Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

29.03.2024 17:10
  • A-
  • A
  • A+

Tarix və Etnologiya İnstitutunda 31 Mart - Azərbaycanlıların Soyqırımı gününə həsr olunmuş konfrans keçirilib

Tarix və Etnologiya İnstitutunda 31 Mart - Azərbaycanlıların Soyqırımı gününə həsr olunmuş konfrans keçirilib

Azərbaycan Milli Elmlər Akademiyası A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunda 31 Mart - Azərbaycanlıların Soyqırımı gününə həsr olunmuş konfrans keçirilib.

Konfransı giriş sözü ilə açan institutun elmi işlər üzrə direktor müavini tarix elmləri doktoru İlqar Niftəliyev bildirib ki, daşnak-bolşevik terror dəstələrinin Azərbaycan xalqına qarşı törətdiyi soyqırımından 106 il keçir. 1918-ci ilin mart-aprel aylarında Bakı quberniyası ərazisində daşnak-bolşevik silahlı dəstələrinin xüsusi qəddarlıqla törətdiyi kütləvi qırğınlarda 50 mindən çox soydaşımız qətlə yetirilib, tarixi mədəniyyət abidələrimiz və məscidlərimiz dağıdılıb.

Azərbaycan Cümhuriyyəti tarixi şöbəsinin müdiri t.ü.f.d., dosent Kamran İsmayılov soyqrımı dəhşətlərindən, səbəbləri və əhatə etdiyi coğrafiyadan danışıb. Azərbaycan Xalq Cümhuriyyəti qurulduqdan sonra da erməni daşnak terror dəstələrinin törətdikləri qətliamların Qarabağ, Zəngəzur, Vedibasar, Zəngibasar və digər bölgələrdə davam etdiyini bildirib, azərbaycanlıların üzləşdiyi soyqırımı faciəsinin xalqımızın qan yaddaşından heç zaman silinməyəcəyini vurğulayıb.

“Mart soyqırımı ərəfəsində Bakıda ictimai-siyasi vəziyyət və bolşevik-daşnak alyansının formalaşması” adlı məruzə ilə çıxış edən Azərbaycan Cümhuriyyəti tarixi şöbəsinin böyük elmi işçisi Aygün Əzimova söyləyib ki, 1918-ci ilin əvvəlində Azərbaycan milli qüvvələrinin muxtariyyət arzusunun reallaşması üçün Bakıda möhkəmlənmək əsas şərt olduğu kimi, Qafqazı əldə saxlamaq istəyən bolşeviklər üçün də bu vacib idi. Bakıda idarəçiliyi ələ alan bolşeviklər öz hakimiyyətlərini yaya bilmək üçün Azərbaycan milli qüvvələrini məhv etməyi nəzərdə tuturdular. Bolşeviklərə görə, bununla Bakı Sovetinin Şimali Qafqazda gedən mübarizəyə qarışacağı təqdirdə arxadan - Azərbaycan milli qüvvələri tərəfindən yaranan təhlükə aradan qaldırılmalı idi. Ümumən, mart soyqırımından öncə Bakıda bolşevik və daşnak alyansının ortaya çıxmasını reallaşdıran əsas amillər Azərbaycan milli demokratik hərəkatının güclənməsi və Osmanlı faktoru idi. Bu zaman Bakıda çoxsaylı erməni hərbi qüvvələrinin toplanması bolşevikləri daşnaklardan asılı vəziyyətə salırdı. Şaumyanın siyasi mövqeyi və ambisiyaları, tərəflər arasında nüfuzu isə subyektiv amil olaraq bolşevik-daşnak alyansına təminat verirdi.

Azərbaycan Cümhuriyyəti tarixi şöbəsinin aparıcı elmi işçisi t.ü.f.d., dosent Mübariz Ağalarlı “Türk dünyasında soyqırımlar və onların  nəticələri” adlı məruzə ilə çıxış edib. Alim bildirib ki, XX əsrin əvvəllərindən etibarən çar Rusiyası və onun varisi olan bolşevik Rusiyasının işğalında olan türk bölgələrində həyata keçirilən müstəmləkəçilik siyasəti nəticəsində türk dövlətçilik sisteminə, etno-siyasi təsisatlarına, sosial-mədəni həyatına qarşı bir soyqırımı siyasəti həyata keçirilib. Xüsusilə də XX əsrin əvvəllərində Rusiya imperiyasında baş verən siyasi, inqilabi dəyişikliklər imperiya tərkibində yaşayan türk xalqlarında da milli oyanışa səbəb olub, çar Rusiyasına qarşı milli azadlıq hərəkatına çevrilib. Arxiv sənədlərinə istinadən qeyd etmək olar ki, 1914-1921-ci ilin əvvəllərinə kimi ermənilər Qars və Ərdahanda 30.000 əliyalın türk əhalini məhv ediblər. Rəsmi arxiv sənədlərinin verdiyi məlumatlara görə, bu cür cinayətləri ermənilər Mərkəzi Asiyanın  türk əhalisinə  qarşı da törədiblər. 1918-1919-ci illərdə  Fərqanə vadisində 180 yaşayış məntəqəsi əhalisi ilə birlikdə yandırılıb. Kokandda 3 günə 10 000, Mərgilanda 7000, Əndicanda 6000, Namanqanda 2000, Kokand yaxınlığındakı Bazarkurqanda 4500, Oşda 2000, Çustda 1500 insan vəhşicəsinə qətlə yetirilib və cinayətin izini itirmık məqsədi ilə daşnaklar bütün meyidləri yandırıblar. Üç ay ərzində Fərqanə vadisində erməni daşnakları tərəfindən 35 000 nəfər qətlə yetirilib. 10 il davam edən bolşevik terroru nəticəsində isə Türküstanda 1 milyon 700 min nəfər günahsız insan vəhşicəsinə məhv edilib: “Ümumiyyətlə, ürək ağrısı ilə qeyd etmək lazımdır ki, ortaq dil, dünyagörüş, mədəni və mənəvi dəyərlərlə bir-birinə bağlanan türk xalqlarını, təəssüflər olsun ki, eyni zamanda ortaq faciə - türk xalqlarına qarşı soyqırım faciəsi də birləşdirir. Xüsusilə də, XX əsrdə çar Rusiyası və bu imperiyanın siyasi varisi olan sovet Rusiyası, zaman-zaman hərbi-siyasi alət kimi istifadə etdikləri erməni ünsürləri ilə birlikdə milyonlarla türk-müsəlman əhalisini qətlə yetirərək soyqırım siyasəti həyata keçiriblər”.

Tədbirdə mövzu ilə bağlı geniş müzakirə aparılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: