Üçüncü məqalə
Bu məqamda bəşərin ən ali məsələsi Qadın hüquq və azadlıqları ilə bağlı Qandiizm və Heydərizm ideologiyalarını müqayisəli təhlil etmək yerinə düşər.
“Qandizmin əsas prinsipləri” adlı tədqiqat əsərində biz bu sualların dolğun cavabını ala bilərik. Əsərdən oxuyuruq: “Mahatma Qandi çox aktiv bir şəxsiyyət idi. O, fərdi və ya cəmiyyətə aid olan hər şeylə maraqlanırdı. O, daha çox “satyagraha” - nın yeni texnikasını inkişaf etdirən bənzərsiz siyasi lider kimi tanınır. Onun toxunulmazlığa qarşı mübarizəsi və doğuşdan üstünlük və aşağılıq anlayışları da kifayət qədər məlumdur. Hindistan üçün onun ən böyük xidməti, bəlkə də, hind qadınlarının azadlığı idi”.
Hindli ideoloq Bravi “Qadın Hüquqlarının Gücləndirilməsi: Mahatma Qandinin gözü ilə” məqaləsində Mahatma Qandinin “Bir kişiyə təhsil versəniz, bir insanı tərbiyə etmiş olarsınız, ancaq bir qadına təhsil versəniz, bütün ailəni oxutmuş olarsınız”, “Ənənənin sularında üzmək yaxşıdır, amma bu sularda batmaq intihardır”, - aforizmlərini misal gətirilərək Qandiizmdə Qadın hüquqlarının məzmununu belə şərh edir: “O, qadınları özü ilə birlikdə götürərək, duz qanununu pozmaqla və qadınları əsas qüvvələr kimi göstərməklə onların siyasi mövqeyini yüksəltdi. Svadeş hərəkatını dəstəkləmək üçün o, Sita və Draupadinin epitomlarını təbliğ etməklə və qadınları müstəqil və qorxmaz olmağa təşviq etməklə müxtəlif təbəqədən olan qadınların psixologiyasını və ona bağlı olan müxtəlif stereotipləri dəyişdirməyə çalışdı”.
Heydərizmin Qadın məsələsi ilə bağlı siyasi platforması da mütərəqqi mahiyyətdədir və hətta daha sistemli məzmun kəsb edir.
Heydər Əliyevin idarəçilik siyasəti Qadının həm kiçik dövlət tipində ailədə rolunu, onun həm ana, həm təşkilatçı, həm də xalqın və dövlətin gələcəyi olan gəncliyi tərbiyə edən qüvvə kimi üstün keyfiyyətlərini yüksək qiymətləndirir, bəşərin bu incə və qüvvətli nümayəndəsinin cəmiyyət həyatında – sosial-siyasi sferada xüsusi diqqət və qayğı ilə əhatələnməsini mühüm prinsiplərdən biri hesab edirdi.
Qandiizm ideologiyasında olduğu kimi Heydərizmdə də ölkənin iqtisadi qüdrətinin gücləndirilməsi məqsədi əsas təşkil edir.
Biz “Heydərizmin iqtisadi islahatlar konsepsiyası” mövzusunu ayrıca təhlil etməyi planlaşdırdığımız bu məqaləni bu məqaləni burada yekunlaşdırırıq.
Beləki, Heydər Əliyev Azərbaycan müstəqillik əldə etdikdən sonra Respublikanın iqtisadi inkişafı məramlı bir çox tarixyüklü Layihələr həyata keçirmişdir ki, onların sırasında “Əsrin müqaviləsi”, “Tarixi İpək yolunun bərpası”, “TRASEKA” və s. göstərmək olar.
Bu mövzu olduqca genişdir və biz bu məqalədə Heydərizmin iqtisadi islahatlar konsepsiyasını lokonik xronoloji səpkidə diqqətə çatdırmağı məqsədəuyğun hesab edirik.
Beləki, Heydər Əliyev Azərbaycan müstəqillik əldə etdikdən sonra Respublikanın iqtisadi inkişafı məramlı bir çox tarixyüklü Layihələr həyata keçirmişdir ki, onların sırasında “Əsrin müqaviləsi”, “Tarixi İpək yolunun bərpası”, “TRASEKA” və s. göstərmək olar.
Əlbəttə, dövrlər fərqli olsa da milli dövlət quruculuğu ideyası bir idealdan qaynaqlanır və bu baxımdan hər bir ideologiya kimi Qandiizm və Heydərizm ideologiyalarının əhəmiyyəti, aktuallığı mühüm amillərlə əbədiyaşarlıq mahiyyəti kəsb edir.
Beləcə, bütövlükdə götürüldükdə Satyagrahi də daxil olmaqla Mahatma Karamçand Qandini Hindistanın mahatması - böyük rəhbəri, millət atası nüfuzuna yüksəldən dini-mənəvi və social-siyasi, həmçinin sosial-psixoloji mahiyyətli Qandizm ideologiyası 1893-cü ildən 1914-cü ilə qədər əvvəl Cənubi Afrikada, bütün Hindistanda daha sonalar dünyanın Almaniya, İngiltərə başda olmaqla bir çox qabaqcıl ölkələrdə qəbul edilib, inkişaf etdirilmişdir.
“Qandi ideologiyası” məqaləsində Qandizmin XX əsrdə aktuallığı məsələsinə diqqət yetirilmiş və bu ideologiyanın XX əsrdə davam etdiriləcək bir çağırış olduğu qeyd olunmaqla onun tam şəkildə deyil, bəzi prinsiplərinin tətbiq oluna biləcəyi fikri irəli sürülmüşdür. Aşağıdakı iqtibasda tətbiq olunması məqbul sayılan prinsiplər şərh olunmuşdur:
“Cəmiyyət anlayışı: Müasir cəmiyyət nə dəyər yönümlü, nə də sırf spekulyativ olmayan mürəkkəb bir bütövdür. Bir vaxtlar hörmət edilən adət-ənənə və hakimiyyət indi tamamilə nəzərə alınmır. Bütün bəşəriyyəti qısqanclıq, inamsızlıq, şübhə və nifrət idarə edir. Zorakılıq, yoxsulluq və dözümsüzlük artır. Elmin və sivilizasiyanın gətirdiyi zahiri homojenlik ruhumuzun daxili birliyindən qaynaqlanmır. Deməli, zehnimizi islah etməyə ciddi ehtiyac var. O (Qandi – X.Q.) deyirdi ki, həqiqətə sadiq olmaq bizim yeganə varlıq məqsədimiz olmalıdır. Şəxsiyyətin son məqsədi təkcə özümüz üçün deyil, bütün bəşəriyyət üçün ardıcıl səylər vasitəsilə həqiqəti və ədaləti dərk etməkdir.
İqtisadiyyat: Sosializmin güc tətbiq etmədən qurula bilməyəcəyi ümumiyyətlə qəbul edilsə də, Mahatma Qandinin sosializm ideyası zorakılıqdan istifadə etməməyi nəzərdə tutur. O, ifratları qəbul etmirdi və nə kapitalist demokratiyasında olduğu kimi tam azadlığı, nə də kommunist diktaturalarında olduğu kimi regimentasiyanı müsbət qiymətləndirirdi. Onun ideyası ondan ibarət idi ki, güc mümkün qədər mərkəzləşdirilməməlidir. Qloballaşma malların, ideyaların, məlumatların və bir çox xidmətlərin ölkələrarası mübadiləsi yolu ilə dünya iqtisadiyyatlarının inteqrasiyası deməkdir. Çoxmillətli şirkətlərin və beynəlxalq təşkilatların köməyi ilə dominant iqtisadiyyatlar öz maraqlarına o dərəcədə xidmət edir ki, əksər hallarda kasıb ölkələrin maraqları pozulur.
Təhsil: Mahatma Qandi düşünürdü ki, biliyin humanistləşdirilməsi bizi kommunal inamsızlığa qarşı ideyaların immunizasiyasına apara bilər. O, ənənəvi təhsili tənqid etdi və “savadlı olmaq intellektual olmaq demək deyil”, - ideyasını irəli sürdü.
Svaraj: Svaraj xarici təsirlərdən və xarici nəzarətdən azad olmaq demək idi. İndi ölkə müstəqildir və hər hansı kənar nəzarətdən azaddır. Bugünkü rəqabətli və sürətlə inkişaf edən dünyada daxili vicdanımıza nəzarət olmalıdır. Özünü gücləndirmək zamanın tələbidir. Hər bir insan öz kimliyini axtarmalı, cəmiyyətin yaratdığı qəliblərə sıxışdırmamalıdır.
Texnologiya: Qandi prinsipləri hələ də aktualdır və onların effektivliyini artırmaq üçün texnologiyadan istifadə edilə bilər. Onun təbliğ etdiyi əsas fikir Satya idi.
Müstəqil Azərbaycan Dövlətinin qurucusu, SSRİ kimi avtoritar rejim daxilində Azərbaycan Milli Dövlətinin sütunlarını yaradan Heydər Əliyevin siyasət yolunu əsaslandıran “Heydərizm”də də Azərbaycançılıq ideologiyası siyasi maarifçilik prinsipləri ilə xüsusi əhəmiyyət kəsb edir və istər Hind Azadlıq hərəkatının banisi Mohandas Karamçand Qandinin, istər Türkiyənin əfsanəvi lideri - nəhəng dövlət qurucusu Mustafa Kamal Atatürk siyasi ideologiyası kimi bu gün siyasi nəzəriyyələr üçün və həmçinin böhranlar, müharibələr yaşayan, dağıntılarla üzbəüz olan dünya siyasi hakimiyyətləri üçün güclü siyasi modeldir.
Milli Dövlət İdeologiyası Məsələsinın Heydərizm, Qandiizm və Kamalizm İdeologiyaları Kontekstində Müqayisəli Təhlili silsilə məqaləsinin bu yerində XX əsrin ilk onillikləri Türkiyəsinə çox qısa ekskurs etməklə, tarixin oxşarlıqlarını, məsələn, Türkçülüyün qarşılaşdığı çətinlikləri, Türkiyənin işğalçıların qurbanına çevrilmə təhlükəsinin və Mustafa Kamal Atatürkün xilaskarlığının şahidi ola bilərik ki, bu da Heydər Əliyevin XX əsrin son onilliyində Azərbaycan naminə gördüyü tarixyüklü işlərin əhəmiyyətini müvafiq qanunauyğunluq müstəvisində həm təsdiqləyir, həm qabardır, ən əsas məsələ, Heydərizmin mahiyyətinin dərkini gerçəkləşdirir.
Beləliklə, həmin dövrdə Türkiyənin ən uzunömürlü imperatoru Sultan Əbdülhəmid xeyli zəifləmiş Osmanlı imperiyasını gözləyən növbəti böhranın qarşısını almaq məqsədi ilə ikinci məşruiyyəti - II Konstitutsiyanın qüvvəyə minməsini həyata keçirmişdir. Lakin Konstitutsiya 23 iyul 1908-ci ildə yenidən qüvvəyə minsə də bu Osmanlı imperiyasını nəinki qüvvətləndirmiş, əksinə onun süqutuna gətirib çıxarmışdır. Xarici siyasi qüvvələrin təsiri ilə türklərlə qeyri millətlər arasında münaqişələr dərinləşmiş və hətta məsələn, Osmanlı parlamentində başqa millətdən olan vəkillərlə müqayisədə türklər azlıq təşkil etmiş, xristianlar, hətta ərəb və albanlar türklərlə əks qütblərdə dayanmış, Türkçülük ideologiyasına qarşı birləşmişlər. Bundan sonra Osmanlı imperiyasında qarşıdurmalar, kiçik üsyanlar baş qaldırmış, daha sonra Türk millətindən olan kütlənin günlərlə qətliamları həyata keçirilmişdir.
Bütün bu siyasi və qanlı hadisələr Osmanlı imperiyasının süqutunu reallaşdırmış və 1909-cu ilin 27 aprel tarixində parlamentin 240 üzvünün razılığı ilə Sultan Həmidin taxtdan endirilməsi qərarı çox səslə qəbul edilmiş və bu Osmanlı imperiyasının süqutunun əsası olmuşdur.
Kamalizm tədqiqatçı Demiriz Sara-Marie “Kamalizm - Dünyəvi Cümhuriyyətin Türk Modeli” əsərində bu dövrü belə qiymətləndirmişdir: “Milli dəyərlər üzərində qurulacaq türk birliyi ideyası (dini təmələ söykənən Osmanlı cəmiyyətindən fərqli olaraq), tərəqqiyə, sivilizasiyaya və dünyəvi nizama inanc həm kamalist elitanın baxışlarına uyğunlaşdırılaraq inkişaf etdirilmişdir. Tənzimat dövrünün Gənc Osmanlıları və Gənc Türklər (1908-1922). Onun ideoloji öncülləri Osmanlı elmi, Gənc Türklər dövründə qərbləşmə və 1910-1920-ci illərdə ortaya çıxan türk millətçiliyi idi. 1920-1930-cu illərin türk hakim elitasının ideoloji təfəkkürünə ən böyük təsir Gənc türklər ətrafında cərəyan edən millətçi hərəkat oldu”.
Onu da qeyd edək ki, 1914-cü ildə başlayan I Dünya müharibəsində Türkiyə Osmanlı Dövləti Almaniya ilə müttəfiq olaraq başda dünyanın ən güclü imperiyaları İngiltərə və Rusiya, habelə Fransa ilə döyüşmuş və təbii 4 illik bu ağır müharibə Osmanlı Dövlətinin məğlubiyyəti ilə nəticələnmişdi.
XX əsrin ikinci onilliyinin son iki ili də Türkiyə üçün ağır mərhələ olmuşdur. Birincisi, Mudros (1918-ci il) müqaviləsindən sonra İstanbul və Türkiyənin Qars, Ərdahan, Antalya İtaliya, İzmir Yunanıstan, Urfa, Antep, Maraş və Adana erməni-gürcü və fransa hərbi dəstələri tərəfindən işğal olunmuş, Sevr müqaviləsini qəbul edən Türkiyə Britaniya işğal qüvvələri ilə üz-üzə qalmış, Türkiyə Cümhuriyyətinin əfsanəvi Lideri Mustafa Kamal Atatürkün köməyə yetişməsi sayəsində işğalçı dövlətlərin istilasının qarşısı alınmış və Türkiyə tarixində yeni siyasi etap başlamışdır.
Birinci Dünya müharibəsində Osmanlı ordusunda - Çanaqqala cəbhəsində polkovnik, Suriya-Fələstin cəbhəsində İldırım Ordular qrupunun komandiri vəzifəsində xidmət edən, müharibənin sonunda Osmanlı imperiyasının məğlub olmasının ardınca İstiqlaliyyət müharibəsi - Türk Milli Hərəkatına qətiyyətli lider olan, Türkiyə İstiqlaliyyət müharibəsi ərəfəsində Ankara Hökumətini quran, Türkiyə Ordusunun baş komandanı kimi Sakarya döyüşündə qələbəsinə görə 19 sentyabr 1921-ci ildə “Qazi” ləqəbini alan və marşal rütbəsinə yüksələn Mustafa Kamal Atatürk Hərbi və siyasi fəaliyyəti ilə Antanta dövlətləri və onların dəstəkçiləri üzərində qələbə qazanmışdır. Bu, tarixdə analoqu olmayan, dünyanın heç bir yerində görünməmiş bir istiqlal mücadiləsi idi və böyük türk xalqının bu qələbəsi bütün dünyanın güclü ölkələrinin Türkiyəni bir dövlət kimi qəbul etməsi ilə nəticələndi. Bu qələbə Türk xalqının yenilməz cəsarəti ilə böyük Atatürkün dühasının, məharətinin birliyi sayəsində mümkün oldu.
Qazi Mustafa Kamal Türkiyənin Böyük Millət Məclisini Anadoluda (23 aprel 1920-ci ildən etibarən) yaradıb ona rəhbərlik etməklə ən mühüm siyasi işləri həyata keçirdi və artıq 1 oktyabr 1922-ci il tarixində Türkiyədə Osmanlı imperatorluğu ləğv edildi, 1924-cü ildə isə Osmanlı ailəsindən bütün səlahiyyətlər geri alındı, o cümlədən Xəlifə II Əbdülməcidin dini hakimiyyəti parlament qərarı ilə ləğv edildi və davamda sultan ailəsinin bütün üzvləri ölkədən çıxdılar. Bununla da 1876-cı ildə qurulmuş ən uzun ömürlü Osmanlılar imperiyası süqut edərək yerini Türk Cümhuriyyətinə vermiş oldu.
1923-cü ildə Qazi Mustafa Kamal Atatürk tərəfindən qurulan və 2023-cü ildə 100 ilini təntənə ilə qeyd edən, dünyanın ən qüdrətli dövləti olaraq tanınan Türk Cümhuriyyətində nəhəng siyasi Liderin dövlət quruculuğu siyasəti Atatürkçülük, həmçinin Kemalizm, habelə Kamalizm kimi dəyərləndirilmişdir.
Dünya liderlik nəzəriyyəsinin xarizmalı lider prinsipindən çıxış edib deyə bilərik ki, oxşarlıqlar tarixin bir xüsusiyyətidir və bütün türk dünyasını birləşdirən hadisələr və şəxsiyyətlər arasında oxşarlıqlar, əlaqələr təsadüfi deyil. Bu baxımdan Türk dünyasının əfsanəvi lideri Mustafa Kamal Atatürk və Azərbaycanın müstəqillik tarixi və xalqımızın Ulu öndəri Heydər Əlirza oğlu Əliyevin həyatı həmçinin liderlik taleyində xarizmatik xarakterdə uyğunluqlar maraq doğurur. Biz bu məqamda Kamalizm və Heydərizm ideologiyalarının baniləri Türkiyə Cümhuriyyətinin milli lideri Mustafa Kamal Atatürk və Müstəqil Azərbaycan Respublikasının milli lideri Heydər Əliyevin uzlaşan fövqəlbəşər bənzərlik tərəflərini diqqətə çatdırmaq istəyirik. Birincisi, 1923-cü il təqvimi hər iki liderin həyatı üçün önəm daşıyır. 1923-cü ildə Heydər Əliyev dünyaya gəlmiş, Mustafa Kamal Türkiyəni xarici istilalardan xilas edib, müstəqil Türk Dövlətini qurmuşdur.
İkincisi, tarixi türk torpaqlarında dövlət qurmaq üçün iki qəhrəman oğlunun eyni adı daşıyan atanın ailəsində dünyaya gəlməsi, - beləki hər iki böyük Türk liderin eyni Ali Rza soyadını daşıması məsələsi tarixdə görünməmiş hadisədir. Beləki, düz 40 il fərqlə biri dünyanın bir ucunda, o biri o başda Əlirza adlı iki türk atanın ailəsində nəhəng bir türk dövlətləri quracaq, ən əsası da seviləcək, tarixdə əbədiyaşarlıq qazanacaq oğullar dünyaya gəlməsi bir tərəfdən qəribə, digər tərəfdən qanunauyğundur. Üçüncüsü, Mustafa Kamal da, Atatürkün əsl doğum tarixi məlum olmadığı bəllidir. Böyük liderin özünün Ad gününün mayın 19-da, Sansundda Qurtuluş Müharibəsinin başladığı gün qəbul olunmasını istəməsi xarizmatik liderliyi iki tərəfdən təsdiqləyir. Birinci tərəf – bir Əli Rza atanın oğlunun dövlət yaratdığı gün, digər tərəf o biri Əli Rzanın oğlunun 10 may tarixində dünyaya gəlməsi faktı qədim rəqəmlər elminin dili ilə 19 və 10-nun 1 – vahid, tək anlamını ehtiva edir ki, bu məntiqi ehtimal onları birləşdirir.
Bundan başqa, hər iki valideyn Əli Rza mühacir olub. Əlbəttə, ehtimallardan dəlillərə keçərək biz Mustafa Kamal Atatürk və Ulu öndər Heydər Əliyevin həyatı arasında daha başqa uyğunluqlarla – daxili əlaqə izləri ilə tanış ola bilərik.
Biz bu baxımdan tarixçi Ali Gülerin Mustafa Kamal Atatürkün həyatının ilk illərindən bəhs edən, əsas da əfsanəvi liderin gen köklərindən irəli gələn milliyyətçilik keyfiyyətlərinin ifadə olunduğu “Atatürk : soyu, ailesi ve öğrenim hayatı” əsərində maraqlı olduğumuz məsələlərlə bağlı irəli sürülən fikirlərlə tanış olmağı məqsədəuyğun hesab edirik. Beləki, tədqiqatçı Ali Gülər göstərir ki, Mustafa Kamal Atatürkün hər iki tərəfdən soyu Anadoludan Rumelinin türkləşməsi üçün buralara köçən “yürük”lər, - “türkmənlər”- yəni türklər olmuşdur ki, “yürük”lərin əsli (prof.dok.Tayyıb Gökbilginin göstərdiyi kimi) oğuzlardır. Atatürkün soykökünün milliyyətçi təbiəti və fəaliyyəti fikrimizcə, Mustafa Kamal Atatürkü və Azərbaycan xalqının Ulu öndəri Heydər Əliyevi birləşdirən birinci tarixi dəlildir.
Tədqiqatda Atatürkün ana tərəfdən Yürek soykökünün Konya- Karamandan (Konyarlar) olduğu, həmçinin də yürüklərin bir neçə nəsil adı daşıdıqları, o cümlədən Naldökən, Tanrıdağı (qaragözlər), Selenik və s. adlandıqları əsaslandırılmışdır.
Ali Gülerin qənaətlərinə görə Atatürkün ata soyu Oğuzların Kızıl Oğuz və Kocacık Yörükləri nəslindən olmuşdur. Nəslin adının Kızıl Oğuz olmasının maraqlı şərtilikləri bunlardır: 1041-ci illərdə Xəzər dənizinin güney və güneybatı bölgəsində Tehran, Qazvin, Rəşt, Zendab, Təbriz ərazilərindən olmuş Qızıl Özen, və ya Qızıl Ören yerlərində yaşayan və Eldəniz hökmdarlarından Arslan Şahın oğlu Kızıl bəyin oymakları rəiyyəti olduqları üçün bu “türkmənlərə” Kızıl Oğuz türkləri adı verilmişdir.
Bu iqtibas da Musta Kamal soykökü ilə Heydər Əliyevin vətən tarixi arasında daxili əlaqədən xəbər verir: “Sultan Toğrulun (1038-1063) BöyükSəlcuq İmperiyasını yaratması ilə dünya tarixində böyük dəyişikliklər baş verdi. Azərbaycan torpaqları, o cümlədən Naxçıvan ərazisi Böyük Səlcuq türk imperiyasının tərkibinə daxil edildi. Qədim türk yurdu olan Naxçıvan şəhəri bu dövrdə daha da tərəqqi etdi. Böyük Səlcuq İmperiyasının süqutundan sonra Azərbaycan ərazisində Şəmsəddin Eldəniz (1136-1175) tərəfindən əsası qoyulan Azərbaycan Atabəylər - Eldənizlər dövləti (1136-1225) yarandı. Bu zaman Naxçıvan Atabəylər dövlətinin paytaxtına çevrildi. Atabəylər dövlətinin xəzinəsi Naxçıvan şəhəri yaxınlığındakı Əlincə qalasında saxlanılırdı. Azərbaycan hökmdarı Məhəmməd Cahan Pəhləvanın dövründə (1175-1186) Naxçıvan hakimi Qızıl Arslan, onun ölümündən sonra isə arvadı Zahidə xatun idi. Atabəylər Eldənizlər dövründə Naxçıvan Azərbaycanın iqtisadi, siyasi və mədəni mərkəzlərindən biri kimi dünya miqyasında şöhrət qazanmışdı”.
“Atatürk: soyu ailesi ve öğrenim hayatı” əsərində Atatürkün ata tərəfi ilə bağlı tədqiqatda Kızıl Oğuzların öz mübarizə tarixlərində 1071-ci ildə Kars, Ərzurum, Ərzincan, Sivas ellərinin, 1410-cu ildə Sivas, Ordu, Girasun, Samsun və s.bölgələrə kimi böyük bir ərazilərin hakimiyyətinə sahib olması faktları da Mustafa Kamal Atatürkü və Azərbaycan xalqının Ulu öndəri Heydər Əliyevi birləşdirən milli və region identikliyi üçün əsas tarixi dəlil kimi qiymətlidir.
İndisə Mustafa Kamal Atatürkü və Azərbaycan xalqının Ulu öndəri Heydər Əliyevin banisi olduqları Kamalizm və Heydərizm konsepsiyalarının təhlilinə keçid alaraq bir-birindən təxminən yarım əsr uzaqda olan iki milli dövlətçilik idealogiyasının oxşar və fərqli xüsusiyyətlərini təhlil etmək, qiymətləndirmək üçün Kamalizm nəzəriyyəsinin doğuluşundan bugünə kimi inkişafını əhatə edən tarixi mənbələrə keçid alırıq.
Belə ki, hələ 1936-cı ildə, yəni Mustafa Kamal Atatürkün sağlığında tanınmış türk milliyyətçi yazar və publisisti Şeref Aykutun “Kamalizm” adlı Kamalizmin mahiyyətini təsbit edən dörd əsas fəsil (1 - Vətən 2 - Millət 3 - Dövlətin əsas institutu, 4 - İctimai hüquqlar.) və altı “ana” yarımfəsildən (1 - Respublikaçı, 2 - Millətçi, 3 - Populist, 4 - Statist, 5 - Siyasi, 6 – İnqilabçı) ibarət olan kitabı çap olunmuşdur.
1937-ci ildə də Kamalizm mövzusunda Parisdə iki kitab işıq üzü görmüşdür. Mustafa Kamal Atatürkün vəfatından sonra Kamalizm ideologiyası daha da genişlənmiş və bu mövzuda xüsusilə 1960-cı illərdən bu günə kimi çoxsayda kitablar meydana çıxarılmışdır.
Türk Biblioqrafı Bülent Ağaoğlunun “Atatürk Kitaplari Kaynakçasi (Sistematik)” kitabında Kamalizm və Atatürkçülük mövzusunda 2007-ci ildə nəşr edilmiş yüzdən çox kitab və yüzlərlə məqalə və s. mənbə yer almışdır. Həmçinin arxada qalan 20 ilə yaxın müddətdə də Kamalizm tədqiqatları davam etdirilmiş, həm də maraqlıdır ki, türk dili ilə bərabər Avropa və s. dillərdə əsərlər meydana çıxarılmışdır.
Bu geniş kitabxanada Kamalizm ideologiyasının əsas qayəsi türk milli modern cəmiyyəti, dövlətin sosial-iqtisadi və sosial-mədəni inkişafı, pulsuz icbari və ali təhsil, habelə, elmi fəaliyyətə dəstək, idmana, dini inanclara münasibət proqramlarının həyata keçirilməsi və s. mütərəqqi tərəqqi siyasəti elmi-obyektivliklə dərindən araşdırılmış və qiymətləndirilmişdir. Onu da qeyd edək ki, sistematik kitaba daxil olan əsərlərin adları böyük Atatürk ideologiyasını xronoloji qaydada və mövzular etibarı ilə hərtərəfli və dolğun əks etdirir.
Məsələn, tarixçi akademik Sara-Marie Demirizin “Kamalizm – Dünyəvi Cümhuriyyətin Türk Modeli” əsərində Kamalizmlə bərabər Türkiyənin XX əsrin ilk iki onilliyinin məzmun və mahiyyəti əsaslandırılmışdır. Əsərdən “Heydərizm” mövzusuna uyğunluq kəsb edən bir iqtibası diqqətə çatdırmaq istərdik. Demiriz Sara-Marie yazır: “Mustafa Kamal özü ideologiya qurmaqda maraqlı deyildi. O, şəxsən nə ideoloji risalə yazmış, nə də kamalizmin nəyi başa düşməli olduğunu və son nəticədə nəyi hədəflədiyini dəqiq müəyyən edən uyğun doktrinalar elan etməmişdir. O, nə filosof, nə də mütəfəkkir, ideoloq deyildi. Buna baxmayaraq, o, Türkiyə ilə bağlı fikirlərini digər liderlər və 1922-1925-ci illər arasında Cümhuriyyət siyasətində hakim olan siyasi meyllər üzərində təsdiqləməyi bacardı. Qurtuluş savaşında qazandığı qələbələr onun liderlik iddiasını reallığa çevirməyə kömək etdi və ideyalarını “müqəddəs bir dövlətə” yüksəltdi. Bu təməl üzərində utopiyaları və ideyaları reallığa çevirə, baxışları siyasi fəaliyyətə çevirə bildi. Mustafa Kamal sayəsində kamalizm dərin bir praqmatizm əldə etdi. Atatürk kamalizmi müəyyən dərəcədə ideoloji boşluqlarla - yazılar, təlimlər, fəlsəfə - və güclü praktiki yönümlə müəyyən edildi. Bunu 1925-ci ildən etibarən həyata keçirilən köklü islahat proqramı nümayiş etdirdi. O, Gənc Türklər dövründə kamalist elitanın qəbul etdiyi ideyaları və konsepsiyaları bütövlükdə həyata keçirdi. Onlar qeyri-müəyyən olaraq qalan kamalizmə istinad edərək türk cəmiyyətinin hüquqi əsaslarını tamamilə dəyişdirdilər”.
Xatirə QULİYEVA, AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdiri fəlsəfə elmləri doktoru
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.