varlıq aləmini özündə birləşdirən və bu varlıqları müəyyən ölçüyə (qanunlara) tabe edən vahid bir sistemdir. Nəzərə almaq lazımdır ki, əsrlər boyu haqlar təkcə dövrə uyğun olaraq öyrənilməmiş, həm də ictimaiyyətdə tətbiq olunmasına səy göstərilmişdir. Haqların daim zaman və məkana uyğun olaraq etik məsələlərlə birlikdə işlənməsi müstəqil Azərbaycan Respublikasının hüquqi dövlət quruculuğunda da özünü tam olaraq göstərir. Hüquqi dövləti və ona mənsub olan qanunları təhlil edərkən məlum olur ki, Heydər Əliyev hüququn bütün sahələrini əhatə edən normativ aktlara xüsusi diqqət etmiş və daim işlənməsinə zəmin yaratmışdır: "Qanunun aliliyi təmin edilməlidir və hər bir vətəndaş qanuna tabe olmalıdır. Biz öz tərəfimizdən qanunun aliliyini təmin etməyə çalışacağıq və hər bir vətəndaşı qanuna tabe olmağa dəvət edirəm".

Ulu öndərin həyat və fəaliyyətini öyrənərkən diqqəti cəlb edən mühüm və daim təhlil olmasına ehtiyac olan mövzulardan biri də bu böyük şəxsiyyətin Azərbaycan Respublikasının hüquqi dövlət quruculuğunda gördüyü və heç vaxt unudulmayan misilsiz xidmətləridir. Müstəqil və davamlı inkişafa əsaslanan hüquqi dövlət təkcə ictimai-siyasi və hüquqi məsələləri deyil, ən başlıcası əxlaq normalarını əsas tutaraq daim irəliləmişdir. Şübhəsiz ki, dahi şəxsiyyətin hüquqi dövlət quruculuğunda misilsiz siyasəti və xidməti zaman-zaman təhlil olunaraq yeni ictimai-siyasi nəzəriyyənin yaranmasına səbəb olacaq. Çünki bu müdrik insanın elmin bütün sahələrinə aid olan əhatəli fikirlərini oxuduqda, məlum olur ki, bu ifadələr təkcə bu günümüzü deyil, həmçinin gələcək dövrün ictimai-siyasi, mədəni həyatını da əks etdirir. O, hüquqi dövlət quruculuğunda əxlaqi, ictimai və siyasi prinsipləri rəhbər tutaraq, bunların həyatda tətbiqinə nəinki nail olmuş, hətta müstəqil Azərbaycan Respublikasının hüquqi dövlət quruculuğunda bu prinsiplərin təməlini qoymuşdur.

Hüquqi dövlət anlayışı və onun əsas prinsiplərinə gəldikdə isə ilk olaraq dövlətin statusuna diqqət etmək lazımdır. Dövlət hüquqi statusa, yəni xüsusi və müstəqil bir səlahiyyətə malikdir. Çünki ictimaiyyət dövlət nəzarəti altında qərara gəlir, dövlətin müəyyənləşdirdiyi vəzifələri yerinə yetirir və bu mənada ictimaiyyət dövlətin mühüm bir hissəsi hesab olunur. Elə buna görə də dövlətin hüquqi statusundan bəhs edərkən ictimai prinsipləri nəzərdən qaçırmaq olmaz.

Məlum olduğu kimi hər bir insan müstəqil qərar verir və hər hansı bir məsələni yerinə yetirməkdə azad və müstəqil iradəyə əsaslanır. Bundan əlavə, insan haqlara, müxtəlif öhdəliklərə yiyələnir və çalışır ki, onun üçün müəyyən edilmiş normalara söykənsin və təbii ki, o qanunlara doğru hərəkət edir. Amma hüquqi şəxsi fiziki şəxslə müqayisə etsək, hüquqi şəxsin səlahiyyətləri müəyyən həddə əsaslanır. Burada hüquqi şəxs dedikdə dövlət nəzərdə tutulur, yəni dövləti idarə edən şəxs əslində hüquqi səlahiyyətə malik deyil, çünki dövlətin hüquqi səlahiyyəti fiziki şəxslə müqayisədə məhdud hesab olunur. Səbəbi odur ki, dövlətə səlahiyyəti verən şəxsdir, ictimaiyyətdir; əgər ictimaiyyət olmasa dövlət hansı səlahiyyətdən, hüquqdan və hakimiyyətdən danışa bilər? Buna görə də dövlət məfhumunu və onun prinsiplərini təhlil etdikdə, ilk növbədə, ictimai məsələlər önə çəkilməlidir. Burada ictimai məsələlər dedikdə, kütlələrin bir-birinə bağlılığı nəzərdə tutulur. Bu bağlılıqlar arasında xüsusi bir tələbat mövcuddur və həmin tələbat hüquqi-siyasi bir məfhumdur ki, bunun vasitəsilə insanlar bir-birilərinin ətrafında toplaşaraq müəyyən bir qurum yaradırlar; yəni insan təbii varlıq olduğu üçün bəzən ətrafda baş verənləri təbii olaraq qəbul etmək istəyir. Onun təbiətindən yaranan bu istək onu digər insanlarla qarşılaşdırır. Belə olan halda bu istəklər daha da genişlənərək böyük bir toplunun yaranmasına səbəb olur. Bu kütlələrin iradəsi və istəyi müəyyən bir qurumun yaranmasına təkan verir və bu həmin hüquqi qurumdur ki, bu gün biz onu dövlət adlandırırıq.

Hüquq elmində, dövlət və hüquq nəzəriyyəsində hüquqi dövlət anlayışı və onun prinsipləri adətən vətəndaşın hüquq və azadlıqlarını ifadə edən sistem kimi göstərilir. Təbii ki, hüquqi dövlətdə hər bir vətəndaşın hüquq və azadlıqlar təmin olur. Amma bir az da dərindən düşünsək məlum olar ki, hüquqi dövlət dedikdə burada təkcə vətəndaşın hüquq və azadlıqlarının təmin olunması deyil, bütün hallarda insan və dövlət arasında olan qarşılıqlı münasibətlər sistemi nəzərdə tutulur. Eyni zamanda hüquq və dövlət geniş və əhatəli məfhum olaraq, həm də dövlət və hakimiyyətin hərtərəfli, əhatəli fəaliyyət sistemidir. Məlum olur ki, dövlət və qanunun mövcudluğu cəmiyyətdə tutduğu dərəcə ilə müəyyənləşir və dövlətin mövcudluğu təkcə adına deyil, əsas funksiyasına görədir. Dövlətin hər bir qərarı hüquqa, etik normaya uyğun olmalıdır və bunlardan kənar hər hansı bir əmr hədəfə çata bilməz. Daha aydın desək, dövlət hüquqi, ictimai-siyasi bir məfhum olaraq, ölkənin etik dəyərlərini əks etdirir və bu dəyərlər həm dövlətin ictimai-siyasi fəaliyyətində və həm də normativ aktlarda mövcuddur. Normativ aktların etik prinsiplərə əsaslanması müstəqil Azərbaycan Respublikasının hüquqi dövlət quruculuğunda özünü daha çox göstərir.

Dövlətlə bağlı olan prinsipləri təhlil edərkən, Azərbaycan Respublikasının əsaslandığı hüquqi dövlətə, onun xüsusiyyətlərinə və funksiyalarına diqqət etmək zəruridir. 1991-ci ilin 18 oktyabrında Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra demokratik, hüquqi və etik normalara əsaslanan hüquqi dövlətin yaranması qarşıya məqsəd qoydu. Amma unutmaq olmaz ki, Müstəqil Azərbaycan Respublikasında mövcud olan hüquqi dövlətin yaranması heç də asan olmamışdır. Məlum olduğu kimi, Azərbaycan müstəqilliyin ilk illərində tarixin mürəkkəb və gərgin dövrlərini yaşamışdır. Məhz belə bir çətin şəraitdə təcrübəli, ictimai-siyasi məsələləri dərindən dərk edən, dövlətçilik-dövlət quruculuğunu bilən, nəhəng bir şəxsiyyətə ehtiyac duyulurdu. Şübhəsiz ki, şəxsiyyət Heydər Əliyev idi. Belə bir zamanda dahi rəhbərin apardığı hərtərəfli, davamlı və uğurlu siyasətin nəticəsində Azərbaycan Respublikasının dövlət və hakimiyyəti yeni və müasir tələblərə cavab verən ictimai-siyasi bir qurum kimi təsdiqləndi. Təbii ki, uzun illərdir ki, ölkəmizdə hüquqi, demokratik dövlət quruculuğu prosesi davam edir. 1995-ci ildə Konstitusiyanın qəbul edilməsi ilə məhkəmə-hüquq sisteminin ilk mərhələsi yaranmışdır. Hüquqi, demokratik və dünyəvi dövlətin əsaslarını yaratmaq məqsədilə ulu öndərin rəhbərliyi ilə müstəqil Azərbaycanın ilk Konstitusiyası hazırlanmış və 1995-ci il noyabr ayının 12-də referendumda xalq tərəfindən qəbul edilmişdir.

Dahi rəhbər Heydər Əliyevin əsasını qoyduğu hüquqi dövlət ədaləti, vicdanı, azadlığı, bərabərliyi, qarşılıqlı əlaqəni, hüquq və etik normaları rəhbər tutur. Bu təkcə siyasi və dövlətin vəzifələrini yerinə yetirən təşkilat deyil, ən əsası ictimai və hər bir qərarında əxlaq normalarını önə çəkən, ona söykənən, insanların iradəsini ifadə edən ümumi milli bir təşkilatdır. Burada ümumi milli dedikdə, təkcə vətəndaşların tələb və arzuları nəzərdə tutulmur, həm də bütün hallarda insanların tarixi kökləri, milli dəyərləri, adət və ənənələri, bu adət və ənənələrin öyrənilməsi, tətbiq olunması nəzərdə tutulur. Milli ideologiyaya elmi əsaslarla yiyələnmək hər bir insanın mənəvi tələbidir. Ulu öndər bu barədə demişdir: "Milli ideologiyamız mənəvi sərvətimizdir. Azərbaycan dövlətinin milli ideologiyasının özəyini, əsasını təşkil edən azərbaycançılıqdır. Dövlətçilik, milli-mənəvi dəyərlər - bunlar hamısı azərbaycançılıq anlayışının tərkib hissəsidir".

Nəzərə almaq lazımdır ki, hüquqi dövlətin digər dövlətlərdən üstünlükləri təkcə bununla bitmir, hüquqi dövlətdə etik normalar daha çox özünü göstərir. Çünki hüquqi dövlətdə hər hansı bir qanun, siyasi qərar və ya fəaliyyət proqramı qəbul olunarkən insan amilinə xüsusi diqqət olur. Hüquqi dövlətin yaranmasında əsas məqsəd vətəndaşların hüquq və azadlıqlarını reallaşdırması və müstəqil olaraq fəaliyyət göstərmələridir; yəni burada əsas məqsəd insan azadlığının qazanmasıdır. Bəzən digər dövlətlərin konstitusiyalarında insan hüquq və azadlıqları barədə geniş bəhs olunur və buna çox yer verilir. Bu cür səthi xarakterli yanaşmalar və hüquqi sənədlərin mövcudluğu hələ ölkədə hüquqi dövlətin yaranması demək deyil. Hətta qayda-qanunlara ciddi riayət edən dövlətlər belə hüquqi hesab olunmur; yəni qanuna əsaslanmaq hüquqi dövlət qurmaq demək deyil, hər şeydən əvvəl qanun özü-özlüyündə humanist olmalı, bütün kateqoriyalarda insanın hüquq və azadlıqlarını təmin etməli və onun ictimaiyyətdə reallaşdırılmasına xidmət göstərməlidir. Amma əgər verilən bəyanat yalnız kağız üzərində olsa, dövlət bunun real həyatda tətbiqinə diqqət ayırmasa və bu maddənin tələblərinin yerinə yetirilməsi üçün iradə nümayiş etdirməsə, onda hüquqi dövlətdən söhbət belə gedə bilməz. Hüquqi dövlətin əsas hədəfi insan faktoru və insan haqlarının bütün hallarda tətbiq olunması və qorunmasıdır. Bu barədə Azərbaycan Respublikasının Konstitusiyasının 12-ci maddəsində oxuyuruq: İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir.

Diqqət etmək lazımdır ki, konstitusiyada göstərilən maddə adi bir bəyanat deyil, burada hər hansı bir maddənin tələblərinin yerinə yetirilməsində yüksək iradə tələb olunur. Hüquqi dövlətdə hakimiyyət orqanlarının, vəzifəli şəxslərin fəaliyyətləri insanların bütün təbəqələrinin maddi və mənəvi həyatının yaxşılaşdırılmasına istiqamətlənir. İnsan ona mənsub olan haqları öyrənməli və bu imtiyazlardan istifadə etməlidir. Dövlət səlahiyyəti çərçivəsində ondan asılı olan hər bir şeyi vətəndaşı üçün yerinə yetirməli və konstitusiyada təsbit olunan maddəni gerçəkləşdirməlidir: Bizim konstitusiyamız xalqın konstitusiyasıdır. Konstitusiya birinci növbədə dövlətlə, hakimiyyətlə xalqın arasında olan münasibətləri özündə əks etdirməlidir.

Təbii ki, hər hansı bir maddənin gerçəkləşməsində təkcə dövlət deyil, vətəndaşın da dövlətlə qarşılıqlı əlaqəsi olduqca zəruridir. Dövlət vətəndaşının təminatçısı olduğu kimi, vətəndaş da bir sıra öhdəliklərin yerinə yetirilməsində bocludur və bunun üçün ciddi məsuliyyət daşıyır. Azərbaycan Respublikasının vətəndaşı olan hər bir insan, hər bir gənc ölkəsinə, dövlətinə onun təsbit etdiyi bütün qanun və qərarlarına hörmətlə yanaşmalı, kənar qüvvələrin təsirinə düşməməli, dövlətini onun bütün simvollarını, həm daxildə və həm də xaricdə üstün tutmalıdır. Bu, vətəndaşın mənsub olduğu ölkəsi və dövləti qarşısında ən mühüm vəzifəsidir: Gəncliyimizin mətanətli, qüdrətli, məqsədyönlü xarakteri onların vətən məhəbbətində, əməyə vicdanlı münasibətlərində və xalqın düşmənlərinə qarşı barışmazlığına təcəssümünü tapır.

Hüquqi dövlətin əsas və mühüm xüsusiyyətlərindən biri də iqtisadiyyatla bağlıdır. Burada dövlətin əsas fəaliyyətindən biri insanların sosial vəziyyətinin, onların rifah halının yaxşılaşdırılmasıdır. Hüquqi dövlətin siyasəti hər şeydən əvvəl insanların sosial problemlərinin həll olunmasına yönəlmişdir. Sosial problemləri həll edən dövlət cəmiyyətin hər bir ləyaqətli üzvünün inkişafını təmin etmiş olur. Ulu öndər hüquqi dövlət quruculuğunda təkcə vətəndaşın hüquq və azadlıqlarının təmin olunmasını deyil, ən əsası vətəndaş və onun bütün tələblərini, sosial ehtiyaclarını və istəklərini nəzərə alaraq, əxlaqi və siyasi prinsipləri önə çəkmiş və bütün hallarda buna riayət olunmasını tələb etmişdir: Bir dövlət olaraq, hökumət olaraq biz xalqımızın, millətimizin, vətəndaşlarımızın sosial tələblərini təmin etməliyik.

Hüquqi dövlətin etik prinsiplərindən bəhs edərkən burada dövlət və vətəndaş arasında olan qarşılıqlı münasibəti və əlaqəni nəzərdən qaçırmamalıyıq. Bu inkar edilməzdir ki, dövlət leqal güc tətbiq etmək imkanlarına sahib olan yeganə təşkilat olmaqla yanaşı, həm də vətəndaşla qarşılıqlı münasibətdə üstünlüyə sahibdir. Amma hüquqi dövlətdə bu fərq aradan qalxır; yəni hüquqi dövlətdə vətəndaşlar yüksək vətəndaşlıq mövqeyinə nail olaraq, daha çox müstəqilliyə sahib olur. Hüquqi dövlətin digər bir üstün cəhəti də ondan ibarətdir ki, burada vətəndaşın dövlət orqanlarının qanunsuz işinə münasibətdə iddia irəli sürmək üçün real imkanı təmin olunur və hüquqi dövlətin vətəndaşı olan hər bir fərd dövlət işlərində müstəqil iştirak etmək hüququna malikdir və dövlətin idarə olunmasında vətəndaşın iştirakı vacibdir: Hər bir şəxs Konstitusiya və qanunlara dönmədən əməl etməli, ondan irəli gələn dövlət və cəmiyyət qarşısında vəzifələri layiqincə yerinə yetirməli, ölkəmizdə gedən demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesində yaxından iştirak etməlidir. Dahi rəhbərin fikirlərini oxuduqda məlum olur ki, hüquqi dövlət və onun etik normalara əsaslanan prinsipləri hər hansı bir insanın yaşadığı məkandan asılı olmayaraq mütəmadi və mükəmməl şəkildə qanunun aliliyini qəbul etməsi deməkdir.

Bu mövzuda mühüm məsələlərdən biri də hüquqi dövlətdə ədliyyə sistemidir. Hüquqi dövlətin yaranmasında ədliyyə sisteminin formalaşması mühüm şərtdir; yəni güclü ədliyyə sistemi olan dövlətdə vətəndaşların hüquq və azadlıqları, qanun qarşısında bərabərliyi, icrası və etibarlı təmin olunur. Ulu öndər Azərbaycana rəhbərlik etdiyi dövrdə Ədliyyə Nazirliyinin fəaliyyəti yenidən təşkil olunmuş və Azərbaycan ədliyyəsi tarixində yeni mərhələ başlamış, ədliyyə işi təkmilləşdirilərək gələcək inkişafı üçün əlverişli şərait yaradılmışdır. Bu addımın atılmasında məqsəd məhkəmə qərarlarının icrası sistemini təkmilləşdirmək, cəza və tərbiyə işini humanistləşdirmək, ən əsası isə insan hüquqlarının, azadlıqlarının gözlənilməsini təmin etmək idi: Respublikamızda hüquqi dövlət qurulması demokratik, sivilizasiyalı cəmiyyət yaradılması, insan azadlığının, söz, vicdan azadlığının, müasir plüralizmin təmin edilməsi, çoxpartiyalı sistemin bərqərar olması bizim əvvəldən qəbul etdiyimiz prinsiplərdir. Məhz ümummilli liderin başlatdığı köklü islahatların nəticəsidir ki, müasir Azərbaycan ədliyyəsinin inkişafı davamlı prosesə çevrilmiş, onun təməlini qoyduğu hüquqi islahatlar bu gün ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilir.

Cənab Prezident İlham Əliyevin hüquqi dövlət və demokratiya quruculuğunda, ölkədə vətəndaş cəmiyyətinin formalaşmasında öz baxışı, yəni özünə xas yanaşma və tətbiq etmək tərzi vardır. O, ölkənin hərtərəfli tərəqqisini dövlət və ictimaiyyət arasında vəhdətdə görür. Cənab Prezident hər bir çıxışında ölkəmizdə hüquqi, demokratik dövlət quruculuğunun mövcudluğunu, bunun ali məqsəd olduğunu diqqətə çatdırır: "Azərbaycanda demokratik cəmiyyətin, hüquqi dövlətin yaranması bizim başlıca məqsədimizdir. Harada tərəqqi, inkişaf varsa, o yerdə demokratik cəmiyyət mövcuddur. Bu gün Azərbaycanda bütün azadlıqlar mövcuddur. Ancaq, eyni zamanda qanun-qayda da var. Azərbaycanda Konstitusiyada təsbit olunmuş bütün azadlıqlar, hüquqlar qorunur. Eyni zamanda hər bir vətəndaş da məsuliyyətini hiss etməlidir".

Nəticə olaraq qeyd etmək lazımdır ki, hüquqi dövlətin əsaslandığı mühüm məsələ insan və ona verilən dəyərlərin real həyatda tətbiqidir. Hüquqi dövlətin əsaslandığı etik normalar və prinsiplər hüququn bütün sahələrini əhatə etmişdir; hüquq və etika arasında qarşılıqlı əlaqə həm dövlətə, həm də ictimai münasibətlərə təsir edir. Ulu öndərin başlıca məqsədi hüquqi dövlət yaratmaqdan əlavə, həm də Azərbaycanın insan haqlarına tam olaraq cavab verə bilən və etik normalara əsaslanan konstitusiyasını dünyaya tanıtdırmaq idi. Çünki Azərbaycan dövlət qanunvericiliyi hər addımında insan haqlarına, qanunun aliliyinə diqqət etmiş, bütün hallarda haqların və qanunun müqəddəsliyini həm nəzəriyyədə, həm də əməldə qorumuşdur. Hüquqi dövlətin əsasını təşkil edən qanunların hər bir maddəsi, bəndi əxlaqi-mənəvi dəyərlərə söykənir: ədalət, vicdan, bərabərlik, azadlıq və digər humanist keyfiyyətlər müstəqil Azərbaycan Respublikasının bütün qanunlarında təsbit olunmuşdur. Etik normalara əsaslanan Azərbaycan qanunvericiliyi hər bir qərarında bu normalara riayət etməyi nəinki qarşıya məqsəd qoyub, hətta yerindəcə tətbiq olunmasına ciddi əmrlər vermişdir. Etik normaların mövcudluğunda, davamlı inkişafında təbii ki, insan və dövlət, dövlət və ictimaiyyətin vəhdəti əsas şərtlərdən biridir. Dahi rəhbərin əsas hədəflərindən biri bu idi ki, insan dövlətə yaxın olsun; yəni dövlət və ictimaiyyət arasında bağlılıq yaransın: Ulu öndərin çıxışlarının birində dərin məna kəsb edən - "xalq dövlət üçün yox, dövlət xalq üçün olmalıdır" tarixi cümləsi məhz bu mənaya dəlalət edir.

Əntiqə PAŞAYEVA, AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun Heydər Əliyevin siyasi irsi və azərbaycançılıq fəlsəfəsi şöbəsinin aparıcı elmi işçisi, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent.

“Respublika” qəzeti

  • Paylaş: