Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

18.04.2024 14:38
  • A-
  • A
  • A+

“Başlanğıcdan günümüzə Türkiyə-Azərbaycan əlaqələri” kitabının təqdimatı keçirilib

“Başlanğıcdan günümüzə Türkiyə-Azərbaycan əlaqələri” kitabının təqdimatı keçirilib

AMEA-nın A.A.Bakıxanova adına Tarix və Etnologiya İnstitutunda “Başlanğıcdan günümüzə Türkiyə-Azərbaycan əlaqələri” adlı kitabın təqdimatı keçirilib. 

Tarix və Etnologiya İnstitutunun direktoru t.e.d., professor Kərim Şükürov bildirib ki, Türk Tarix Qurumunun başqanı Prof., Dr. Yüksel Özgenin rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizdə səfərdədir, məqsəd Türkiyə Cümhuriyyətinin 100-cü ilinə həsr edilən “Başlanğıcdan günümüzə Türkiyə-Azərbaycan əlaqələri” kitabının təqdimatını keçirmək, bu səfər çərçivəsində “Qafqaz Albaniyası: Etnoarxeologiya, yazılı mənbələr və tarixi abidələr” XI beynəlxalq konfransda iştirak etməkdir.

Professor Kərim Şükürov Tarix və Etnologiya İnstitutu ilə Türk Tarix Qurumu arasında sıx əlaqələrin qurulduğunu, bu əlaqələrin ildən ilə genişləndiyini, birgə fəaliyyət üçün yeni istiqamətlərin yarandığını vurğulayıb. Hazırda Azərbaycan-Türkiyə tarixinin müxtəlif dövrlərinin tədqiqi ilə yanaşı, mixi yazıların öyrənilməsi, arxeologiya, etnologiya sahələrində əməkdaşlıq formatları barədə müzakirələr aparılır. Elmi nəşrlər, indeksləşmə bazaları, birgə konqreslərin keçirilməsi sahəsində və s. əməkdaşlıq məsələlərinə toxunan professor Kərim Şükürov “Başlanğıcdan günümüzə Türkiyə-Azərbaycan əlaqələri” kitabının tarixçilər, diplomatlar, geniş oxucu kütləsi üçün mühüm əhəmiyyət daşıdığını, bu kitabın yazılmasında türk və azərbaycanlı mütəxəssislərin iştirak etdiyini söyləyib.

Türk Tarix Qurumunun başqanı Prof., Dr. Yüksel Özgen Bakıda olmaqdan məmnunluq duyduğunu, son illərdə AMEA-nın A.A.Bakıxanova adına Tarix və Etnologiya İnstitutu ilə əməkdaşlıqlarının genişləndiyini, 2021-ci il sentyabrın 15-də Tarix və Etnologiya İnstitutunun Ağdamda keçirdiyi “Müstəqilliyinin 30 ilində Azərbaycan-Türkiyə əlaqələri və beynəlxalq münasibətlər” mövzusunda beynəlxalq simpoziumda, 2023-ci il noyabr ayında keçirdiyi “Rəvandan İrəvana və Qərbi Azərbaycana” mövzusunda beynəlxalq konfransda iştirak etdiklərini xatırladıb. Professor Yüksel Özgen Azərbaycanla, Türk Dövlət Təşkilatına üzv ölkələrin müvafiq qurumları ilə əməkdaşlığa böyük önəm verdiklərini vurğulayıb. Prof. Dr. Yüksel Özgen “Başlanğıcdan günümüzə Türkiyə-Azərbaycan əlaqələri” kitabının 16 bölümdən, 862 səhifə olduğunu, kitabın redaktorunun Prof. Dr. İbrahim Tellioğlunun olduğunu, kitabın yazılmasında Prof. Dr. Ahmet Taşağıl, Prof. Dr. Aydın Usta, Prof. Dr. Bekan Köksü və başqalarının, azərbaycanlı tarixçilər t.e.d. prof. Kərim Şükürov, t.e.d. prof. Şahin Fərzəliyev, t.e.d. prof. Tofiq Mustafazadə, t.ü.f.d., dos. İradə Məmmədova, t.e.d., prof. İlqar Niftəliyev, t.e.d., prof. Musa Qasımlının iştirak etdiklərini deyib. Yüksel Özgen Azərbaycanla yanaşı, Özbəkistanla da eyni mövzuda kitabın yazılması prosesinin başladığını, bu işin ortaq türk tarixinin yazılmasının bir parçası olduğunu vurğulayıb.

Türk Dövlətləri Birliyi çərçivəsində ortaq türk tarixi, etnologiyası, arxeologiyası sahəsində elmi əməkdaşlığın inkişafına mühüm önəm verdiklərini söyləyən Türk Tarix Qurumu başqanı hazırda ölkələrarası siyasi və mədəni iqlimin elmi əlaqələrin inkişafı baxımdan əlverişli olduğunu bildirib.

AMEA-nın Qafqazşünaslıq İnstitutunun direktoru millət vəkili Musa Qasımlı kitabın nəşrini Azərbaycan-Türkiyə elmi əməkdaşlığı baxımdan böyük bir gün sayıb, belə bir kitabın nəşri üçün Tarix və Etnologiya İnstitutunun direktoru t.e.d. prof. Kərim Şükürova, Türk Tarix Qurumunun başqanı Prof., Dr. Yüksel Özgenə minətdarlığını bildirib.

Türkiyənin Azərbaycandakı səfirliyinin mədəniyyət və tanıtım müşaviri Mühiddin Macid belə bir kitabın nəşrinin Türkiyə-Azərbaycan əlaqələrinin inkişafı baxımdan mühüm bir addım saıb, dövrün tələblərinə uyğun olaraq, yeni konsepsiya və yeni formatlarda kitabların dərc edilməsin vacib olduğunu söyləyib.

Qeyd edək ki, Türk Tarix Qurumunun Avrasiya Bölməsi tərəfindən 26-27 yanvar 2023-cü ildə keçirilən Türkiyə-Azərbaycan əlaqələri üzrə birgə komissiyada “Başlanğıcdan günümüzə Türkiyə-Azərbaycan əlaqələri” adlı kitabın yazılmasına qərar verilib, mövzular müəyyən edilib və kitabın nəşri qısa müddətdə reallaşıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: