Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Dosent Sadiq Qurbanov beynəlxalq tədbirdə çıxış edib
19.04.2024 17:45
  • A-
  • A
  • A+

Dosent Sadiq Qurbanov beynəlxalq tədbirdə çıxış edib

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Dos. Dr. Sadiq Qurbanov “International Scientific Conference on Economic and Social Development “Green Economy & Sustainable Development” beynəlxalq tədbirdə onlayn formada “Dayanıqlı enerjiyə doğru: qlobal kontekstdə Azərbaycan” (TOWARDS SUSTAINABLE ENERGY: AZERBAIJAN IN A QLOBAL CONTEXT) mövzusunda məruzəçi statusunda iştirak edib.

Məlumat üçün bildirək ki, beynəlxalq tədbirin nəşr etdiyi kitab CPCI (WoS), EconLit, ABI Inform (by ProQuest), EBSCO and EconBIZ kimi elmmetrik bazalarda indekslənir.

Məruzəçi qeyd edib ki, müasir Azərbaycanın adının neftlə sıx bağlı olmasına baxmayaraq, hazırda Azərbaycan böyük bərpaolunan enerji potensialına malik güclü ölkədir. Vurğulayıb ki, ölkəmiz regionda yaşıl enerjiyə keçid modelinin tətbiqi üzrə öndədir və qlobal iqlim dəyişmələrinin fəsadlarına qarşı mübarizəyə böyük töhfə verir. S.Qurbanov iqlim dəyişmələrinə qarşı qlobal mübarizədə beynəlxalq həmrəyliyin gücləndirilməsi məqsədilə “Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan olunması barədə Sərəncamın mahiyyətindən danışıb: “Təsadüfi deyil ki, Prezident İlham Əliyev tərəfindən təsdiq edilmiş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də 5-ci prioritet “Təmiz ətraf mühit və “yaşıl artım” ölkəsi” adlanır. Sənəddə ekoloji təmiz texnologiyaların tətbiqinə əhəmiyyətli yer verilməsi, tullantıların təkrar emalı və çirklənmiş ərazilərin bərpasının təşviqi, ekoloji baxımdan əlverişli olan “yaşıl” texnologiyaların tətbiqinin genişləndirilməsi ilə bağlı qarşıya konkret tapşırıqlar qoyulub”.

Dr. Sadiq Qurbanov çıxşında Azərbaycanın beynəlxalq arenada şəksiz nüfuzunun məntiqi nəticəsi kimi Bakının dünyanın ən iri və nüfuzlu tədbirlərindən birinin – BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına – COP29-a ev sahibi seçilməsini qeyd edib.

Məruzəçi Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təminatında rolu üzərindən xüsüsi qeydlər edib və ölkəmizin “yaşıl” enerjinin ixracı barədə də açıqlamalar verib. Beləliklə, Azərbaycanın qlobal dünyada və regionda sülhü, sabitliyi və təhlükəsizliyi dəstəkləyən arqument və faktlarla ortaya qoyub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: