Dekabrın 7-də AMEA-nın Əsas binasında Folklor İnstitutunun təşkilatçılığı ilə “Folklor və dövlətçilik” mövzusunda I elmi konfrans keçirilib. Tədbir “Türk xalqlarında dövlət simvol, etiket, mərasim və bayramlarının folklor baxımından genezisi” layihəsi çərçivəsində baş tutub.
Tədbiri giriş sözü ilə açan AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli konfransın məqsədinin türk dövlət etiketləri, mərasim və bayramlarının etnosun total davranış formulu və özünütəşkiletmə modeli kimi folklor materialları əsasında tədqiqi məsələlərinin müzakirəsi olduğunu qeyd edib. O, ümummilli lider Heydər Əliyevin elmə, milli mənəvi dəyərlərimizin qorunub saxlanılmasına və inkişafına daim böyük önəm verdiyini, Ulu öndərin ideyalarının Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirildiyini bildirib.
Dahi rəhbər Heydər Əliyevin və Prezident İlham Əliyevin elm sahəsi ilə bağlı imzaladıqları sənədlərin əhəmiyyətindən danışan akademik İ.Həbibbəyli Folklor İnstitutunda səmərəli tədqiqatlar aparıldığını qeyd edib, folklor və dövlətçilik ilə bağlı fikirlərini diqqətə çatdırıb.
Tədbirdə Azərbaycanda Atatürk Mərkəzinin müdiri, AMEA-nın müxbir üzvü Nizami Cəfərov, Folklor İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Muxtar İmanov çıxış edərək azərbaycançılıq ideologiyasının formalaşmasında müdrik rəhbər Heydər Əliyevin müstəsna xidmətlərindən bəhs ediblər.
Alimlər vətənpərvərlik, qəhrəmanlıq duyğusunun təbliğində folklorumuzun mühüm rolunu qeyd edərək, bu sahənin daha dərindən araşdırılmasının və öyrənilməsinin vacibliyini vurğulayıblar, mövzu ilə bağlı fikirlərini bölüşüblər.
Tədbirdə “Türk dövlətçilik ənənəsi və idarəetmə ritualları”, “Türklərdə əcdad kultu və əcdad bayramı”, “Türk dövlətçilik ənənəsində bayraqlar və bayraq qurbanı mərasimi”, “Azərbaycan milli mədəniyyət sistemində folklor və dövlətçilik”, “Türk xalqlarının mərasim folkloru və dövlətçilik” mövzusunda məruzələr dinlənilib, müzakirələr aparılıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir