Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

05.04.2024 18:02
  • A-
  • A
  • A+

Ədəbiyyat İnstitutunda “Ədəbi incilər” jurnalının təqdimatı keçirilib

Ədəbiyyat İnstitutunda “Ədəbi incilər” jurnalının təqdimatı keçirilib

AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda Naxçıvan Muxtar Respublikasının 100 illiyinə həsr olunmuş “Ədəbi incilər” jurnalının təqdimatı keçirilib. Tədbirdə çoxsaylı ziyalılar, alim və şairlər iştirak ediblər.

Əvvəlcə şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə tanınmış tənqidçi Əsəd Cahangir açıb. O, tədbirin belə bir elm ocağında təşkili üçün yaratdığı şəraitə görə AMEA-nın prezidenti akademik İsa Həbibbəyliyə minnətdarlığını bildirib. Əsəd Cahangir ilk iki sayının təqdimatı keçirilən “Ədəbi incilər” jurnalının təsisçisi va baş redaktoru Xalidə Nuray haqqında ətraflı məlumat verib. Diqqətə çatdırıb ki, şair-publisist Xalidə Nuray AYB və AJB-nin, İraq Türkman Yazarlar Birliyinin üzvü, beş kitab müəllifidir. Əlavə edib ki, Xalidə Nuray 2018-ci ildən 2022-ci ilədək “Azad qələm” qəzetində redaktor işləyib. 2020-ci ildə KİVİHİ-nin Rəyasət Heyətinin qərarı ilə “İlin şairi” media mükafatı, 2021-ci ildə Mərkəzi Asiya, Yeni Avaz, Yazarlar və Tarixçilər Birliyinin, Əmir-Teymur fondunun təsis etdiyi “Turan Birliyi” medalı, 2023-cü ildə “Heydər zirvəsi” fəxri diplomu ilə təltif olunub.

Sonra Bakuvilər nəslinin davamçısı Adəm Bakuvi və BDU-nun baş müəllimi Sona Çərkəz çıxış edərək yeni nəşrə başlayan jurnalın uğurlu olacağına inamlarını ifadə ediblər. Tədbirdə Ədəbiyyat İnstitutunun Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı şöbəsinin baş elmi işçisi filologiya elmləri doktoru Salidə Şərifova ətraflı məruzə edərək jurnal və müəlliflər haqqında geniş təqdimat verib.

Akademiyanın Qafqazşünaslıq İnstitutunun şöbə müdiri tarix elmləri doktoru, professor Qasım Hacıyev, Ədəbiyyat İnstitutunun alimlərindən filologiya elmləri doktoru, professor Tahirə Məmməd, filologiya elmləri doktoru Əlizadə Əsgərli, şair İbrahim Yusifoğlu çıxışlarında Xalidə Nurayın yaradıcılıq fəaliyyətindən hərtərəfli söz açıblar. Təqdimat mərasimində Xalidə Nurayın qələm dostları və ziyalılardan Nazilə Gültac, Məhəbbət Mehdiyeva, Nəcibə İlkin, Rəfiqə Qasımqızı, Yeganə Qədimova, Müşfiq Borçalı çıxış edərək jurnalın yaradıcı heyətinə uğurlar arzulayıblar.

Şair, jurnalist Hacı İlham Qurbanoğlu “Poeziya və yeni söz”ün Fəxri diplomunu Xalidə Nuraya təqdim edib. Şair və yazıçılardan Yusif Nəğməkar, Nazlı Çələbi, Adilə Nəzər, Pəri Mikayılqızı və başqaları çıxışlarında jurnalın müasir mətbuatımızda özünəməxsus yeri olacağını vurğulayıblar.

Sonda “Ədəbi incilər” jurnalının təsisçisi və baş redaktoru Xalidə Nuray və ailə üzvləri çıxış edərək tədbirin yüksək səviyyədə təşkili üçün minnətdarlıqlarını bildiriblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: