Çin, ABŞ və Almaniyadan olan tədqiqatçılar birgə aparılan beynəlxalq təcrübə zamanı ilk dəfə qravitasiya sahəsi kvantının - qravitonun mövcudluğunun əlamətlərini aşkar edib. Qraviton anlayışı təxminən 100 il əvvəl formalaşıb və qravitasiya qarşılıqlı təsirinin daşıyıcı zərrəciyi hesab olunur. Qravitasiya dalğalarının mövcudluğu sübut olunsa da, qraviton indiyədək heç bir təcrübədə qeyd olunmayıb. İndi isə onun kəşf olunması ehtimalı yaranıb.
Elm və Təhsil Nazirliyinin Şamaxı Astrofizika Rəsədxanasından verilən məlunmata görə, təcrübənin aparılması üçün cihazların quraşdılması və lazım olan şəraitin yaradılması prosesinə 3 il sərf olunub. Belə ki, tədqiq olunacaq material mütləq sıfıradək soyudulmalı və sadəcə nazik lazerlə təsir göstərərək materialın elektronlarının həyəcanlanması qiymətləndirilməli idi. İstənilən təcrübə zamanı instrumentlərin istilik yaratması materialın temperaturunun dəyişməməsi demək olar ki, mümkünsüz idi.
Bu çətinliyə baxmayaraq Çinin Nanjinq Universitetinin alimləri -273,15 oC soyudulmuş təmiz Gallium Arsen (GaAs) nümunəsindən istifadə edərək təcrübə aparıblar. Təcrübənin aparılmasında əsas maqsəd atom ölçüsü qalınlığında elektronların kondensasiyası effektini yaradaraq onların özünü maye kimi aparmasına nail olmaq idi. Daha sonra isə lazerlə şüalandırılan elektronların həyəcanlanmış halı qeyd olunaraq onların spini ölçülmüşdür.
Məlumat üçün bildiririk ki, elektronun spini 1/2-ə bərabərdir. Qraviton isə sükunət kütləsi və yükü olmayan hipotetik zərrəcikdir və spini nəzəri olaraq 2 təyin olunmuşdur ki, bu xüsusiyyət onu unikal zərrəcik edir. Təcrübədən alınan bəzi zərrəciklərin spininin 2-yə bərabər olması qravitonun təcrübədən aşkarlanması üçün əsas yaradır.
Bu zərrəciyin kəşf olunması Böyük Birləşmə Nəzəriyyəsinin problemlərini həll edəcək açar rolunu oynayır. Çünki hələ də klassik fizika ilə kvant fizikası arasında tam əlaqə yoxdur. Məhz qravitasiya qarşılıqlı təsirinin mahiyyətini dərk etməmək bu iki dünyanı birləşdirməyə imkan vermir.
Qeyd edək ki, tədqiqat işinin nəticələri “Nature” jurnalında dərc olunub.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.