Bugünkü müsahibimiz AMEA-nın “Elm” Nəşriyyatının direktor müavini Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü Vüqar Haqverdiyevdir. Müsahibimiz cəmiyyətdə uşaq yazıçısı və dramaturqu kimi də tanınır. Yazıçı “Saçları səməni oğlan”, “Sehrli planşet”, “Qarınqulu ayı balası”, “Qıvrımsaçın hoqqaları”, “Zaman maşınında səyahət: Qırmızı adamlar planeti” kimi bir-birindən maraqlı və rəngarəng nağıl kitablarının, uşaq pyeslərinin, eləcə də bədii və cizgi film ssenarilərinin müəllifidir. O, dəfələrlə nüfuzlu ədəbiyyat və ssenari, həmçinin jurnalist yazı müsabiqələrində yüksək yerlərə layiq görülüb.
- Vüqar müəllim, AMEA-dakı fəaliyyətinizlə yanaşı, bədii yaradıcılıqla da məşğul olursunuz. Bilmək istərdik ki, niyə məhz uşaqlar üçün yazmağa daha çox üstünlük verirsiniz?
– Mən 20 il AMEA Rəyasət Heyətinin aparatında çalışmışam. Həmin dövrdə, əsasən elm sahəsi ilə bağlı strateji əhəmiyyətli sənədlərin, işgüzar məktub layihələrinin hazırlanmasında yaxından iştirak etmişəm və bu işdə böyük təcrübə qazanmışam. Bu sənədlərin hazırlanması icraçıdan çox böyük məsuliyyət, konkretlik, məntiq və diqqət tələb edir. Müqayisə etsək görərik ki, uşaq əsərləri də dəqiqlik, məntiqlilik, yığcamlıq, aydınlıq və müəllifindən böyük məsuliyyət tələb edir.
Nəzərə almaq lazımdır ki, kiçik yaşlı uşaqlar ilk dəfə ədəbiyyatla tanış olanda, onlar həm də ana dilimizin gözəlliklərini hiss etməli, dilimizi ürəkdən sevməlidirlər. Bu, onların nitqinin inkişafında, yaşıdları ilə, böyüklərlə ünsiyyət qurmaq bacarıqlarının formalaşmasında mühüm rol oynayır.
– Həm də uşaqlara məntiqli düşünməyi öyrədir..
– Bəli, ona görə də balacalar üçün yazılan əsərlərdə bütün xırdalıqları ölçüb-biçməlisən, yanlış anlaşıla biləcək fikirlərə yol verməməlisən. Qəhrəmanın əvvəldən axıra kimi getdiyi yol məntiqli olmalıdır. Kiçik yaşlı uşağa nağıl oxuyanda, o, əsərin qəhrəmanının yerinə həyəcan keçirir, “sonra nə oldu?” kimi suallar verir. Nağılı bəyəndikdə isə valideynindən onu bir daha oxumasını istəyir. Təbii olaraq, qəhrəmanın atdığı addımlar onun şüuraltısına düz və məntiqi hərəkətlər kimi həkk olunur. Qəhrəman nə qədər ağıllı, ədalətli, qorxmaz, humanist, xeyirxah olsa və bunun hesabına hadisələrdən qalib kimi ayrılsa, o, uşaqda da bu insani keyfiyyətləri oyadır və uşaq həyatda belə olmağa çalışır.
– Son illər Azərbaycanda uşaqlar üçün yazılmış əsərlərin, nağılların səviyyəsi sizi qane edirmi? Bu sahədə hansı boşluqlar var?
– AMEA-nın Ədəbiyyat İnstitutunun, eləcə də Azərbaycan Yazıçılar Birliyinin Uşaq ədəbiyyatı şöbələri mütəmadi olaraq ölkədə uşaq ədəbiyyatının vəziyyəti ilə bağlı analitik təhlillər aparır və hesabatlar verirlər. Hesabatlardan görmək olar ki, hər il xeyli sayda yeni uşaq kitabları nəşr olunur. İnanıram ki, onların əksəriyyəti maraqlı əsərlərdir. Çünki, həm müəllifləri, həm də nəşriyyatçıları tanınırlar. Adətən nəşriyyatlar tanış olub bəyənmədikləri uşaq əsərlərini öz hesablarına nəşr etmirlər. Uşaq kitabları digər nəşrlərlə müqayisədə baha başa gəlir. Onlar həm gözəl dizayna malik olmalı, həm də cəlbedici illüstrasiyalarla zəngin olmalıdır. Əks halda əsər nə qədər maraqlı olsa da, uşağın diqqətini cəlb etməyəcək. Bu isə, əlavə xərclər tələb edir. Xoşbəxtlikdən, mənim az da olsa rəssamlıq və dizaynerlik qabiliyyətim olduğu üçün bəzi kitablarımın rəssamı şəxsən özüm olmuşam.
– Bildiyimiz kimi, sonuncu dəfə AMEA haqqında ən müfəssəl qrafik dizaynlı məlumat kitabını da siz hazırlamısınız..
– 2018-ci ildə rəhbərliyin tapşırığı ilə AMEA haqqında əhatəli və maarifləndirici buklet hazırladım. Həmin buklet elmi ictimaiyyət tərəfindən böyük maraqla qarşılandı və AMEA-nın fəaliyyətinin geniş işıqlandırılması, elmin populyarlaşdırılması işinə dəyərli töhfə kimi qiymətləndirildi. Bukletlər də uşaq kitabları kimi həm cəlbedici dizaynda tərtib olunmalı, həm də mətnlər mövzuya uyğun şəkillərlə müşayiət edilməlidir. Onu da qeyd edim ki, bu yaxınlarda AMEA-nın yeni loqotipi müsabiqəsində də iştirak etmişəm. Təklif etdiyim loqotip layihəsinin münsiflər tərəfindən layiqincə qiymətləndiriləcəyini ümid edirəm.
– Yazıçı üçün rəssamlıq təcrübəsinin olması, sözsüz ki, müsbət haldır. Bu, müəllifə öz yaradıcılığını həm qələmlə, həm də fırça ilə göstərməyə imkan verir. Söhbətimizin əvvəlində bəlli oldu ki, uşaq ədəbiyyatı sahəsində problemlərdən biri də nəşrlə bağlıdır. Bəs başqa hansı problemlər var?
– Onu deyə bilərəm ki, uşaq kitabları sahəsində təbliğat, təhlil və tənqid aşağı səviyyədədir. Nəşriyyatlar, əsasən özləri istehsal etdikləri və yaydıqları uşaq kitablarının reklamı ilə məşğul olur, təqdimatını keçirirlər. Digər müəlliflərin isə buna imkanı olmur.
Ümumiyyətlə, bu sahədə stimullaşdırıcı tədbirlər çox az həyata keçirilir. Əvvəllər müasir nağıl müsabiqələri keçirilirdi, qalib əsərlərin müəllifləri mükafatlandırılırdı, həmin əsərlər kitab və jurnal halında nəşr edilib uşaqlara təqdim olunurdu. Məsələn, mənim yazdığım “Həyəti kim təmizləyirmiş?” adlı hekayə 2011-ci ildə “Təmiz Şəhər” Açıq Səhmdar Cəmiyyəti tərəfindən keçirilən nağıl müsabiqəsində ikinci yerə layiq görülüb və “Təmiz şəhər nağılları” jurnalına daxil edilib. Həmin jurnal çoxsaylı tirajla çap olunaraq müəlliflərin iştirakı ilə Bakı şəhəri ərazisində yerləşən bütün orta məktəblərə pulsuz paylanılıb.
İstərdim ki, ölkədə Uşaq Ədəbiyyatına Dəstək Fondu yaradılsın, müəyyən mövzularda dövlət sifarişi olsun, məktəblərdə uşaq kitablarının, jurnallarının satışı bərpa edilsin, müəlliflərlə görüşlər təşkil edilsin. Bütün bunlar uşaq ədəbiyyatının inkişafına, keyfiyyətinin artırılmasına, daha hədəfli olmasına dəstək olar.
– Vüqar müəllim, tez-tez uşaqlarla görüşə gedirsiniz, balacalarla ünsiyyət qurmaq çətin olmur ki?
– Uşaqlarla görüşün məsuliyyəti də böyük olur. Gərək görüşə hazırlıqlı gedəsən, uşaqlarda xoş təəssürat yaratmağı bacarasan. Belə olan halda çox səmimi və mehriban söhbət alınır. Mən həmişə çalışıram ki, uşaqlarla görüşəndə, imkan daxilində onlara öz kitablarımdan da hədiyyə edim. Bu, onların xoşuna gəlir. Hətta mən uşaqları nağıl yazmağa, illüstrasiyalar çəkməyə də həvəsləndirirəm. Bu məqsədlə maraqlı layihələr də həyata keçirmişəm. Məsələn, 2018-ci ildə internet üzərindən respublika üzrə 6-10 yaş arası uşaqlar üçün nağıl müsabiqəsi təşkil etdim. Müsabiqə uşaqlarda çox böyük maraq və həvəs oyatdığı üçün qaliblərdən əlavə digər iştirakçıları da nağıl kitabları ilə mükafatlandırdım.
Bundan başqa, mənim bir neçə kitabımın rəssamı elə uşaqlar olub. Gənc rəssam Gilan Əzizin rəhbərliyi ilə Azərbaycan Dövlət Uşaq Filarmoniyasının “Bacarıqlı əllər” rəsm dərnəyinin 10-a yaxın üzvü “Qızıl balıq” adlı nağılıma gözəl illüstrasiyalar çəkiblər. “Qarınqulu ayı balası” kitabımdakı rəsmləri AMEA-da çalışan həmkarlarımdan birinin övladı, istedadlı rəssam Adilə Qurbanova hələ məktəbdə oxuyarkən çəkib.
– Siz həm də öz əsərləriniz əsasında bədii və cizgi film ssenariləri, eləcə də uşaq pyesləri hazırlayırsınız. Pyesləriniz nəinki Azərbaycanda, həm də xarici ölkələrdə səhnələşdirilir. Bayaq adını çəkdiyiniz “Qarınqulu ayı balası” nağılı əsasında yazdığınız pyesinizin Rusiyanın Ulyanovsk vilayətinin “Karabaz-Barabaz” Böyük Kuklalar Teatrında səhnələşdirilməsi hər birimiz üçün qürurvericidir. Sizcə, bu pyesin xarici ölkədə maraqla qarşılanmasına səbəb nə oldu?
– “Qarınqulu ayı balası” pyesi ilk dəfə 2022-ci ildə Bakı Uşaq və Gənclər Teatrında səhnələşdirildi və böyük anşlaqla premyerası keçirildi. Bu, məni çox həvəsləndirdi. Sonra həmin pyes qardaş ölkə olan Gürcüstanın “BEEZ” Uşaq Teatrında səhnəyə qoyuldu.
– Mədəniyyət Nazirliyinin məlumatına görə, sözügedən pyes bu il Naxçıvan və Qax Dövlət Kukla teatrlarının da repertuarına daxil edilib.
– Bəli, yəqin ki, əsərin süjet xətti, bədii keyfiyyəti, dinamikliyi və tərbiyəvi əhəmiyyəti rejissorların diqqətini cəlb edib. Bu səbəbdən də mən onu müxtəlif dillərə tərcümə edib xarici ölkə teatrlarına da təqdim etmək qərarına gəldim. Xoşbəxtlikdən, bu, kifayət qədər uğurlu alındı. Rusiyanın Ulyanovsk vilayətinin “Karabaz-Barabaz” Böyük Kuklalar Teatrının yaradıcısı və rəhbəri, tanınmış rejissor-ssenarist Valeri Qriqoryev əsəri çox bəyəndi və uşaqların zövqünə uyğun rəngarəng, olduqca maraqlı bir səhnə əsəri ərsəyə gətirdi. İstərdim ki, onu telekanallarımızdan biri dublyaj edib balaca izləyicilərimizə təqdim etsin.
Bundan başqa, ötən il “Sehrli planşet” adlı pyesim Rusiyanın Krasnoyarsk vilayətinin Kozul “Solneçnıe luçiki” Uşaq Musiqili Teatrında gənc rejissor Yekaterina Kukina tərəfindən səhnələşdirildi və həmin tamaşa “Dünya xalqlarının nağılları” teatr festivalında uğurla nümayiş etdirildi. Qeyd edim ki, yazdığım eyniadlı cizgi filmi ssenarisi də 2019-cu ildə Mədəniyyət Nazirliyi tərəfindən keçirilmiş bədii və animasiya filmi ssenariləri müsabiqəsində qaliblər sırasında yer alıb və onun əsasında animasiya filminin çəkilməsi nəzərdə tutulub.
– Məlumdur ki, uşaqlar ətrafda baş verən hadisələrə həddindən artıq həssas yanaşır, daha tez təsirlənirlər. Bu baxımdan milli cizgi filmləri sizcə necə olmalıdır?
– Fikrimcə, milli cizgi filmləri elə milli ruhda da olmalıdır. Lakin bununla bərabər, müasirliyi ilə seçilməli, həm əyləncəli, həm də rəngarəng kadrlarla zəngin olmalıdır. Əyləncəli olmasa, uşağın diqqətini cəlb etməyəcək. Bu əyləncəyə maarifləndirici, tərbiyəvi və öyrədici elementlər də qatmaq lazımdır ki, uşaqlar üçün həm də faydalı olsun.
Həmçinin personajlar və onların adları düzgün seçilməlidir. Onların görünüşlərində, hətta mənfi obrazlar olsa da şirinlik olmalıdır. Şirin eybəcərləri və hiyləgərləri, hətta qorxuncları da uşaqlar çox maraqla izləyirlər.
– Onlar uşaqların psixikasına mənfi təsir etmir ki?
– Əgər ssenari düzgün qurulubsa, əksinə, müsbət təsir edir. Çünki, sonda mənfi obrazlar, bütün qurduqları tələlərə, hiylələrə baxmayaraq ifşa olunurlar və meydandan məğlub kimi ayrılırlar. Filmlərdəki hiyləgərlik səhnələri də uşağın məntiqi təfəkkürünə müsbət təsir edir. Hiylə işlətmək sağlam düşüncə olmasa da, bunu edəndən istedad və məharət tələb edir.
– Sizcə, son zamanlar hansı səbəblərdən yeni milli cizgi film qəhrəmanları yaradılmır, uşaqlarımız xarici film qəhrəmanlarına daha çox üstünlük verirlər?
– Bunun əsas səbəbi ölkəmizdə milli cizgi filmlərinin çox az istehsal olunması ilə bağlıdır. Nağıl qəhrəmanları film vasitəsilə daha tez tanınırlar. Məsələn, mənim yazdığım nağılların iştirakçıları olan Qıvrımsaç, Saçları səməni oğlan, Aylin, Ayan, elə Qarınqulu ayı balasının özü, artıq əsərlə tanış olan uşaqlar tərəfindən sevilir. Lakin onların, eləcə də digər müəlliflərin yaratdıqları personajların ekrana çıxarılması, bu qəhrəmanların uşaqlar arasında daha geniş populyarlıq qazanmasına yol açar.
– Hazırda uşaqların maarifləndirilməsi və əyləndirilməsi ilə bağlı hansı layihələriniz, planlarınız vardır?
– Hazırda yazdığım nağıllar əsasında pyeslər hazırlayıb onları xarici dillərə tərcümə etməkdə davam edirəm və bir uşaq bədii filmi üçün də ssenari yazmaq niyyətindəyəm.
Müsahibəni apardı: Nərgiz QƏHRƏMANOVA, AMEA Rəyasət Heyəti aparatının İctimaiyyətlə əlaqələr, mətbuat və informasiya şöbəsinin Elektron informasiya sektorunun müdiri
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.