Heydər Əliyev adına Müasir Təhsil Kompleksində bu müəssisənin və AMEA Tarix İnstitutunun birgə təşkilatçılığı ilə “Tarixi şəxsiyyətlərimizə sahib çıxaq” layihəsi çərçivəsində “Nadir şah Əfşar” mövzusunda konfrans keçirilib.
Tədbirdə lahiyənin rəhbəri, Tarix İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Yaqub Mahmudov dövlətçilik tariximizdən, tarixi şəxsiyyətlərimizdən söz açıb, tarixdə mövcud olmuş imperiyalarımızdan danışıb. “Azərbaycan xalqı dünyanın ən qədim dövlətçilik ənənələri olan xalqlarındandır və təqribən 5 min illik dövlətçilik tarixinə sahibdir” – deyən Y.Mahmudov bildirib ki, xalqımızın dövlətçilik ənənələri və imperiya yaratmaq mədəniyyəti qədim və zəngindir. Xalqımız orta əsrlərin böyük dövlətlərini – Ağqoyunlu, Səfəvilər, Əfşarlar, Qacarlar imperiyalarını yaratmışlar.
Əfşarlar imperiyasının banisi Nadir şah Əfşarın həyat və fəaliyyəti, diplomatik irsi barədə məlumat verən Y.Mahmudov Nadir şahın Azərbaycanın bütövlüyünü təmin edən və sərhədlərini genişləndirən bir hökmdar olduğunu, məzhəb ayrılığı salmağa çalışan qüvvələrə qarşı daim mübarizə apardığını və dini birlik yaratdığını tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Bildirilib ki, Nadir şah Azərbaycan ərazilərini genişləndirən, idarəçiliyin müxtəlif sahələrində fərqli strategiya yürüdən bir hökmdar və sərkərdə olub.
Tədbirdə lahiyənin təşkilat komitəsinin sədri Araz Şamil, tarixçi-alimlər Tofiq Mustafazadə, Camal Mustafayev, Mehman Süleymanov, Güntəkin Nəcəfli, Heydər Əliyev adına Müasir Təhsil Kompleksində məktəb direktoru Nasim Abışov və kompleksin tarix müəllimi Leyla Hüseynova çıxış ediblər.
Sonda şagirdlərin iştirakı ilə Nadir şaha həsr olunmuş “Şətrənc” tamaşası göstərilib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir