Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏQALƏLƏR

13.05.2024 14:35
  • A-
  • A
  • A+

Milli dövlət ideologiyası məsələsinin Heydərizm, Qandiizm və Kamalizm ideologiyaları kontekstində müqayisəli təhlili

Milli dövlət ideologiyası məsələsinin Heydərizm, Qandiizm və Kamalizm ideologiyaları kontekstində müqayisəli təhlili

İkinci məqalə

Milli dövlət ideologiyası məsələsinin Heydərizm, Qandiizm və Kamalizm ideologiyaları kontekstində müqayisəli təhlilləri istiqamətində Ulu Öndər Heydər Əliyevin dövlət idarəçiliyi siyasətinin Hindistanda “ulu ruh”- mahatma, “xalqın atası-bapu” adlandırılan “Həqiqət Tanrı’dır” həyat fəlsəfəsinin banisi Mohandas Karamçand Qandi “məktəbi” ilə uzlaşan əsaslarını lokonik şəkildə nəzərdən keçirib qiymətləndirməyi zəruri hesab edirik. 

Bu fəlsəfi sistemi humanizm mahiyyətli - sülh, əmin-amanlıq, dinc yolla müqavimət amilləri ilə tamamlanır ki, biz böyük hind Liderinin siyasət nəzəriyyəsi ilə Azərbaycan xalqının Ulu Öndəri Heydər Əliyevin dövlət idarəçiliyi siyasətində üst-üstə düşən prinsipləri aydın görə bilərik. Məsələn, Heydər Əliyevin Azərbaycanın istiqlaliyyətinə, işğal altında olan torpaqlarımızın dinc yolla azad edilməsinə, sabitliyə çalışmasını təsdiq edən faktlar. Həmçinin Azərbaycanda yaşayan çoxsaylı xalqlara, etniklərə yerli vətəndaşlarla eyni, bərabər səviyyədə münasibət göstərilməsi, ölkənin müxtəlif sahələrində hamının seçki hüququna, vəzifələrə irəli çəkilməsinə diqqət göstərilməsi və s. görə bilərik.

Əlbəttə ki, Mahatma Qandi ilə Heydər Əliyevin liderlik dövrləri fərqli zamanlara təsadüf edir. Lakin dövlət idarəçiliyində hər iki liderin qarşılaşdığı problemlər mahiyyət etibarilə oxşar olmuşdur.

Məsələn, Ulu Öndər Heydər Əliyev də İslam ənənələrini yüksək qiymətləndirir, o cümlədən Məhəmməd Peyğəmbərin nəvəsi, islam tarixində xüsusi yeri olan İmam Hüseyn hadisəsini qəhrəmanlıq kimi dəyərləndirirdi ki, yuxarıda iqtibas gətirdiyimiz fikirlər də bu iki dünya dahisi və liderinin ideya birliyini də təsdiq edir. 

Dinə münasibətdə müqayisə üçün Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə Azərbaycan Respublikası Prezidenti kimi andiçmə mərasimindəki nitqində xalqımızın mühüm milli-mənəvi əsası olan İslam dinini dəyərləndirən fikirlərini də misal gətirməyi zəruri hesab edirik. Ulu öndər yüksək ali tribunadan dövlət rəhbəri mövqeyini belə bəyan etmişdir:

“Xalqımız öz dininə qayıtdı. İslam dini dünyada öz tarixi yerini tutmuşdur. Xalqımızın mənəviyyatına, elminə, qüdrətinə, zəkasına islam dininin böyük təsiri olmuşdur. Milli ənənələrimiz, mədəniyyətimiz bir çox hallarda islam dini vasitəsilə nəsildən nəsilə keçib, indi böyük milli sərvətimiz kimi bugünkü nəsillərə çatmışdır. Azərbaycanda islam dininə insanların sərbəst etiqad etməsi üçün bütün şərait yaradılmış və bundan sonra da yaradılacaqdır. Güman edirik ki, bizim dinimiz respublikanın bu ağır dövründə vətəndaş həmrəyliyinin, vətəndaş birliyinin yaranması üçün çox böyük fəaliyyət göstərəcəkdir”.

Heydər Əliyevin aşağıdakı iqtibasda ifadə olunan fikirləri onun dini xalqın mənəviyyat hadisəsi və milli ideya kimi əsaslandırdığını göstərir “İslam dininin bəşər mədəniyyətinə, bəşər sivilizasiyasına verdiyi tövhələr və xüsusən mənəvi dəyərlər əvəzsizdir, misilsizdir. Biz müsəlmanlar fəxr edirik ki, mənsub olduğumuz islam dini dünyanın böyük bir hissəsini əhatə edir və bəşər tarixi boyu insanların mənəvi cəhətdən yüksəlməsinə və dünyada inkişafa, sülhün, əmin-amanlığın yaranmasına xidmət etmişdir”, “Azərbaycan islam mədəniyyətinin, islam milli-mənəvi ənənələrinin ümumbəşəri mənəvi dəyərlə vəhdətindən doğulan bugünkü Azərbaycandır”. 

Ulu Öndər İslam dininin xalqımızın mədəniyyət, əxlaq şüurunun inkişafında misilsiz rolunu daim xüsusi qeyd etməklə bərabər onun necə deyərlər “tənqidlərinə” də ciddi mövqedən münasibət bildirmişdir. Məsələn, Ulu Öndər böyük Azərbaycan yazıçısı və mütəfəkkiri Cəlil Məmmədquluzadənin “Ölülər” əsərində din adamlarının kəskin tənqid etməsi məsələsinin bəzən düzgün mövqedən izah olunmaması, əslində süni olaraq ideyanın təhrif edilməsinə çox orijinal, həqiqi elmi-fəlsəfi qiymət verərək demişdir: ““Ölülər” əsəri ölməz əsərdir. O, yazıldığı vaxt da lazım idi, o bizə bu gün də lazımdır. “Ölülər” əsərindən uzun müddət din əleyhinə təbliğatda istifadə edilib və çox hallarda o, din əleyhinə yazılan bir əsər kimi qəbul olunubdur. Təəssüf ki, o dövrdə bəlkə bu belə idi. Çünki bizim həyatımızda ateist tərbiyəsi hökm sürürdü, din inkar olunurdu və bu əsər bəlkə də bu baxımdan, həmin istiqamətdə xidmət göstərirdi.

Ancaq Mirzə Cəlil bu əsəri yaradarkən heç də dinə müxalif çıxmayıbdır, əksinə, bu əsərlə islam dininin xalqımız üçün nə qədər böyük mənəvi dəyər olduğunu sübut etməyə çalışıbdır. Eyni zamanda o, dini təhrif edənləri, dindən istifadə edib fırıldaqçılıqla məşğul olanları ifşa edib, tənqid atəşinə tutubdur”.

Heydər Əliyevin “din - xalqın minillər boyu öz əxlaqında, mədəniyyətində yaşatdığı milli dini dəyərlər    məhz milli ruh, milli ideya mahiyyətində əsas təşkil edir. Burada böyük Azərbaycan maarifçisi Həsən bəy Zərdabinin xüsusi olaraq vurğuladığı bir fikrə diqqəti yönəltməyi zəruri hesab edirik. Belə ki, H.Zərdabi elm-tərəqqi, dil və din, onların güclü faktor olmasına münasibət bildirərək yazmışdır ki, “... Elm təhsil etmək ilə tərəqqi edib irəli gedən vaxtda hər tayfa gərək iki şeyi bərk saxlasın ki, bu şeylərdən birisi dil və birisi din və məzhəbdir. Elə ki, bunlardan birisi əldən getdi, tayfanın beli sınan kimidir. İkisi də gedəndə qeyri-tayfalara qarışar, mirar ilə yox olar”, - fikri Mahatma Qandi ideologiyası ilə demək olar ki, eyni qəbildəndir.

Bu baxımdan Heydər Əliyevin Azərbaycanda keçirilmiş İslam dini mövzusunda beynəlxalq konfransında və Qafqaz müsəlmanlarının qurultayında nitqləri bu yaddaş arxivlərini təzələyən materiallar sırasında xüsusi əhəmiyyət kəsb edir. Milli lider bu nitqlərində İslam tarixi, onun inkişafı və digər aktuallıq kəsb edən dini məsələlərdən bəhs edərkən dünyagörüşü amilində dinin təsirini, xüsusilə, İslam dini mədəniyyətinin bəşərin mühüm dəyər amili mahiyyətini, insanların mənəvi kamilliyində onun misilsiz əhəmiyyətini əsl filosof kimi təhlil edib, qiymətləndirir, eyni zamanda öz xatirələrini xalqı ilə bölüşürdü. Məsələn, Ulu Öndər həmin nitqlərindən birində deyirdi: “Məlumdur ki, biz 70 il kommunist ideologiyası təsiri altında tərbiyələnərək dinimizdən və dinin bizə bəxş etdiyi mənəvi dəyərlərdən məhrum olmuşduq. Kommunist ideologiyasının bəşəriyyətə vurduğu zərbələrdən ən böyüyü 70 il müddətində dinə qarşı aparılmış təbliğat və xüsusən dinin qadağan olunması və dinin təhrif edilməsi olmuşdur.Ancaq eyni zamanda bu tarix onu da göstərir ki, din, o cümlədən bizim mənsub olduğumuz İslam dini o qədər qüdrətə malikdir ki, o qədər gücə malikdir ki, heç bir ideologiya, heç bir hakimiyyət, heç bir hökmdar onunla bacara bilməz və 70 illik tarix də göstərdi ki, bunu bacara bilmədi”.

Heydər Əliyevin bu nitqində də söylədiyi fikirlər dərin məzmunu, milli ruhu, eyni zamanda elmi əhəmiyyəti ilə yadda qalır. Həmçinin də Heydər Əliyev bu nitqində bir siyasi lider olaraq dini dünyanın qlobal problemlərinin həlli üçün vasitə hesab edir, demokratik inkişafda dinin imkanlarına əsaslanılmasının vacib şərt kimi irəli sürür. Məsələn, “...Din, xüsusən İslam dini çoxəsrlik tarixi boyu özündə elə xüsusiyyətlər formalaşdırmışdır ki, bizim üçün müqəddəs olan Qurani-Kərim, Həzrəti Məhəmmədi Peyğəmbərin müsəlmanlara göstərdiyi yol və verdiyi tövsiyələr insanların daxili mənəviyyatına o qədər uyğun olmuşdur ki, insanlar üçün o qədər faydalı olmuşdur və insanların həyatında o qədər müsbət rol oynamışdır, insanları o qədər səadətə çatdırmışdır ki, bu adət-ənənələr, bu dini qanun-qaydalar nəsildən-nəslə yaşamış və heç bir məhdudiyyət bunun qarşısını ala bilməmişdir”.

Bu cür yüksək mənəvi hisslərə malik  Heydər Əliyevin öz dininə, öz ana dilinə bağlılığı və bu ülvi hisslər, müqəddəs  duyğular, elmi baxımdan vətəndaşlıq-mənəviyyat məsələsi şüurlu olaraq onun idarəçilik siyasətinə də təsir edir, dövlət quruculuğu sahəsində özünü  təcrübədə  təsdiqləmiş olurdu.

Təsadüfi deyil ki, Heydər Əliyevin hakimiyyətə gəldiyi qısa bir müddətdə (6 il ərzində) ölkədə məscidlərin sayı 18-dən 1000-ə çatmış, respublikada “Dini Qurumlarla İş Komitəsi” yaradılmış, islam təhsil məktəbləri şəbəkəsi xeyli genişlənmişdir. Ulu öndər  respublikamızda və habelə xarici ölkələrdə din mövzusunda keçirilən tədqirləri daim diqqətdə saxlayır, dini əsaslar, şəxsiyyət azadlığı, sülh və dialoq amillərini yeritdiyi siyasi platformanın tərkib hissəsi  olaraq dəyərləndirirdi.   

Heydər Əliyev ölkə gənclərinin vətən qarşısındakı borcunu, torpaqlarımızın keşiyində igid əsgər kimi dayanmalarını, orduda şərəflə xidmətlərini və bununla bərabər onların ümumdövlət quruculuğunda fəal iştiraklarını düşünür və sabahın sahiblərinə milliliyi, vətənpərvərliyi, yüksək mənəviyyatlılıq, habelə ədalət, həqiqət, birlik, həmrəylik kimi yüksək əxlaqi  hissləri aşılayırdı.

Heydər Əliyevin 13 avqust 2001-ci il tarixli Bəyanatı bu baxımdan gənclərə və həmçinin də bütün xalqa əsl mənəvi tərbiyə manifesti hesab oluna bilər. Bu bəyanat və ondan ucalan fikirlər müasirləşmə adı ilə yad əxlaq keyfiyyətlərinə meyillənən gənclərə həm dövlətin milli siyasət platforması pirinsipləri, həm də ağsaqqal tövsiyəsi, nəsihət və vəsiyyəti adlana bilər. Bəyanat bir çox aspektlərdən, o cümlədən gənc qadınların həyatının qorunması, digər tərəfdən analar, qadın müəllimlər və ümumiyyətlə bütün cəmiyyət üzərinə düşən vəzifələrin  müəyyənləşməsi baxımından öz dövründə olduğu kimi bu gün də aktuallıq kəsb edir.  Bəyanatdan gətirəcəyimiz misallar bunu təsdiqləyir.

“Bizim millətimizdə, xalqımızda, azərbaycanlılarda namus-qeyrət həmişə ən yüksək keyfiyyət hesab olunubdur. Amma namusunu, qeyrətini, şərəfini alçaldan insanlar özləri-özlərini bu uçuruma salırlarsa, artıq başqalarının da mənəviyyatını pozurlar. Biz bunlara dözə bilmərik və xalqımızda dözməməlidir. Təəssüflər olsun ki, bizim cəmiyyətimizdə çoxları bunu görür, amma buna münasibətini bildirmir. Yaxud da üzünü  o tərəfə döndərir: mənə nə dəxli var. Bu desə ki, mənə nə dəxli var, o birisi desə ki, mənə nə dəxli var, onda bizim millətimiz ayrı-ayrı təxribatçıların əli ilə get-gedə əlbəttə ki, çox böyük çətinliklərlə rastlaşacaqdır”.

Aşağıdakı iqtibas isə milli liderin mənəvi, deməli, həm də  əxlaq dəyərlərinin keşiyində qətiyyətlə dayandığını və xalqa müraciətlə bu mirası qorumağı, uca tutmağı nəinki öz xüsusi şəxsiyyət  xarakeri ilə tövsiyə etdiyini, hətta dövlətin səlahiyyəti, siyasi idarəçiliyin məsuliyyəti kimi, vətəndaşlıq-mənəviyyat ideyası mahiyyətində irəli sürdüyünü göstərir:

  “Hər bir insan özü öz mənəviyyatını qorusun. Əgər görəndə ki, haradasa mənəviyyat pozulur, onun qarşısını alsın. Onun arxasında getməsin. Parnoqrafiya halına düşmüş bəzi qəzetlər, jurnallar burada nəşr olunur və ayrı-ayrı adamlar tərəfindən alınır. Amma əgər onu nəşr edənlər bilsələr ki, bunlar alınmır, onlar nəşr etməzlər. Ona görə də mən həmin şəxslərə də müraciət edirəm ki, düşünsünlər; onlar Azərbaycan xalqına məxsusdurlar. Azərbaycan xalqının milli-mənəvi dəyərləri onları bugün ki, günə gətirib çıxarıbdır. Bunlara xəyanət etmək olmaz. Bu sözləri deyərkən mən xalqa müraciət edirəm, Azərbaycan xalqını çağırıram ki, bizi narahat edən  bu nalayiq və cəmiyyətimiz üçün təhlükəli olan halların qarşısının alınması üçün hərə öz səyini göstərsin”.

Beləcə hər iki siyasi liderin xalqlar, millətlər tarixi və taleyində din mühüm amil, zəruri bir məsələ olması ilə bağlı qənaətləri bəşəri xarakterdə olub, əhəmiyyət kəsb edir.  

Qandiizm təhsillə bağlı ideologiyası da Heydər Əliyevin təhsil siyasəti ilə paralellik təşkil edir və bu amil Heydərizm konsepsiyasının əsaslanmasında mühüm amillərdən biri olaraq əhəmiyyət kəsb edir.

Məsələn, Ulu Öndər Heydər Əliyev 30 sentyabr 2002-ci il tarixində Azərbaycan Respublikası Konstitusiyasının 21-ci maddəsinin I hissəsinə müvafiq olaraq Dövlət dilinin təhsil sahəsində işlənməsi (Maddə 5. ); o cümlədən   Azərbaycan Respublikasında ali və orta peşə-ixtisas təhsili müəssisələrinə qəbul zamanı Azərbaycan dili fənnindən imtahan verilməlidir (5.3.) kimi müddəaları tətbiq etmişdi.

Azərbaycan Dövlətinin Milli Təhsil Strategiyası sahəsində həyata keçirilmiş tarixi əhəmiyyətli islahatlar arasında Heydər Əliyevin imzaladığı Azərbaycan Respublikasının Təhsil Sahəsində İslahat Proqramı haqqında 15 iyun 1999-cu il tarixli 168 saylı Sərəncamı Qandiizmin Təhsil siyasəti ilə Ulu öndər Heydər Əliyev Təhsil strategiyasının müqayisəli təhlili və qiymətləndirilməsi baxımından xüsusilə dəyərli mənbədir. 

Qandiizmin mənəvi təmizlənmə prinsipini Heydər Əliyevin siyasi Lider məktəbində izlədikdə ən mükəmməl konsepsiya ilə qarşılaşırıq ki, bu da  Heydərizmin dəyərinin müəyyən edilməsində mühüm əhəmiyyət daşıyır.  Əslində Heydər Əliyevi mənəviyyat    məsələləri ilə bağlı fikirləri sistem halında xüsusi bir məktəbdir ki, onu çox müxtəlif aspektlərdən – aksiolofiya, - identiklik, etnoqrafiya, etika, fəlsəfə və əlbəttə ki, siyasət kontekstlərində tədqiq, təhlil edib qiymətləndirmək mümkündür, eyni zamanda labüddür.

Məsələn, Heydər Əliyevin 13 avqust 2001-ci il tarixli Bəyanatından gətirdiyimiz misal milli-mənəvi dəyərlərin etno-identik dəyərini aşılamaqla Heydərizm konsepsiyasına  yeni ruh vermişdir: “Hər xalqın öz adət-ənənəsi var, öz milli-mənəvi və dini dəyərləri var. Biz öz milli-mənəvi dəyərlərimizlə, öz dini dəyərlərimizlə, adət-ənənələrimizlə fəxr edirik. Bizim xalqımız yüz illərlə, min illərlə adət-ənənələrimizi, milli-mənəvi dəyərlərimizi yaradıbdır və bunlar indi bizim xalqımızın mənəviyyatını təşkil edən amillərdir”. 

Eləcə də aşağıdakı iqtibasda cəmlənmiş fikirlər Heydərizm konsepsiyasının Qandiizmin mənəvi saflıq ideologiyası ilə uzlaşan məzmun və mahiyyətini ifadə edir: “...biz öz milli-mənəvi dəyərlərimizi, adət-ənənələrimizi, əxlaqi dəyərlərimizi bütün istiqamətlərdə qorumalıyıq, saxlamalıyıq və gənc nəsli əsrlər boyu böyük sınaqlardan keçmiş bu mənəvi, əxlaqi dəyərlər ruhunda tərbiyələndirməliyik. Hər xalqın öz mentaliteti var. Bizim Azərbaycan xalqının mentaliteti onun böyük sərvətidir. Heç vaxt iki xalq bir-birinə bənzəməz. Heç vaxt iki xalq bir-birinə bənzər dəyərlərə malik ola bilməz. Yenə də deyirəm, hər xalqın özünə, öz tarixi köklərinə, əcdadları tərəfindən yaradılmış milli-mənəvi dəyərlərinə bağlılığı böyük amildir. Biz də indi dünyanın mütərəqqi mənəvi dəyərlərindən istifadə edərək, xalqımızın mədəni səviyyəsini daha da inkişaf etdirərək, gənc nəsli daha da sağlam əhval-ruhiyyədə, saf əxlaqi əhvali-ruhiyyədə tərbiyələndirməliyik”.

Məlumdur ki, Qandiizmin ən mühüm nəzəriyyəsi Ahisma – dinc, müqavimətsiz mübarizə üsulu, başqa cür ifadə etsək “öldürmə” prinsipi olmuşdur və böyük hind ideoloqu bütün dünyada bu amalı ilə məşhurlaşmışdır.

Heydərizmin də ən ali məqsədlərindən biri sülh, sabitlik, insan azadlığı olmuşdur. Heydər Əliyev bu amalla yaratdığı gənc, müstəqil Azərbaycan respublikasında ölüm hökmünü ləğv edərək hüquqi dövlət, şüurlu tolerant cəmiyyət idealını inkişaf etdirmişdir.

Tarixə eksklüziv nəzər yetirsək İkinci Dünya Müharibəsinin böyük dağıntılar və insan faciələri sonluqları ilə bərabər, İnsan hüquq və azadlıqları istiqamətində genosid, terrorizm mahiyyətli geniş miqyaslı itkilərə səbəb olduğunu görərik. Heç də təsadüfi deyil ki, həmin dövrdə milyonlarla insanın ən qəddar formalarda məhv edilməsi faktları ilə bəşər tarixinə qara hərflərlə yazılan müharibədən sonra həyatın öz axarına düşməsi, demoqrafik səviyyənin normallaşması, insanlarda ləyaqət hissinin bərpası, bütövlükdə hüquq və azadlıqların bərpası problemləri dünya siyasətinin əsas müzakirə mövzusuna çevrilmişdir. Bu baxımdan BMT-nin Baş Assambleyası tərəfindən 1948-ci il dekabrında qəbul edilmiş İnsan Hüquqları Bəyannaməsinin 3-cü və 5-ci bəndlərinə əsasən, “hər kəsin yaşamaq hüququ vardır və heç kim işgəncə və ya qəddarlığa, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəzaya məruz qalmamalıdır” qanunu qüvvəyə mindikdən sonra, bütün dünyada ölüm hökmlərinin tətbiqinin məhdudlaşdırılması və tamamilə ləğvi ənənəsinin yaranıb inkişaf etməyə başlaması qanunauyğun hadisə idi. Lakin tarixi faktlar təsdiq edir ki, dünya dövlətləri müvafiq qərara dərhal reaksiya verməmiş və Baş  Assambleya bir neçə dəfə təkrar olaraq, məsələn, 1977-ci, 1980, 1989-cu illərdə bu mövzuya yenidən qayıdaraq hüquqi rəsmi sənədlərlə çıxış etmişdir.

1993-cü ildə də BMT ölüm hökmünə veta qoymuş və bu onillik ərzində dünyanın 40-a yaxın dövləti öz qanun məcəlləsinə ölüm hökmünün ləğvi maddəsini daxil etmişdir .

Bu dövlətlər arasında Heydər Əliyevin prezidenti olduğu Müstəqil Azərbaycan Respublikası da vardı və Ulu Öndər İnsan həyatının yeganə qayəsi həyat - ömür hadisəsinə ali humanist  müdrik lider  mövqeyindən dəyər verərək 1998-ci ildə və həm də Şərqdə ilk dövlət rəhbəri olaraq ölüm hökmünün ləğv edilməsi haqqında qərar imzaladı. İmzalanmış qərarın mətninin hər cümləsində, hər sözündə dərin vətənpərvərlik, milli-mənəvi dəyərlərə hörmət, eyni zamanda hüquqi əsaslar əksini tapmışdır: 

“1998-ci il fevralın 3-də isə Heydər Əliyev Azərbaycan Respublikasında ölüm hökmünün ləğv edilməsi haqqında Milli Məclisə müraciət etdi. Müraciətdə deyilir: “Bütün bunlar Azərbaycan xalqının çoxəsrlik ənənələrindən irəli gəlir, ən yüksək dəyər olan insan həyatının qorunmasına təminat verir, cəmiyyətimizi insaniləşdirir, insan ləyaqətinə hörmət və ehtiramı, bütünlükdə ölkəmizdə demokratiyanın inkişafını nümayiş etdirir, xalqımızda nikbin gələcəyə inam yaradır. Mən cinayət-hüquq siyasətini hərtərəfli təhlil edərək, ədalət, azadlıq, humanizm və insanpərvərlik kimi yüksək ideallara sadiq qalaraq ölkəmizdə ölüm cəzasının ləğv edilməsi qənaətinə gəlib bu tarixi bəyanatı vermişəm. Ölüm cəzasının ləğvini məhz bu siyasətin məntiqi nəticəsi kimi qiymətləndirirəm”.

Bu iqtibasdan ucalan ideyalar birbaşa Qandiizm və Heydərizmin ümumbəşəri ideyada - ölümə qarşı eyni mövqedə olduğunu, həmçinin də milli mənəvi əsaslardan, həm sivil hüquqi dövlət siyasətinin önündə dayanan demokratik prinsiplərdən, İnsan-vətəndaş fəlsəfi əxlaqının ədalət, azadlıq, humanizm kimi yüksək keyfiyyətlərindən çıxış etdiyini təsdiqləyir. 

Ölüm hökmünün ləğvi Bəyanatından neçə-neçə vətəndaşa səhvlərini düzəltmək və eyni zamanda mənəviyyatını sağlamlaşdırma imkanı verdi ki, bu həm də Azərbaycan ailələrinin ömürlük əziz adamını itirmək acısından azad olması demək idi. Əlbəttə, Heydər Əliyev müraciətində xüsusi vurğulayırdı ki, “Ölüm hökmünün ləğv olunması hansısa bir cinayətkara rəhm etmək məqsədi daşımır. Bu, ümumbəşəri, ümumxalq əhəmiyyətinə malik bir məsələdir. Ölüm hökmünün ləğv olunması onu göstərir ki, respublikamız, müstəqil Azərbaycan dövləti humanist siyasət aparan bir dövlətdir”.

Heydər Əliyevin siyasi strategiyasında ölüm hökmü kimi insan azadlığı humanist mövqeyi də diqqət cəlb edir və əlbəttə ki, Qandiizmin dövrü ilə Heydərizmin dövrü arasındakı fərqlər nəzərə alınmaqla.

Məsələn, Heydər Əliyevin 1994-cü ildə xalqımızın itkin düşmüş vətəndaşlarının taleyi ilə məşğul olmaq üçün xüsusi qərarla “İtkin düşmüş və əsir götürülmüş şəxslərlə iş üzrə Dövlət Komissiyası” yaratması da buna əyani  bir misaldır.

Komissiyanın işinə əlaqədər təşkilatlar, habelə respublikanın tanınmış ziyalılarının daxil  edilməsi və onların bu sahədə ciddi işlər apararaq bir qrup vətəndaşımızı əsirlik kimi vəhşətlər dolu genosid vəziyətindən çıxarıb, vətənə və əzizlərinə qaytarması bütün respublika ictimaiyyətinə yaxşı məlumdur.

Heydər Əliyevin vətəndaş-əxlaq  hadisəsini dövlət idarəçiliyində mühüm amil kimi daim ön planda saxlamasına çox misallar gətirmək mümkündür. Bunlardan biri də ölkədə bütün hüquqi dövlətlərdə mövcud olan Əfv, Amnistiya fərmanlarının həyata keçirilməsi  nəticəsində yüzlərlə vətəndaşın bağışlanması və bununla da cəmiyyətdə insan şəxsiyyətinə inam gücü ilə sağlam mənəviyyat mühiti yaradılmasına nail olunması hadisəsidir.

Hüquqi təhlillərdə də qeyd olunduğu kimi “Çoxdan unudulmuş əfv və amnistiya institutlarının Ulu öndər tərəfindən bərpası da olduqca mühüm əhəmiyyətə malikdir. Məhz bu humanist siyasətin nəticəsidir ki, məhkumların bağışlanması müsbət ənənəyə çevrilmişdir. Minlərlə məhkumun əfv və amnistiya olunması ciddi tərbiyəvi əhəmiyyət daşımaqla, cəmiyyətdə mənəvi dəyərlər, humanizm hissi aşılamışdır”.

Müstəqil Respublikamızın taleyinə yazılmış Dağlıq Qarabağ ərazilərimizin işğalı və tarixi torpaqlarımızdan didərgin düşən vətəndaşlarımızın qarşılaşmış olduqları vətən itkisi acıları da Heydər Əliyevi daim düşündürmüş, onun üçün əsl ağrılı problemə çevrilmişdi.

Heydər Əliyev dünyaşöhrətli musiqiçi Mstislav Rostropoviç ilə görüşlərindən birində qonağın “Heydər Əliyeviç, Sizə ağrılı bir sual vermək olarmı? Bilirsinizmi, burada qaçqınlar olmasından çox üzülürəm. Bu məsələnin həllinin bir perspektivi varmı? -sualına Heydər Əliyev belə cavab vermişdi: “Bilirsinizmi, Slava, bu ağrılı məsələdir, mənim ürəyimdə bir yaradır. (Mstislav Rostropoviç: Mənim də ürəyimdə) Doğrudur, aprel ayında ürəyimdə cərrahiyyə əməliyyatı apardılar, özü də çox uğurla. Bu yara sağaldı. Amma qaçqınların taleyi və vəziyyəti ilə, Azərbaycanın indiki ağır vəziyyəti, ərazimizin 20 faizinin işğal edilməsi, öz yerlərindən qovulmuş bir milyon insanın olması ilə bağlı yara isə qalmaqdadır. İnanın ki, mən bu barədə nəinki gecə-gündüz düşünürəm, fikirləşirəm, həm də mümkün olan hər şeyi edirəm”.

Heydər Əliyev bir nitqində isə vurğulayırdı ki, “Bilin, mən şübhəsiz ki, böyük həyat yolu keçmiş insanam, təcrübəli adamam. Bəli, böyük siyasi təcrübəm var, biliyim var, dünyada çox şeylər görmüş adamam”. O, bu zəngin həyat və peşə səriştəsi ilə bütün mümkün “gedişləri” tətbiq edərək Dağlıq Qarabağ düyününün açılmasına səylər göstərir, həmçinin bütün ağrı-acısını, cəhdlərini hamıyla, o cümlədən də dahi musiqiçi Mstislav Rostropoviçlə də səmimiyyətlə bölüşürdü. Müdrik Liderin aşağıdakı iqtibasda cəmlənmiş fikirləri bunu təsdiq edir: “Lakin mən yenə də ümidlə yaşayıram. Son günlər bizdə yağışlar yağır. Elə leysan olmuşdu ki, Suraxanıda Ramana kəndini, başqa yerləri su basmışdı. Mən bərpa işləri görülməsi üçün xüsusi olaraq vəsait ayırmışam. Dünəndən bəri leysan yağış yağır. Əlbəttə, hər bir insan bundan əziyyət çəkir. Amma siz çadırlardakı adamların vəziyyətini təsəvvür edirsinizmi? Göydən tökülən bu qədər suyu çadır necə saxlaya bilər? Buna görə də vəziyyət çox ağırdır. Buna baxmayaraq, mən nikbin əhval-ruhiyyədəyəm. Hesab edirəm ki, biz razılaşmaya nail ola biləcəyik. Mən qarşıma belə bir məqsəd qoymuşam - Ermənistanla Azərbaycan arasında sülh, sülh yaratmaq. Hətta İstanbulda mən Cənubi Qafqazda, yəni Gürcüstanda, Azərbaycanda və Ermənistanda təhlükəsizlik və sülh paktı yaradılması haqqında çox böyük ideya irəli sürdüm. Təbii ki, şərt qoydum ki, bu pakt nə deməkdir, hansı tələbləri əhatə edir. Mən belə bir paktla çıxış edirəm”.

Bu iqtibasdakı müdrik fikirlərdən ucalan vətənpərvərlik hissləri Qandiizmlə Heydərizmi birləşdirən, daha başqa cür desək Heydərizmin əhəmiyyətini ucaldan əsas keyfiyyətlərdəndir. Belə ki, Qandiizmin əsas qaynağı öz xalqının İngilis müstəmləkəsindən, qəddar münasibətdən zülmündən xilası idi və təsadüfi deyil ki, Mohandas Qandi tarixə məhz Hindistan Azadlıq hərəkatının böyük Lideri kimi düşmüşdür. 

Tarixi keçmişimizi dərindən bilən Heydər Əliyev də xalqının əsrlər boyu erməni vandallığından zərər görməsini, həmçinin də müstəqillik yolunda qarşılaşmış olduğu soyqırımları, faciəvi hadisələri həmişə həssaslıqla qarşılamış, xalq-dövlət birliyi mövqeyindən dövlət maraqları səviyyəsində qiymətləndirmişdir. Məsələn, Heydər Əliyevin Gənc Azərbaycan Dövlətinin Prezidenti olaraq imzaladığı 26 mart 1998-ci il tarixli Fərmanda mənfur qonşularımız - ermənilərin xalqımıza qarşı törətdikləri soyqırımlar, həmçinin vətən torpaqlarımıza müdaxilələr mərhələli prinsipdə izlənilmiş, siyasi-hüquqi cəhətdən cinayət kimi əsaslandırılmışdır. Bu sənəddə xüsusi olaraq vurğulanmışdır ki, “Azərbaycan Respublikası müstəqillik qazandıqdan sonra xalqımızın tarixi keçmişinin obyektiv mənzərəsini yaratmaq imkanı əldə edilmişdir. Uzun illər gizli saxlanılan, üzərinə qadağa qoyulmuş həqiqətlər açılır, təhrif edilmiş hadisələr özünün əsl qiymətini alır. Azərbaycan xalqına qarşı dəfələrlə törədilmiş və uzun illərdən bəri öz siyasi-hüquqi qiymətini almamış soyqırımı da tarixin açılmamış səhifələrindən biridir. 1813-cü və 1828-ci illərdə imzalanan Gülüstan və Türkmənçay müqavilələri Azərbaycan xalqının parçalanmasının, tarixi torpaqlarımızın bölünməsinin əsasını qoydu. Azərbaycan xalqının bu milli faciəsinin davamı kimi onun torpaqlarının zəbti başlandı. Qısa bir müddətdə bu siyasət gerçəkləşdirilərək ermənilərin kütləvi surətdə Azərbaycan torpaqlarına köçürülməsi həyata keçirildi. Soyqırımı Azərbaycan torpaqlarının işğalının ayrılmaz bir hissəsinə çevrildi. İrəvan, Naxçıvan və Qarabağ xanlıqlarının ərazilərində məskunlaşdırılan ermənilər orada yaşayan azərbaycanlılarla müqayisədə azlıq təşkil etmələrinə baxmayaraq öz havadarlarının himayəsi altında Erməni vilayəti adlandırılan inzibati bölgünün yaradılmasına nail oldular”. 

Hadisələrin əsl nəbzini tutan bu Fərman bütün Azərbaycan xalqının milli-mənəvi hisslərini, vətən - torpaq itkisi acılarını, həmçinin babalarının başına gətirilmiş müsibətlərin gerçək mahiyyətini dolğun əks etdirməklə əslində bütün yaşananların vandal erməni daşnaklarının “böyük ermənistan” planlarının əsas hissəsi olduğunu ifadə edir: “Böyük Ermənistan” - yaratmaq xülyasından ruhlanan erməni qəsbkarları 1905-1907-ci illərdə azərbaycanlılara qarşı açıq şəkildə geniş miqyaslı qanlı aksiyalar həyata keçirdilər. Ermənilərin Bakıdan başlanan vəhşilikləri Azərbaycanı və indiki Ermənistan ərazisindəki Azərbaycan kəndlərini əhatə etdi. Yüzlərlə yaşayış məntəqəsi dağıdılıb yerlə yeksan edildi, minlərlə azərbaycanlı vəhşicəsinə qətlə yetirildi. Bu hadisələrin təşkilatçıları məsələnin mahiyyətinin açılmasına, ona düzgün hüquqi-siyasi qiymət verilməsinə maneçilik törədərək azərbaycanlıların mənfi obrazını yaratmış, özlərinin avantürist torpaq iddialarını pərdələmişlər”.

Heydər Əliyev 2003-cü il 27 mart tarixində “31 mart Azərbaycanlıların Soyqırımı Günü münasibəti ilə Azərbaycan xalqına müraciətində” də xalqımızın ermənilər tərəfindən məruz qaldığı vəhşətlər dolu soyqırım aktlarına qiymət vermişdir ki, onun bu tarixi fikirləri vəsiyyət və nəsihət mahiyyətində də unudulmazdır. “1998-ci ildən başlayaraq hər il 31 mart azərbaycanlıların soyqırımı günü kimi dövlət səviyyəsində qeyd olunur. Həmin gün soyqırımı qurbanlarının anma tədbirləri keçirilir, dünya ictimaiyyətinin diqqəti xalqımıza qarşı aparılan cinayətkar siyasətə cəlb olunur. Həm də qeyd olunmalıdır ki, xalqımıza qarşı yeridilmiş soyqırımı siyasətinin uzun tarixi olsa da, bu barədə əsl həqiqətlər yalnız Azərbaycan rəhbərliyinin qətiyyəti sayəsində son illərdə dünya ictimai fikrinə çatdırılmağa başlamışdır. Bu işdə Azərbaycan vətəndaşlarının, ictimaiyyətin, xarici ölkələrdəki azərbaycanlı icmalarının üzərinə böyük məsuliyyət düşür. Xalqımıza qarşı törədilmiş soyqırımı haqqında həqiqətləri real faktlar, dəlillər əsasında dünya dövlətlərinə, nüfuzlu beynəlxalq təşkilatlara çatdırmaq, saxta erməni təbliğatı nəticəsində formalaşmış yalan təsəvvürləri dəyişdirmək, ona hüquqi-siyasi qiymət verdirmək nə qədər çətin olsa da, şərəfli və müqəddəs bir iş kimi bu gün də, gələcəkdə də davam etdirilməlidir. Bu, soyqırımı qurbanlarının xatirəsi qarşısında indiki nəslin müqəddəs borcudur”.

Məlumdur ki, minlərlə insanın qanının tökülməsinin ilkin və əsas səbəbi erməni daşnaklarının qədim Azərbaycan torpaqlarına hərisliyi  idi. “Türk” – deyib, bütünlüklə soykökünü qıraraq torpaq iddialarına tam olaraq nail olmaq istəyən ermənilər bu planlarını 2 əsr boyu dəfələrlə həyata keçirməyə çalışmışlar.

Ulu öndər Heydər Əliyevin bu məqsədli erməni siyasi planlarının qarşısını almaq üçün hər iki hakimiyyəti dövründə tarixyüklü işlər həyata keçirmişdir. Bunlardan biri haqqında “Xalq qəzeti”nin “Heydər Əliyev: Şərəfli ömür yolunun unudulmaz anları” məqaləsində ətraflı bəhs olunur. Müəllif, Naxçıvan şəhərindən olan müəllim Mirzəli Tağıyev yazır: “1938-ci il mayın 5-də sərhəd rayonlarında (Qazax və Gədəbəy) 2 min hektardan artıq Azərbaycan torpaqlarının Ermənistana verilməsi haqqındakı qərarı 1969-cu il mayın 7-də Azərbaycan SSR Ali Sovetinin Rəyasət Heyəti təsdiq etməsinə baxmayaraq, 1969-cu ilin iyul ayında Azərbaycanda hakimiyyətə gələn Heydər Əliyev bu qərarın icrasına imkan verməmişdir”.

Sov.KP MK-nın baş katibi M.Qorbaçovun birbaşa göstərişi ilə Azərbaycanlılara qarşı törədilmiş 1990-cı il Qanlı 20 Yanvar hadisələrinə Heydər Əliyevin göstərdiyi sərt mövqe və onun SSRİ tarixində 4-cü vəzifəli şəxs olaraq partiya sıralarını tərk etməsi kimi vətəndaş maraqlarına bağlı fəaliyyəti haqqında biz monoqrafiyanın “Heydər Əliyev siyasəti və Milli Lider fenomeni” yarımfəslinin  “Xarizmalı Lider və ya qeyri-adi siyasi təsirin gücü” bölməsində geniş bəhs etmişik. Ona görə də bu yarımfəsildə Ulu öndərin 1992-ci il ermənilərin torpaqlarımızı ələ keçirmək məqsədi daşıyan növbəti vandallıq-soyqırım aktı Xocalı soyqırım faciəsinə o vaxtkı siyasi hakimiyyət nümayəndələrindən daha fəal surətdə reaksiya verməsi, həmvətənlərimizin dərdinə şərik olması, habelə  soyqırımın əbədiləşdiləşdirilməsi istiqamətində fəaliyyətini nəzərdən keçirməyi məqsədə uyğun hesab edirik. Belə ki, Heydər Əliyev “Xocalı” soyqırımını, - bütövlükdə Azərbaycan xalqına qarşı yönəldilmiş Xocalı soyqırımı öz ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində bir vəhşilik aktıdır. Bu soyqırım, eyni zamanda, bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir” - kimi bəşəri cinayət kimi qiymətləndirir və habelə, müxtəlif çıxış və müracətlərində tarixçi alimlər, politoloqlardan daha dolğun və kəsərli şərh edirdi.

“O zamankı iqtidarın Azərbaycanın milli müstəqilliyinə və xalqımıza qarşı xəyanətkar mövqeyi, öz konstitusion vəzifə borcuna cinayətkar laqeydliyi, ardı-arası kəsilməyən siyasi hakimiyyət oyunları, respublikada baş alıb gedən anarxiya və başıpozuqluq, ayrı-ayrı siyasətbazların məkrli şəxsi ambisiyaları bu tarixi faciənin törədilməsinə birbaşa şərait yaratmışdır. Uzun müddət dörd tərəfdən düşmən əhatəsində taleyin ümidinə buraxılmış vətəndaşlarımızın imdad dolu harayı qulaqardına vurulmuş, Xocalının xilas olunması üçün real imkanların mövcudluğuna baxmayaraq, günahsız əhali məqsədyönlü şəkildə bu milli qırğına sürüklənmişdir”.

Ulu Öndərimiz Heydər Əliyev Xocalı faciəsinin humanizmə zidd, Qandiizmin zorakılıq kimi qiymətləndirdiyi və rədd etdiyi fəlsəfi mahiyyətini də özünəməxsus şəkildə və əsaslı surətdə ifadə etmişdir. Ulu öndərin aşağıdakı iqtibasda cəmlənmiş əsl milli lider düşüncəsi bunu bir daha təsdiq edir:

“Xocalı hadisələri bir daha onu göstərdi ki, ermənilər Azərbaycanın təkcə torpaqlarına göz dikmək, ərazimizi qəsb etmək yox, xalqımıza qarşı soyqırımı törətmək kimi vəhşi bir yola düşmüşlər. Bu, Xocalı hadisələrində özünü açıq-aşkar büruzə verdi. O dəhşətli gecədə Azərbaycan xalqının ürəyinə bir süngü taxıldı. O süngü indiyədək bizi sızıldadır. Bu yara hələ sağalmayıb, bağlanmayıb, bu yara qəlbimizdə həmişə olacaqdır. Qeyd etdiyim kimi, gecə vaxtı dinc əhaliyə hücum etmək, uşağı, qadını, qocanı, xəstəni vəhşicəsinə yerindəcə məhv etmək, öldürmək və onlara görünməmiş qəddarlıqla əzab-əziyyət vermək düşmənlərimizin nə qədər vəhşi olduğunu bir daha sübut edir”.

Heydər Əliyev Xocalı vəhşətlərini yaşamış, təsadüf nəticəsində sağ qalmış soyqırım şahidləri ilə 1996-cı il fevralın 24-də Prezident sarayında Xocalı soyqırımının dördüncü ildönümü ilə əlaqədar görüşdükdə bir daha xalqla birlik hissindən çıxış etmişdir. 1993-cü il 26 fevral tarixinin “Xocalı soyqırımı günü” qəbul olunması haqqında Fərman da Xocalı şəhərimizin vəhşətlərlə məhv edilən sakinlərinin ruhuna Ulu öndərin hörmət və ehtiramını ifadə edir. Həmçinin Heydər Əliyevin 25 fevral 1997-ci ildə imzaladığı 498 saylı qərarla, hər il fevral ayının 26-sı saat 17.00-da Azərbaycan Respublikasının ərazisində Xocalı soyqırımı qurbanlarının xatirəsinə ehtiram əlaməti olaraq sükut dəqiqəsi elan olunmuşdur.

Heydər Əliyevin belə humanist, mənsub olduğu xalqın tarixi milli Azadlıq mübarizəsinə vətənpərvər ruhda yanaşmasına aid misallar çox gətirmək olar. Bütün bunlar isə Azərbaycan xalqının Ulu Öndəri Heydər Əliyevin siyasət yolu, Siyasət məktəbi – Heydərizmin öz dərin mahiyyəti ilə dünyada pozitiv məzmunlu fəaliyyətləri ilə məşhur olan Siyasi Liderlərin İZMlərlə qiymətləndirilən ideologiyaları kimi dəyər və əhəmiyyət daşıdığını təsdiq edir.

Xatirə QULİYEVA, AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdiri fəlsəfə elmləri doktoru

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: