Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

29.03.2024 17:25
  • A-
  • A
  • A+

AMEA-nın Şəki Regional Elmi Mərkəzində Elm Günü qeyd edilib

AMEA-nın Şəki Regional Elmi Mərkəzində Elm Günü qeyd edilib

AMEA-nın Şəki Regional Elmi Mərkəzinin (REM) təşkilatçılığı ilə Şəki şəhərindəki Heydər Əliyev Mərkəzində 27 mart – Elm Gününə həsr edilmiş hesabat xarakterli elmi-praktiki konfrans keçirilib.

Tədbirdə Şəki REM-in əməkdaşları, Şəki Şəhər İcra Hakimiyyətinin, Şəki-Zaqatala Regional Təhsil İdarəsinin, Yeni Azərbaycan Partiyası Şəki rayon təşkilatının, Şəki Bələdiyyəsinin nümayəndələri, eləcə də ADPU-nun Şəki filialının, Şəki fizika-riyaziyyat təmayüllü liseyin və Şəki kimya-biologiya təmaüllü liseyin müəllim-tələbə heyəti iştirak edib.

Öncə Ulu Öndər Heydər Əliyevin abidəsi önünə tər güllər qoyulub.

Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra Ümummilli Lider Heydər Əliyev və Vətənimizin bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Konfransı giriş sözü ilə açan Şəki REM-in direktoru fiz.ü.f.d., dos. Yusif Şükürlü Elm günü münasibətilə elmi ictimaiyyətə təbrik edib. O, Ulu Öndər Heydər Əliyevin respublikada rəhbərlikdə olduğu bütün dövrlərdə Azərbaycan elminə və elm adamlarına göstərdiyi qayğı və dəstəkdən danışıb. Bildirib ki, Heydər Əliyev Elmlər Akademiyasının, bütövlükdə Azərbaycan elminin böyük hamisi idi. Dahi lider elmə, alimə həmişə yüksək qiymət verirdi. Bu elm ocağının yeni yüksəlişi də məhz Heydər Əliyevin adı ilə bağlı idi. 70-ci illərdə akademiya onun böyük təşkilatçılıq istedadı nəticəsində dünyada şöhrət qazanıb, özünün kadr potensialını yaradıb. Yusif Şükürlü bu siyasətin hazırda da onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən davam etməkdə olduğunu vurğulayıb, dövlət başçısının Azərbaycan elminə, Milli Elmlər Akademiyasına qayğı göstərdiyini, elm xadimlərinin təkliflərinə daim diqqətlə yanaşdığını deyib,.

Direktor bugünkü konfransın hesabat xarakteri daşıdığını və əsas məqsədin Şəki REM-də əldə olunan son elmi nailiyyətlərin ictimaiyyətə təqdim edilməsi, elmin populyarlaşdırılması və ictimaiyyətlə əlaqələrin genişləndirilməsi olduğunu nəzərə çatdırıb.

Daha sonra Şəki Şəhər İcra Hakimiyyəti başçısının müavini Elman İmamverdiyev Elm Gününün təsis edilməsinin müvafiq sahəyə dövlət səviyyəsində qayğı göstərilməsinin bariz nümunələrindən biri olduğunu bildirib, əlamətdar gün münasibətilə Azərbaycanın alim və ziyalılarını, o cümlədən Şəki REM-in əməkdaşlarını təbrik edib.

Tədbirdə Elmi Mərkəzin direktoru Yusif Şükürlü konfrans iştirakçılarını Şəki REM-in 2023-cü ildə əldə edilmiş nailiyyətləri ilə tanış edib.

Konfransda, həmçinin Şəki REM-in əməkdaşları- Tarix, arxeologiya və epiqrafika şöbəsinin baş elmi işçisi prof. Firədun İbrahimov, böyük elmi işçisi t.ü.f.d. Akif Məmmədli, Landşaftşünaslıq şöbəsinin rəhbəri geol-min.ü.f.d. Hüseyn Mustafabəyli, Tut ipəkqurdunun seleksiyası şöbəsinin rəhbəri bio.ü.f.d., dos. Qüdürət Bəkirov, Ekoloji coğrafiya şöbəsinin rəhbəri, coğ.ü.f.d. Qafqaz Ağabalayev, Tarix, arxeologiya və epiqrafika şöbəsinin rəhbəri Rahim Həsənov, Şəki REM-in Ekoloji biofizika şöbəsinin elmi işçisi Ayşən Salmanova çıxış edərək görülən işlər haqqında məlumat veriblər.

Sonda Şəki-Zaqatala Regional Təhsil İdarəsinin Şəki rayonu üzrə təhsil sektorunun müdiri Zamik Cəbiyev, Yeni Azərbaycan Partiyası Şəki rayon təşkilatının məsləhətçisi Vüqar Qafurov, ADPU-nun Şəki filialının Təbiət fənləri və onların texnologiyaları kafedrasının baş müəllimi Səadət Feyzullayeva elm və təhsil sahəsində çalışan ziyalıları peşə bayramları münasibətilə təbrik edib, onlara elmi fəaliyyətlərində uğurlar arzulayıblar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: