Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

01.05.2024 10:20
  • A-
  • A
  • A+

Naxçıvan Bölməsinin Rəyasət Heyətinin növbəti iclası keçirilib

Naxçıvan Bölməsinin Rəyasət Heyətinin növbəti iclası keçirilib

AMEA-nın Naxçıvan Bölməsində Rəyasət Heyətinin növbəti iclası keçirilib.

İclası açan Naxçıvan Bölməsinin sədri akademik İsmayıl Hacıyev əvvəlcə gündəliyə çıxarılan məsələləri iclas iştirakçılarının diqqətinə çatdırıb.

Bölmənin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Ədəbiyyatşünaslıq şöbəsinin müdiri filologiya üzrə fəlsəfə doktoru, dosent Ramiz Qasımov iclasda “Azərbaycan ədəbiyyatının görkəmli ustadı: Məhəmməd Füzuli” mövzusunda elmi məruzə edib.

Alim Məhəmməd Füzulinin həyatı, yaradıcılığı, əsərlərinin sənətkarlıq xüsusiyyətləri barədə geniş məruzə edib. Füzuli poetikasının dərin məzmununa, kəsb etdiyi fəlsəfi mənaya diqqət çəkib. Füzuli yaradıcılığından gətirdiyi nümunələr əsasında təhlillərini davam etdirən Ramiz Qasımov şairin qəzəl və qəsidələrinin aparıcı mövzusu olan məhəbbət, ilahi eşq mövzularının əksi məsələsini, Füzuli panteizminin düzgün anlaşılma problemini şərh edib.

Füzuli fəlsəfəsi, onun haqqında mövcud təzadlı fikirlər barədə fikirlərini bölüşən Ramiz Qasımov M.F.Axundov, C.Cabbarlı, F.Köçərli və başqalarının dahi şair haqqında fikirlərini nəzərə çatdırıb, ədəbiyyatımızda mövcud olan Füzuliyə qayıdış ənənəsi, yazılan əsərlər və aparılan tədqiqatlardan söz açıb.

Ədəbiyyatımızda Nizami yaradıcılığı ilə ən yüksək səviyyəyə çatmış humanizm ideyalarının Nəsimi, daha sonra Füzuli sənətkarlığı ilə mükəmməlləşdiyini, sonradan Vaqif yaradıcılığında yeni bir sima qazandığını bildirib.

Məruzədən sonra akademik İsmayıl Hacıyev AMEA Naxçıvan Bölməsində əməkdaşların təltif olunması üçün Təşəkkürnamənin təsis edilməsi məsələsini gündəmə gətirib. Bölmə sədri bildirib ki, bölmədə indiyədək Fəxri fərmanla təltif olunma ənənəsi mövcud olmuş, səmərəli elmi və ictimai fəaliyyəti nəzərə alınmaqla bir sıra əməkdaş mükafatlandırılmışdır. Təşəkkürnamənin təsis olunmasının da elmi və texniki işçilərin əməyinin qiymətləndirilməsinə şərait yaratmaqla bərabər, səmərəli fəaliyyətinə stimul verəcəkdir.

Bölmənin Aparatının Elm və təhsil şöbəsinin müdiri aqrar elmlər üzrə fəlsəfə doktoru, dosent Orxan Bağırov çıxış edərək 2024-cü ilin ilk rübü ərzində bölmənin fəaliyyəti ilə bağlı əsas məqamları diqqətə çatdırıb. Qeyd olunub ki, cari ilin yanvar-mart ayları ərzində bölmə əməkdaşlarının 4 monoqrafiya, 2 kitab, 1 metodik vəsait, 71 elmi məqalə, 16 konfrans məqaləsi olmaqla ümumilikdə 94 elmi əsəri çap olunub. Rüblük hesabatın davamında Orxan Bağırov 2024-2028-ci illər üzrə proqnozları təqdim edib, nəzərdə tutulan fəaliyyət planını Rəyasət Heyətinin diqqətinə çatdırıb.

İclasda həmçinin Vatikan, Osmanlı, Sankt-Peterburq, Tiflis arxivlərində Naxçıvanla bağlı materialların əldə edilib gətirilməsi məqsədi ilə elmi ezamiyyələrin təşkili məsələsi müzakirə olunub, Rəyasət Heyəti kiçik elmi işçi vəzifəsində çalışan gənc əməkdaşların hesabatlarını dinləyib, onlara bəzi tövsiyələr verib. Daha sonra Rəyasət Heyətinin qərarına əsasən bir nəfər Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunda işlə təmin olunub.

Sonda akademik İsmayıl Hacıyev Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun elmi katibi, tarix üzrə fəlsəfə doktoru Yaşar Rəhimovu 60 illik yubileyi münasibəti ilə təbrik edib, onu AMEA Naxçıvan Bölməsinin Fəxri fərmanı ilə təltif edib.

İclasa gündəlikdəki cari məsələlərin müzakirəsindən sonra yekun vurulub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: