Elm və Təhsil Nazirliyinin Polimer Materialları İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurası (GAMŞ) “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunan tədbir keçirib.
Tədbiri giriş sözü ilə Poliefir- və polikarbonat materiallar lаbоrаtоriyаsının kiçik elmi işçisi Ülviyyə İsmayılova açıb.
Sonra GAMŞ-ın üzvü Xüsusi təyinatlı oliqomerlər və polimerlər lаbоrаtоriyаsının elmi işçisi Gülgün Xanbabayeva “Yaşıl enerjinin əldə olunma yolları” mövzusunda çıxış edib. O, Azərbaycanda “yaşıl enerji”nin əldə edilməsi üçün geniş imkanlar olduğunu və nəhəng bərpaolunan enerji potensialı sayəsində Azərbaycanın tezliklə “yaşıl enerji” ixracatçısına çevriləcəyini bildirib. Azərbaycan zəngin neft və təbii qaz ehtiyatlarına malik dövlətlərdən olsada, yeni çağırışlara uyğun olaraq hazırda dövlətimizin qarşısında duran prioritet istiqamətlərdən biri də bərpaolunan enerjiyə sürətli keçiddir.
Daha sonra GAMŞ-ın üzvü Nanopolimer kompozitlər laboratoriyasının elmi işçisi Aidə Dünyamalıyeva “Alternativ enerji mənbələri” mövzusunda çıxış edib. O qeyd edib ki, alternativ enerji təbiətin çirklənməsinin qarşısını almaq məqsədi ilə işlənən enerji çeşidlərinin xüsusiləşmiş adıdır. Alternativ və bərpa olunan enerji mənbələri Günəş, külək və geotermal enerji, kiçik SES-lər, dəniz qabarmaları və dalğaları, biokütlə enerjiləridir. Alternativ enerji mənbələrindən olan günəş enerjisindən dünyanın bir çox ölkələrində istifadə edilir.
Sonda mövzular ətrafında geniş müzakirələr aparılıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.