AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunun Eksperimental arxeoloji laboratoriyanın rəhbəri Əjdər Babazadə Azərbaycan Elm Fondunun Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Əsas qrant müsabiqəsi-2023” qrant müsabiqəsində qalib olmuş “Qarabağın daş dövrünə aid alət sənayesinin texno-tipologiyasının traseoloji ve eksperimental analizləri” adlı layihəsi çərçivəsində Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində elmi ezamiyyətdə olub.
Layihənin məqsədi eksperimental və traseoloji araşdırmaları birgə aparmaq üçün beynəlxalq təcrübədən faydalanaraq Qərb modeli arxeologiya ekolunda (məktəbində) mikro arxeoloji, yəni mikroskopik analizlərin, eləcə də praktik arxeoloji, yəni eksperimental tədqiqatların tətbiqilə müasir arxeoloji laboratoriya qurmaqdır.
Bu məqsədlə layihənin rəhbəri Əjdər Babazadə bir neçə Avropa ölkəsi ilə bərabər traseoloji və eksperimental arxeoloji tədqiqatların ilk olaraq ortaya çıxdığı Rusiya Elmlər Akademiyasının Sankt-Peterburq şəhərində yerləşən Maddi-Mədəniyyət Tarixi İnstitutundakı Eksperimental-traseoloji laboratoriyada praktik və teorik təcrübə aparıb. Təcrübə proqramına sözügedən laboratoriyanın əməkdaşı N.Skakun rəhbərlik edib.
Təcrübə-təlim prosesi qədim əmək alətlərinin tipoloji, texnoloji və traseoloji xüsüsiyyətinin və morfologiyasının tədqiqinə yönəlib. Paleo-ekonomiya və paleo-ekosistemi anlamaq üçün, əcdad Homininlərin prehistorik alət çantasındakı texno-tipoloji müxtəlifliyə və fərqliliyə əyani olaraq nəzər yetirilib.
Ezamiyyət, proqrama uyğun olaraq institutun zəngin Paleolit materilları ilə tanışlıqla başlanılıb. Daha sonra alət industriyasının texnologiyasının öyrənilməsi üçün mikroskopik analizləri və eksperimental tətbiqləri həyata keçirmək məqsədilə araşdırmalar aparılıb.
Layihə tədqiqatlarının əsas hədəfi paleolit ekonomiyasının öyrənilməsinə yönəldiyindən təcrübə proqramında eksperimental tətbiqlərə və arxeoloji materilların traseoloji analizlərinə üstünlük verilib. Arxeoloji və eksperimental materiallar üzərində mikro analizlər-traseoloji araşdırmalar üçün mikroskoplardan istifadə edilib. Bundan başqa, eksperimental tədqiqatların laboratoriya şəraitində tətbiqi metodu həyata keçirilib.
Ezamiyyət müddətində Əjdər Babazadə Rusiya Elmlər Akademiyasının Maddi-Mədəniyyət Tarixi İnstitutunun rəhbəri prof. Andrey Polyakovla da görüşüb. Görüş zamanı elmi tədqiqat işlərinin perspektivləri müzakirə edilib. AMEA Arxeologiya və Antropologiya İnstitutunda son illərdə nəşr olunan kitablar prof. Andrey Polyakova hədiyyə olunub.
Qeyd edək ki, dünyada ilk dəfə qurulan və arxeologiyada tamamilə fərqli istiqaməti - eksperimentalı və texnologayanı birləşdirərək praktik və mikro arxeologiyanın əsası Sergey Semenov tərəfindən qoyulub. Belə ki, Paleolit və Neolit Bölməsinin alimi olan S.Semenov Eksperimental-Traseoloji Laboratoriyanı, qədim artefaktların tədqiqinin eksperimental-traseoloji metodunu 1930-1950-ci illərdə Sankt-Peterburqda apardığı tədqiqatlarla yaradıb. O, arxeologiyada ilk dəfə praktik və mikroskopik kompleks tədqiqatları toplayaraq 1957-ci ildə “Prehistoriyanın texnologiyası” (Əmək izləri əsasında qədim alət və məmulatların öyrənilməsi təcrübəsi) monoqrafiyasını nəşr etdirib. Alim o dövrün arxeologiya elmində, xüsusən Qərb arxeologiyasında yeni bir istiqamət yaratmağa nail olub, onun apardığı praktik və mikro arxeoloji araşdırmalarla uzaq və yaxın əcdadlarmızın paleo-ekonomiyası daha intensiv və ekstensiv anlaşılıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.