Azərbaycanın çoxəsrlik tarixində görkəmli dövlət xadimi Heydər Əliyevin müstəsna yeri vardır. Ümummilli lider Azərbaycan xalqının dövlətçilik ənənələrinin əsasında formalaşan və yaşadığı dövrün siyasi-ideoloji çağırışlarını qabaqlayan, böyük dövlətçilik istedadına malik olduğunu əməli fəaliyyəti ilə təsdiq etmiş tarixi şəxsiyyətdir.
Çoxəsrlik Azərbaycan dövlətçiliyi tarixində Heydər Əliyev yeni tarix yaratmış böyük dövlət xadimidir. Ulu öndərin çoxşaxəli fəaliyyətində böyük siyasətlə yüksək peşəkarlıq nümunəsi olan dövlət idarəçiliyi bir-birini tamamlamışdır. O, böyük siyasətin də, dövlət idarəçiliyinin də zirvəsini fəth etmişdir. Buna görədir ki, Heydər Əliyevdən söz açanların hamısı birmənalı şəkildə bu dahi şəxsiyyətin siyasəti fəaliyyətindəki böyük məharətdən bəhs etdikləri səviyyədə onun əsl dövlətçilik istedadından da ürək dolusu söz açıblar. Yüksək dövlətçilik məharəti ilə tarixə dərin izlər salmış Heydər Əliyev düşünülmüş siyasəti ilə də onu əhatə edən rəsmi və siyasi dairələri mat qoymuşdur. Ona görə də mükəmməl dövlətçilik məktəbi yaratmış Ulu öndər həm də eyni səviyyədə böyük siyasətin qrossmeysteri kimi qəbul olunmuşdur.
Ümummilli lider Heydər Əliyev Azərbaycan SSR-ə və müstəqil Azərbaycan dövlətinə rəhbərlik etdiyi dövrlərdə mənsub olduğu xalqı və başçısı olduğu ölkəni ictimai-siyasi böhrandan və iqtisadi-mədəni gerilikdən çıxararaq, hərtərəfli yüksəlişə nail olmağı bacarmışdır. Qüdrətli dövlət xadimi kimi, o, Azərbaycanı böyük çətinliklər bahasına qazanılmış dövlət müstəqilliyini itirməkdən xilas etmiş, ölkəmizdə müstəqil dövlətçiliyin möhkəm əsaslarını yaratmışdır. SSRİ kimi nəhəng imperiyanın əsas rəhbərlərindən biri olaraq da Heydər Əliyev dünya miqyaslı görkəmli dövlət xadimi olduğunu isbat etmişdir. Bunu böyük siyasətçilər, görkəmli dövlət xadimləri də dönə-dönə etiraf etmişlər.
Təsadüfi deyildir ki, dünya şöhrətli böyük qırğız yazıçısı Çingiz Aytmatov Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevə “tarixi və hətta, əfsanəvi şəxsiyyət” kimi yüksək qiymət vermişdir. Fikrimcə, Heydər Əliyevin «tarixi və əfsanəvi bir şəxsiyyət» səviyyəsinə yüksəlməsində onun böyük dövlətçilik istedadı, möhkəm iradəsi, geniş dünyagörüşü, zəngin həyat təcrübəsi və xidmətləri əsas faktorlar olmuşdur. Əsl liderlik xarizması olan bu dahi şəxsiyyət özünün dəmir iradəsi, möhkəm və bütöv xarakteri, istənilən çətin vəziyyəti anında düzgün dəyərləndirərək, ən optimal çıxış yolları tapmaq və məqamında qətiyyətli addımlar atmaq bacarığı ilə səciyyələnir.
Eyni zamanda, Heydər Əliyev zamanı qabaqlamağı bacaran, gələcəyi çox aydın şəkildə görə bilən, xalqını və ölkəsini məqsədyönlü şəkildə böyük gələcəyə doğru irəli apara bilmək məharəti göstərən mütəfəkkir şəxsiyyətdir. Xalqına ürəkdən bağlı olan Ümummilli lider doğma torpağını və ölkəsini sevməyi müqəddəs dəyər kimi qəbul etməyin əsl nümunəsini göstərmişdir. Ona görə də Heydər Əliyev həm də parlaq şəxsiyyəti ilə böyük ümumxalq məhəbbəti qazanmışdır. Ulu öndərin adı Azərbaycan xalqının çoxəsrlik dövlətçilik tarixinə əbədi həkk olunmuşdur.
Heydər Əliyev, sözün əsl mənasında, Azərbaycan dövlətçiliyi tarixində xüsusi bir epoxa yaratmışdır. Azərbaycanda siyasi hakimiyyətə gəldiyi 1969-cu ildən başlanan bu epoxa müxtəlif və keşməkeşli mərhələlərdən keçərək, ömrünün sonuna – 2003-cü ilə qədər böyük uğurla davam etmişdir. Təxminən 35 ilə yaxın ardıcıl olaraq davam edən bu böyük və şərəfli dövlətçilik marafonu mənsub olduğu xalqın və ölkənin taleyi və inkişafı ilə üzvi surətdə bağlı olub, onun təkamülü və tərəqqisi ilə əlaqədar bütün yüksəliş mərhələlərini əhatə etmişdir. O, sovet hakimiyyəti illərindəki Azərbaycana rəhbərliyi dövründə respublikanı ən sonuncu yerlərdən qabaqcıl mövqelərə çıxardığı kimi, dövlət müstəqilliyi illərində də böyük keşməkeşli hadisələri dəf edərək, müstəqil dövlətçiliyi qoruyub saxlamış və daha da möhkəmləndirmişdir. Bu baxımdan 15 İyun, sözün real mənasında, Azərbaycan xalqının və müstəqil Azərbaycan dövlətinin Qurtuluş Günü kimi tarixə daxil olmuşdur. Heydər Əliyev epoxası ölkəmizin tarixinə Azərbaycan xalqının və müstəqil dövlətçiliyin xilası, qurtuluşa və böyük gələcəyə hazırlanması dövrü kimi həkk olunmuşdur.
Bütün bunlarla bərabər, Heydər Əliyevi əsl insan və şəxsiyyət kimi səciyyələndirən xüsusiyyətlər də onun böyüklüyü və ucalığının real təzahürlərindəndir. O, siyasi-ideoloji baxımdan qüdrətli olduğu kimi, mənəvi cəhətdən də heyrətamiz dərəcədə zəngin, bənzərsiz və möhtəşəm şəxsiyyət idi. Bu dahi insanın daxili-mənəvi xüsusiyyətləri onun siyasi keyfiyyətlərini tamamlayır və daha da möhkəmləndirir. Dövlətçilik sahəsində və böyük siyasətdə xüsusi məharət göstərən Heydər Əliyev şəxsiyyət kimi də bütövlük və mənəvi zənginlik nümunəsi olmuşdur.
Heydər Əliyevin sınaqlardan keçirib tanıdığı insanlara bəslədiyi inamı və doğmalığı heç nə ilə müqayisə etmək mümkün deyil. Heydər Əliyevin doğmalığını hiss etmək insanda özünə dərin inam hissi və daxili qürur duyğuları yaradırdı. Ulu öndərin inamını qazanmaq əqidə bütövlüyünə nail olmağın barometri idi. Heydər Əliyevin inamı – insani dəyərlərin aliliyi və siyasi etibarın sabitliyi və davamlı olması demək idi. Görkəmli dövlət xadimi Heydər Əliyev həyatda mövqeyi olan əqidəli və dinamik insanlara inanıb etibar etmişdir. Bu mənada “mövqeyini göstər” sözü Ulu öndərin adı ilə bağlı olan müdrik kəlam və siyasi meydanda ölçü vahidi hesab olunur.
Bundan başqa, Heydər Əliyevin doğmalığı və inamı mühitində yaşamaq həyatını böyük ideallara kökləmək demək idi. Görkəmli dövlət xadimi Heydər Əliyev müxtəlif tarixi formasiyalarda onunla birlikdə yaşayıb-çalışan insanların ideya-mənəvi cəhətdən, şəxsiyyət kimi və dövlət adamı olaraq formalaşmasında müstəsna dərəcədə mühüm rol oynamışdır. Bu qüdrətli insan həm görkəmli dövlət xadimi və həm də bütöv, sarsılmaz şəxsiyyət kimi nümunə olmuşdur. Azərbaycan dövlətçiliyi Heydər Əliyev siyasətinin işığında inkişaf etdiyi kimi, xalqımızın mənəvi dəyərləri və şəxsiyyətin miqyası da Ulu öndərin yaşatdığı və ucaltdığı dəyərlərin nəticəsində daha da yetkinləşərək möhkəmləndirilmişdir. O, sözün böyük mənasında, əsl dahi insan kimi özünün şəxsiyyətində dövlət xadiminə xas olan möhkəm iradə və uzaqgörənlik, aydın siyasi mövqe və yüksək idarəçilik bacarıqları ilə birlikdə, həm də dahiyanə sadəliyi, əqidə bütövlüyünü, müdrikliyi böyük məharətlə, həm də çox təbii şəkildə birləşdirmişdir. Heydər Əliyevin dövlətçilik istedadı nə qədər qeyri-adi və əlçatmaz idisə, onu şəxsiyyət kimi səciyyələndirən dəyərlər də əsl örnək olmuşdur.
Heydər Əliyevin inamında əqidə bütövlüyü ilə əməl vəhdətdə ifadə olunmuşdur. Ulu öndər həyatının ən çətin və keşməkeşli məqamlarında, mürəkkəb sınaqlar qarşısında qalanda da əqidə bütövlüyünün nümunəsini göstərmişdir. Həyatın və cəmiyyətin heç bir çətinliyi və gərginliyi onu əqidə sarıdan sınağa çəkə bilməmişdir. O, sözün əsl mənasında, böyük siyasətin “Ənəlhəqq” andına nümunədir. Qüdrətli dövlət xadimi Heydər Əliyevdə əqidə dönməzliyinin nümunəsi olan İmadəddin Nəsimi möhtəşəmliyi vardır. Böyük Azərbaycan şairi Nəsiminin məşhur “Sığmazam” qəzəli sanki Ümummilli liderin əqidə bütövlüyünün manifestidir.
Keşməkeşli və mənalı həyatı, çoxcəhətli, məsuliyyətli və şərəfli fəaliyyəti ilə o, əqidə bütövlüyünü həm də əməli işi, xidmətləri ilə əyani şəkildə təsdiq etmişdir. Sovet Azərbaycanına rəhbərlik etdiyi illərin hər günü böyük əməllərin salnaməsidir.
SSRİ-nin əsas rəhbərlərindən biri kimi Heydər Əliyev əməlləri ilə Siyasi Büro üzvləri sıralarında fərqli sima kimi qəbul olunmuşdur. Bu gün də SSRİ Nazirlər Soveti Sədrinin Birinci müavini Heydər Əliyevin Sovet İttifaqı miqyasındakı xidmətləri və əməlləri əfsanəyə çevrilərək yaşayır. Müstəqil Azərbaycan dövlətinin böyük sınaqlardan keçərək yaşaması və yolunu davam etdirmək şansı qazanması Ümummilli liderin atdığı qətiyyətli addımların sayəsində mümkün olmuşdur. Beləliklə, Azərbaycan xalqı Heydər Əliyevin dövlətçilik məktəbinin və insanlıq dərslərinin sınaqlarından keçərək inkişaf etmiş, kamilləşmiş və daha da möhkəmlənmişdir. Həmçinin müstəqil Azərbaycan dövləti yaşaması və əbədiyyət qazanması üçün Heydər Əliyevin dönməz və bütöv əqidəsinə, böyük əməllərinə borclu və minnətdardır.
Heydər Əliyevin dünyanın görkəmli dövlət xadimləri ilə etibarlı münasibəti Azərbaycan xalqına beynəlxalq aləmdə əhəmiyyətli tərəfdaş ölkələr və liderlər qazandırmışdır. Azərbaycan xalqının dünya birliyində özünəlayiq yer tutması üçün Heydər Əliyevin dostları olan dövlət rəhbərlərinin siyasi iradəsi, beynəlxalq ictimaiyyətin rəyi və münasibəti mühüm rol oynamışdır. Əgər XX əsrin doxsanıncı illərində Heydər Əliyevin ABŞ-nin Prezidenti Bill Klintonla, dövlət katibi Madlen Olbraytla, Böyük Britaniyanın Baş naziri, “dəmir ledi” kimi şöhrət qazanmış Marqaret Tetçerlə, Türkiyə Cümhuriyyətinin Prezidenti Süleyman Dəmirəllə, Rusiya Federasiyasının Prezidenti Vladimir Putinlə, Çin Xalq Respublikası, Almaniya, Fransa kimi dövlətlərin rəhbərləri ilə tam və aydın, etibarlı münasibətləri, inamı və etibarı olmasaydı, Azərbaycan xalqı müstəqilliyin başlanğıc illərindəki keşməkeşli dövrlərin sınaqları zamanı böyük çətinliklərlə üzləşə bilərdi. Həmin qarmaqarışıq dövrlərdə taleyin gəmisinin hansı sahilə doğru yan alacağını təxmin etmək çox çətin idi. Məhz Heydər Əliyevin dünya birliyində qazandığı böyük etibar, nümayiş etdirdiyi qətiyyət və qəhrəmanlıq tam mənası ilə Azərbaycan xalqının və dövlətinin xilası demək idi.
“Bir millət, iki dövlət” kəlamı görkəmli dövlət xadimi Heydər Əliyevin dahiyanə kəşfidir. Bu, qardaş Türkiyə ilə əlaqələrin real əsası, türk dünyasına inteqrasiyanın strategiyasıdır. Bu, Heydər Əliyevin türk xalqına və Türkiyə Cümhuriyyətinə bəslədiyi inamın siyasi düsturudur.
Eyni zamanda, Heydər Əliyevin sadə adamlarla, keçmiş tələbəlik dostları ilə, gənclik yoldaşları ilə çox səmimi, etibarlı münasibətləri Azərbaycan cəmiyyətində mənəvi tarazlığın, ictimai-siyasi sabitliyin, qarşılıqlı münasibətlərin nəinki qorunub saxlanılmasında, hətta, daha da möhkəmləndirilməsində həlledici rol oynamışdır.
Ümumiyyətlə, Heydər Əliyevə inam Azərbaycan xalqına və müstəqil Azərbaycan dövlətçiliyinə etibarın rəmzidir. Heydər Əliyev ideallarına və şəxsiyyətinə inam müqəddəs dəyərlərə inam qədər məsuliyyətli və şərəflidir.
Azərbaycan xalqının Ümummilli lideri əsl dövlətçilik və insanlıq nümunəsidir. Bu dahi insan bütöv və parlaq şəxsiyyəti, geniş dünyagörüşü, zəngin mənəviyyatı ilə də nəsillər üçün böyük örnəkdir. İnsanlara münasibətindəki həssaslıq, doğmalıq və inam Heydər Əliyevin möhtəşəm obrazının ana xətlərindəndir.
Heydər Əliyev görkəmli dövlət xadimi və böyük siyasi xadim qədər olduğu səviyyədə də əsl insanlıq etalonudur. Bu unudulmaz şəxsiyyətin keşməkeşli və mənalı həyatı, sözün əsl mənasında, insanlıq nümunəsidir.
Müstəqil Azərbaycanın hər yeni nəsli üçün Heydər Əliyevin həyatı, mübarizəsi və idealları böyük siyasət və əsl həyat məktəbidir. Ümummilli lider doğma xalqına inam bəslədiyi kimi, xalq da ona bütün varlığı ilə ürəkdən inanmışdır. O, 1993-cü ildə xalqına olan sarsılmaz inamının dalğasında müstəqil Azərbaycan dövlətinə rəhbərlik etmək missiyasını qəbul etmişdir. “Hakimiyyətin mənbəyi xalqdır” tezisi Heydər Əliyevin xalqa və xalqın da ona inamının siyasi formuludur. Xalqın və ölkənin mənafeyi Heydər Əliyev üçün şəxsi həyatından qat-qat üstün olan ali dəyərlərdir. Heydər Əliyev epoxasının əsas devizi xalq və dövlət ideallarının vəhdətindən ibarətdir. Heydər Əliyevin ürəkdən inandığı və etiqad etdiyi bu ali dəyərlər insanlığın və dövlətçiliyin əsas meyarlarıdır.
Görkəmli dövlət xadimi Heydər Əliyevin “Mən ona özüm qədər inanıram” sözləri də müstəqil Azərbaycan dövlətində, xalqımızın dilində zərb-məsələ çevrilmişdir. Azərbaycan Respublikasının Prezidenti, müzəffər Ali Baş Komandan İlham Əliyevin uğurlu dövlətçilik fəaliyyəti Heydər Əliyev inamının böyük təntənəsidir. Möhtərəm Prezidentimizin uğurla davam etməkdə olan 21 illik fəaliyyətindən çıxan ən mühüm nəticə müzəffər Ali Baş Komandanın özü tərəfindən böyük səmimiyyətlə etiraf olunmuş “Ata vəsiyyətinə əməl etdim” sözlərində əksini tapmışdır. Azərbaycan xalqının lideri İlham Əliyev “Ata vəsiyyətinə” hansı miqyasda və necə əməl etməyin etalonudur. Ulu öndərin özü qədər inandığı İlham Əliyev qazandığı böyük tarixi zəfərlərlə, yaratdığı yeni və möhtəşəm Azərbaycanla nəinki xalqımızı, hətta bütün dünyanı əsl dövlət xadiminin və liderin necə olmasına qəti şəkildə inandırmışdır. Dünya şöhrətli görkəmli yazıçı Çingiz Aytmatovun aşağıdakı sözləri Prezident İlham Əliyevin müasir dövrün dünya liderləri arasındakı yerini və mövqeyini çox dolğun şəkildə ifadə edir: “İlham Əliyev qloballaşan dünyanın lider etalonudur”.
Ulu öndər Heydər Əliyev hələ 25 sentyabr 1990-cı ildə Nehrəm dairəsindən Azərbaycan Respublikasının Milli Məclisinə namizəd kimi seçkilərdə iştirak edərkən seçicilərlə görüşündə dediyi aşağıdakı sözlər, əslində, müstəqil Azərbaycan dövlətinin strategiyasının ifadəsi idi: “Mənim əsas məqsədim Azərbaycanın ərazi bütövlüyünü və Azərbaycan hakimiyyətini respublikanın bütün ərazisində bərqərar etməkdən ibarətdir… Bunun üçün Azərbaycan tam müstəqil, azad, demokratik respublika olmalıdır.”
Azərbaycan Respublikası cəmi 44 gün ərzində Ermənistanın Qarabağdakı 30 illik işğalına son qoymuşdur. Bu, müzəffər Ali Baş Komandan İlham Əliyevin “dəmir yumruğ”unun möcüzəsidir.
Azərbaycanın ərazi bütövlüyü və tam suverenliyi möhtərəm Prezident, müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən təmin edilmişdir. Bu, Azərbaycanın çoxəsrlik tarixinin ən mühüm hadisəsidir.
Prezident İlham Əliyev 8 noyabr 2023-cü il tarixdə Xankəndi şəhərində hərbi paradı qəbul etmişdir. Bu, dövlət rəhbərimizin əfsanələri reallığa çevirməsinin əməli ifadəsidir.
Azərbaycan Respublikasının Qazax rayonu ərazisində Ermənistanla dövlət sərhədində yerləşən 4 kənd silaha əl atılmadan azad edilmişdir və həmin ərazilərdə sərhəd dirəkləri ucaldılmışdır. Bu, İlham Əliyevin ucalmaqda davam etdiyi Azərbaycanı bütövlüyünə qovuşdurma qüdrətinin mühüm hadisəsidir.
Məhz Prezident İlham Əliyevin dəmir iradəsi ilə Azərbaycan Respublikası azad, demokratik ölkə kimi dünyada özünü təsdiq etmişdir. Bu, müstəqillik qazanmış yeni dünya ölkələri üçün İlham Əliyev nümunəsidir.
Rusiya sülhməramlıları Azərbaycan ərazisini xoşməramlı şəkildə tərk etmişlər. Bu, Prezident İlham Əliyevin dövlət başçısı kimi böyük nüfuzunun real göstəricisidir.
Azərbaycan xalqı inanır ki, Prezident İlham Əliyevin iradəsi ilə Ermənistanla sülh müqaviləsi imzalanacaq və Zəngəzur dəhlizi açılacaqdır.
Xalqımız əmindir ki, istənilən ən çətin və mürəkkəb vəziyyətlərdə Prezident İlham Əliyev bütün məsələlərin ən doğru həll yolunu tapacaqdır.
Azərbaycan Respublikasının daha parlaq gələcəyinə həm xalqımız və həm də dünya ictimaiyyəti möhkəm surətdə inanır. Dünya birliyində Müstəqil Azərbaycan dövlətinin nüfuzunun və rolunun daha da artacağına da inanmamaq olmaz.
Bütün bunlar Ulu öndər Heydər Əliyevin uzaqgörən siyasətinə və Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qüdrətinə xalqımızın böyük inamının reallıqlarıdır.
İsa HƏBİBBƏYLİ,
AMEA-nın prezidenti, Milli Məclisin deputatı, akademik