Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

04.04.2024 13:45
  • A-
  • A
  • A+

Neft-Kimya Prosesləri İnstitutunun əməkdaşları Çin Xalq Respublikasında keçirilmiş beynəlxalq konfransda iştirak ediblər

Neft-Kimya Prosesləri İnstitutunun əməkdaşları Çin Xalq Respublikasında keçirilmiş beynəlxalq konfransda iştirak ediblər

Elm və Təhsil Nazirliyinin akademik Y.H.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun elmi katibi k.ü.f.d., dosent Ziyarət Paşayeva və institutun Katalitik krekinq və piroliz laboratoriyasının aparıcı elmi işçi vəzifəsini icra edən k.ü.f.d. Turac Süleymanova Xi'an Sinoline Petroleum Science and Technology Co., Ltd. tərəfindən Çin Xalq Respublikasının Pekin şəhərində keçirilmiş “International Petroleum and Petrochemical Technology Conference & Exhibition 2024” adlı beynəlxalq elmi konfransda iştirak ediblər. 

Ziyarət Paşayeva “Polimerləşmə prosesində ion mayelərindən istifadə imkanları” adlı, Turac Süleymanova “Təbii qazdan (metan) sintez qazı və metanol üçün alternativ karbohidrogen istehsalı” mövzularında çıxışları konfrans iştirakçılarının diqqətini cəlb etmiş, aparıcı tədqiqat institutlarının nümayəndələrinin böyük marağına səbəb olmuş, gələcəkdə elmi əlaqələrin qurulması və birgə layihələrin reallaşdırılması istiqamətində müzakirələr aparılmışdır.

24-cü Çin Beynəlxalq Neft və Neft-Kimya texnologiyaları və avadanlıqları sərgisi bu konfransla eyni vaxtda və eyni yerdə keçirilmişdir. Sərgi Fortune Global 500 şirkəti daxil olmaqla, dünyanın 65 ölkə və regionundan 2000-ə yaxın şirkətin iştirak etdiyi 120000 kvadratmetrdən çox ərazini əhatə edib, dünyanın bir çox innovativ texnologiyaları və məhsulları nümayiş etdirilərək yerli və xarici sənaye sahələrinin geniş diqqətini cəlb etmişdir.

Konfransda Çin və xarici dövlətlərin, habelə Rusiya, Kanada, Azərbaycan, Əlcəzair, Argentina, İran, Səudiyyə Ərəbistanı, Malayziya, Polşa və digər ölkələrin elmi tədqiqat institutlarından, tədris, sənayə müəsisələri və şirkətlərdən gəlmiş alim və mütəxəssislər, neft avadanlıqları sənayesinin qlobal liderləri, beynəlxalq sənaye assosiasiyalarının nümayəndələri, görkəmli yerli və xarici sahibkarlar, iş adamları ümumilikdə 400-dən çox qonaq və dinləyicilər iştirak etmişdir.

2024-cü il Beynəlxalq Neft və Neft-Kimya Texnologiyaları Konfransında qəbul edilən məqalələr əsas yerli jurnallar və ya IOP Science Press tərəfindən dərc olunacaq və EI tərəfindən indeksləşdiriləcək. 

Sonda konfrans iştirakçıları müvafiq sertifikatlar ilə təltif olunublar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: