Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

29.03.2024 16:30
  • A-
  • A
  • A+

“Azərbaycanlılara qarşı soyqırımı siyasəti: səbəbləri və nəticələri” mövzusunda konfrans keçirilib

“Azərbaycanlılara qarşı soyqırımı siyasəti: səbəbləri və nəticələri” mövzusunda konfrans keçirilib

AMEA-nın Naxçıvan Bölməsində 31 Mart – Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş elmi konfrans keçirilib.

“Azərbaycanlılara qarşı soyqırımı siyasəti: səbəbləri və nəticələri” adlı konfransı giriş sözü ilə AMEA-nın Naxçıvan Bölməsinin sədri akademik İsmayıl Hacıyev açıb.

İsmayıl Hacıyev ermənilərin tarixi torpaqlarımıza köçürülməsi ilə alovlanan “Böyük Ermənistan” xülyasını gerçəkləşdirmək arzusundan, ərazi iddialarını həyata keçirmək üçün xalqımıza qarşı yürütdükləri soyqırımı və deportasiya siyasətindən danışıb. XX yüzillikdə Azərbaycan xalqına qarşı törətdikləri çoxsaylı misli görünməmiş kütləvi qırğınları diqqətə çatdıran bölmə sədri bildirib ki, 1918-ci il soyqırımı ərazisinə və səbəb olduğu insan tələfatına görə xalqımıza qarşı törədilmiş ən qanlı cinayətdir. Bədxahlar Azərbaycanın Bakı, Quba, Naxçıvan, Lənkəran və başqa bölgələrində törətdikləri qırğınlarla öz vəhşi xislətlərini sübut etmiş, təkcə qətliamlarla deyil, azərbaycanlıları öz yurd-yuvalarından didərgin salaraq arzularına çatmağa çalışmışlar.

Akademik qeyd edib ki, 31 mart tarixi Azərbaycan Xalq Cümhuriyyəti dövründə 2 dəfə qeyd olunmuş, Cümhuriyyətin süqutundan sonra sovet hakimiyyəti tərəfindən təhrif olunaraq unutdurulmuşdur. Yalnız Ulu Öndər Heydər Əliyev 1998-ci il 26 mart tarixli “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanı ilə bu soyqırıma hüquqi-siyasi qiymət vermişdir. Fərmanın imzalanmasından sonra çox sayda kitab və monoqrafiyalar işıq üzü görmüş, Azərbaycan, Türkiyə və Rusiya arxivlərindən soyqırımı ilə bağlı toplanan materiallar külliyyatı nəşr olunmuşdur.

“XX əsrin əvvəllərində azərbaycanlılara qarşı törədilən soyqırımı cinayətləri və onların mahiyyəti” mövzusunda məruzə edən Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun elmi katibi, tarix üzrə fəlsəfə doktoru Yaşar Rəhimov XIX əsrindən sonlarında təşkilatlanmağa başlayan erməni terror qruplaşmalarının Anadoluda və Qafqazda həyata keçirdikləri qırğınlardan, soyqırımlardan təfsilatlı bəhs edib. Havadarlarının dəstəyi ilə öz ərazi iddialarını gerçəkləşdirmək naminə xalqımıza qarşı törədilən insanlıqdan kənar cinayətlərdən, deportasiya fəaliyyətindən danışıb. 1905-1907, 1918-1920-ci illər qırğınlarının, 1948-1953-cü illər deportasiyasının ağır nəticələrini diqqətə çatdırıb, ermənilərin ötən əsrdə Azərbaycanda demoqrafik vəziyyəti süni şəkildə dəyişdirmək siyasətindən söz açıb. Dünya alimlərinin, analitiklərin ermənilərin məkrli siyasəti və qanlı ideologiyası, habelə azərbaycanlıların soyqırımı ilə bağlı fikirlərini konfrans iştirakçılarının diqqətinə çatdırıb.

İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun elmi işlər üzrə direktor müavini filologiya üzrə fəlsəfə doktoru, dosent Elxan Məmmədov “31 Mart soyqırımının bədii əksi” mövzulu məruzəsində azərbaycanlıları tarixi torpaqlarından çıxarmağa, sırf etnik mənsubiyyətinə görə yer üzündən silməyə çalışan ermənilərin bədii obrazının, törətdikləri cinayətlərin milli təfəkkürdə, ədəbiyyatda əksi məsələsini təhlil edib.

Lev Vaysenberq, Erik Fayql və başqalarının əsərlərində erməni vandalizminin təsvirindən danışan alim Azərbaycan ədəbiyyatında bu mövzuya toxunmuş yazıçı və şairlərin, xalq aşıqlarının yaradıcılığından nümunələr gətirib. Q.Səid, H.Cavid, M.Hadi, C.Cabbarlı, F.Kərimzadə, F.Fərəcov, A.Həsənoğlu, İ.Yusifoğlu, G.Məmmədova və başqalarının yaradıcılığı əsasında soyqırımı məsələsinin bədii ədəbiyyatımızda təsviri probleminə diqqət çəkib. Məruzənin sonunda A.Kaveliusun “Leyla” əsəri ilə G.Məmmədovanın “Qan içində işıq” romanı arasında paralellər aparıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: