Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

15.05.2024 14:10
  • A-
  • A
  • A+

“Ailə rifahı və iqlim dəyişikliyi” mövzusunda tədbir keçirilib

“Ailə rifahı və iqlim dəyişikliyi” mövzusunda tədbir keçirilib

Elm və Təhsil Nazirliyinin Fizika İnstitutunda Beynəlxalq ailə günü münasibətilə sözügedən elmi müəssisənin və Radiasiya Problemləri İnstitutunun Qadınlar Şurasının birgə təşkilatçılığı ilə tədbir keçirilib.

“Ailə rifahı və iqlim dəyişikliyi” mövzusunda keçirilən tədbirdə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Qadınlar Şurasının sədri fəlsəfə elmləri doktoru Rəna Mirzəzadə, Yeni Azərbaycan Partiyası Veteranlar Şurasının üzvü Modern Ailə və İnkişaf İctimai Birliyinin sədri Zərifə Quliyeva, AMEA Rəyasət Heyəti aparatının Elmi İrs şöbəsinin müdiri  tarix elmləri doktoru Zemfira Hacıyeva, fizika-riyaziyyat elmləri doktoru professor Adilə Abasova, Radiasiya Problemləri İnstitutunun Qadınlar Təşkilatının sədri, fizika üzrə fəlsəfə doktoru Rəvan Mehdiyeva, AMEA və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində olan institutların Qadınlar Təşkilatının sədrləri iştirak ediblər.

Tədbiri giriş sözü ilə institutun baş direktoru akademik Arif Həşimov açıb. O bildirib ki, qadın elmi işçilərin sayına görə Azərbaycan dünyada birinci yerdədir. A.Həşimov müzakirə olunan mövzunun aktuallığından bəhs edib. Bildirib ki, Azərbaycan xalqı qadının ailədə və cəmiyyətdəki roluna daim böyük hörmətlə yanaşıb. Qeyd edib ki, ailə cəmiyyətin içində kiçik bir dövlətdir. Bu gün dünyaya gələn uşağı milli ruhda böyütmək, cəmiyyətə layiqli vətəndaş hazırlamaq baxımından qadınların üzərinə böyük məsuliyyət düşür.

Tədbir institutun Qadınlar Təşkilatının rəhbəri AMEA-nın müxbir üzvü Səlimə Mehdiyevanın çıxışı ilə davam edib. Bildirib ki, Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assableyasının 20 sentyabr 1993-cü il qətnaməsinə əsasən 1994-cü ildən etibarən hər il 15 may beynəlxalq Ailə Günü kimi qeyd olunur. O, bu ənənənin Azərbaycanda  2008-ci ildən başladığını vurğulayıb. S.Mehdiyeva günün əhəmiyyətliyini qeyd edərək Azərabycanda mövcud olan ailə dəyərlərinin üstünlyündən danışıb. Qeyd edib ki son dövrlərdə dünyada baş verən qlobal proseslər ailə strukturuna da təsirsiz ötüşməyib. O, “Ailə Günü” ilə əlaqədar olaraq bütün dünyada ailələrlə bağlı sosial iqtisadi və demoqrafik problemlərin müzakirə olunduğunu və həll istiqamətində danışıqlar aparıldığını, silsilə tədbirlə keçirildiyini qeyd edib.

S.Mehdiyeva Ulu Öndər Heydər Əliyevin Azərbaycan ailəsinə diqqətindən də danışıb. Bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və ölkənin Birinci xanımı Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva da Ümummilli Liderin ailə siyasəti, milli mənəvi dəyərlərin qorunması istiqamətində yürütdüyü siyasət bu gün də layiqincə davam etdirilir.

Tədbir Yeni Azərbaycan Partiyası Veteranlar Şurasının üzvü “Modern” Ailə və İctimai Birliyinin  sədri Zərifə Quliyevanın çıxışı ilə davam edib. O, bu cür tədbirlərin Ulu Öndər Heydər Əliyev, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və ölkənin Birinci xanımı Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın diqqət mərkəzində olduğunu bildirib. Natiq Ümummilli Liderin ailə, mənəvi dəyərlər istiqamətində gördüyü işlərdən, Ailə, Qadın, Uşaq Problemləri üzrə Dövlət Komitəsinin yaratmasından bəhs edib. Z.Quliyeva çıxışında son illərdə boşanma saylarının artmasından, qız övladlarının sayının azalması kimi problemləri toxunub. Ailələrin dağılma səbəblərinin əsasən texnologiyanın inkişafı ilə əlaqəli olduğunu vurğulayıb. Qeyd edib ki, gender bərabərliyi anlayışı yalnış anlaşılmamalı, gənclər bu istiqamətdə maariflənməlidirlər. O, ailə, qadın, uşaq problemlərinin alimlərin də diqqətində olduğunu çatdırmaq üçün bu cür tədbirlərin mediada kütləvi şəkildə işıqlandırılmasının vacibliyindən danışıb.

Tədbirdə Fizika İnstitutunun aparıcı elmi işçisi dosent Aytən Əliyeva “Müasir texnologiyaların ailə modelində rolu”, elmi işçi Amidə Sadıqova “Cəmiyyətimizdə milli ailə dəyərləri”, Radiasiya Problemləri İnstitutunun əməkdaşları elmi katibi, dosent Əminə Mikayılova “Ailə rifahı və iqlim dəyişikliyi”, aparıcı elmi işçi, dosent Cəmalə Orucova “Ailə cəmiyyətin özəyidir” mövzulu məruzələrlə çıxış ediblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: