Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MARAQLI MƏLUMAT

Planetlərin paradı yaxınlaşır
16.05.2024 16:45
  • A-
  • A
  • A+

Planetlərin paradı yaxınlaşır

2024-cü il üçün planetlərin paradı 3 iyuna təsadüf edir. Bu zaman 6 planet - Merkuri, Mars, Yupiter, Saturn, Uran və Neptun sübh səmasında bir xətt üzrə düzüləcək.

N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından verilən məlumata görə, planetlərin paradı dedikdə planetlərin səmada eyni vaxtda bir xətt üzrə düzülməsi nəzərdə tutulur. Planetlərin Günəş ətrafında dolanma periodları və konfiqurasiyaları fərqli olduğundan bu hadisə müəyyən vaxtlarda baş verir.

Gecə saatlarında yüksələcək Saturn (1.1m) kifayət qədər parlaqdır və adi gözlə rahat görmək mümkün olacaq. Planet həmin gün Dolça bürcündə yerləşəcək.

Gecənin ikinci yarısında Neptun (7.9m) və Mars (1.0m) Balıqlar bürcündə görünəcək. Neptun adi gözlə görmək üçün zəifdir, onu müşahidə etmək üçün kiçik teleskop və yaxud binokla ehtiyac var. Mars planetini isə qırmızımtıl rənginə görə asanlıqla ayırd etmək olacaq.

Daha sonra səhər saatlarında Buğa bürcündə yerləşən Uran (5.8m), Yupiter (-2.0m) və Merkuri (1.4m) Şərq səmasına yüksəlməyə başlayacaq. Yupiter parlaq olduğundan onu səmada asanlıqla ayırd etmək mümkündür. Əgər şanslısınızsa, Merkurini böyüdücü alətlər olmadan görə bilərsiniz. Uran  isə adi gözlə seçilmir.

Planetlərin paradı səhər demək olar ki, planetin istənilən nöqtəsindən görünməyinə baxmayaraq, ideal müşahidə tarixi yerləşdiyiniz coğrafi məkandan asılı olaraq dəyişə bilər. Bunun üçün müxtəlif tətbiqlərdən istifadə etmək məqsədəuyğundur. Planetlərin paradı bir günlə məhdudlaşmır, bu tarixdən əvvəl və sonra bir neçə gün çəkə bilər. Nəzərə almaq lazımdır ki, Yupiter və Merkuri üfüqə yaxın yerləşəcəklər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: