Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

28.03.2024 10:22
  • A-
  • A
  • A+

Naxçıvan Bölməsində Elm günü qeyd olunub

Naxçıvan Bölməsində Elm günü qeyd olunub

AMEA-nın Naxçıvan Bölməsində 27 Mart - Elm günü münasibətilə “Naxçıvanın elm məbədi: AMEA Naxçıvan Bölməsi” mövzusunda elmi konfrans keçirilib.

Bölmənin kollektivi əvvəlcə Ümummilli Lider Heydər Əliyevin Naxçıvan şəhərindəki abidəsini ziyarət edib abidə önünə gül dəstəsi qoyub, Ulu Öndərin xatirəsinə ehtiramlarını bildirib.

Konfransı giriş sözü ilə Bölmənin sədri akademik İsmayıl Hacıyev açıb.

Elm gününün Azərbaycan Respublikası Prezidentinin 9 aprel 2018-ci il tarixli Sərəncamı ilə təsis olunduğunu qeyd edən akademik elmin cəmiyyətin inkişafındakı rolundan danışıb. Elmimizin Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyətindən başlayaraq günümüzədək keçdiyi sistemli inkişaf yoluna nəzər salıb, 27 mart 1945-ci ildə əsası qoyulan Azərbaycan Elmlər Akademiyasının elmin inkişafına bəxş etdiyi töhfələrdən söz açıb. Elm gününün təsis olunmasını Azərbaycan elminə və elmi ictimaiyyətinə göstərilən diqqət və qayğının təzahürü kimi qiymətləndirib. Bu əlamətdar günün məhz 27 mart tarixində qeyd olunmasının alim və tədqiqatçılar üçün böyük məna kəsb etdiyini dilə gətirib.

Azərbaycan Milli Elmlər Akademiyasının 79 illik fəaliyyəti barədə ümumi məlumat verən Bölmə sədri bildirib ki, ötən əsrin 70-80-ci illəri bu elm məbədinin qızıl dövrü kimi xarakterizə olunur. Bu isə Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. İsmayıl Hacıyev çıxışı zamanı AMEA-nın müstəqillik illərindəki fəaliyyətinə nəzər salıb. Qeyd edib ki, 2001-ci ildə Ümummilli Liderin imzaladığı xüsusi Sərəncamla Azərbaycan Elmlər Akademiyasına “Milli” statusunun verilməsi, 2016-cı ildə “Elm haqqında Azərbaycan Respublikası Qanunu”nun qəbul olunması, Azərbaycan Respublikası Prezidentinin 9 aprel 2018-ci il tarixli Sərəncamı ilə 27 mart tarixinin “Elm Günü” kimi təsis edilməsi, eləcə də elm sahəsində aparılan islahatlar elmə, elm adamlarına göstərilən diqqətin təzahürüdür.

İsmayıl Hacıyev çıxışının sonunda kollektivi Elm günü münasibətilə təbrik edib.

Daha sonra AMEA Naxçıvan Bölməsi Elm və təhsil şöbəsinin müdiri, aqrar elmlər üzrə fəlsəfə doktoru, dosent Orxan Bağırov “AMEA Naxçıvan Bölməsinin yaradılması və fəaliyyəti” mövzusunda məruzə edib.

Məruzəçi bildirib ki, Ulu Öndər Heydər Əliyevin 7 avqust 2002-ci il tarixli Sərəncamı ilə yaradılmış AMEA Naxçıvan Bölməsi fəaliyyəti dövründə Naxçıvanın tarixi, mədəniyyəti, təbii sərvətləri və başqa sahələrinin əhatəli öyrənilməsinə xidmət etmişdir. Muxtar respublikada aparılan elm siyasətinin aparıcı qüvvəsi kimi Azərbaycan elmini yeni-yeni nəticələrlə zənginləşdirmiş, elmi potensialdan səmərəli istifadə sayəsində Naxçıvan hərtərəfli tədqiq olunmuşdur. 2 cilddə “Naxçıvan Ensiklopediyası”, “Naxçıvan abidələri ensiklopediyası”, “Naxçıvan tarixi atlası”, 3 cilddə “Naxçıvan tarixi”, “Naxçıvan teatrının salnaməsi”, “Dədə Qorqud yurdu-Naxçıvan” tarixi-coğrafi və etnoqrafik atlası və başqa fundamental nəşrlər işıq üzü görmüşdür.

Orxan Bağırov AMEA Naxçıvan Bölməsinin fəaliyyəti dövründə nəşr olunan əsərlərin statistik göstəriciləri, keçirilən beynəlxalq səviyyəli elm tədbirləri, beynəlxalq arxeoloji ekspediyalar və əldə olunan elmi nəticələr barədə məlumat verib, elm siyasətinin muxtar respublikada uğurlu icrasından danışıb.

Məruzədən sonra çıxış edən AMEA-nın müxbir üzvləri Əbülfəz Quliyev, Vəli Baxşəliyev və filologiya elmləri doktoru Fərman Xəlilov rəhbərlik etdikləri elmi-tədqiqat müəssisələrinin fəaliyyətindən, əldə olunan elmi yeniliklərdən bəhs edərək, ölkə elmi ictimaiyyətinə Elm günü münasibətilə təbriklərini çatdırıblar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: