Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

19.12.2013 00:00
  • A-
  • A
  • A+

AMEA Torpaqşünaslıq və Aqrokimya İnstitutu illik hesabat verdi

AMEA Torpaqşünaslıq və Aqrokimya İnstitutu illik hesabat verdi

18 dekabr 2013-cü il tarixdə AMEA Torpaqşünaslıq və Aqrokimya İnstitutunda (TAİ) AMEA Aqrar Elmlər Bölməsi Bürosu və TAİ-nin birgə iclasında institutun 2013-cü il üçün hesabatı keçirildi.

Tədbiri giriş sözü ilə açan AMEA Mikrobiologiya İnstitutunun direktoru, akademik Məmməd Salmanov gündəlikdə duran məsələ haqqında məlumat verdi.

TAİ-nin cari ildəki elmi və elmi-təşkilati fəaliyyəti barədə hesabatla çıxış edən institutun direktoru, AMEA-nın müxbir üzvü Məhərrəm Babayev aqrar elmin inkişafının ölkədə kənd təsərrüfatı, o cümlədən əhalinin ərzaq təhlükəsizliyinin həllində mühüm əhəmiyyət kəsb etdiyini bildirdi. Qeyd etdi ki, institut əməkdaşları tərəfindən aparılan tədqiqatlar “2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı” çərçivəsində torpaq və sudan istifadənin səmərəliliyinin artırılması, bitkiçiliyin inkişaf etdirilməsi və aqrar sahənin elmi təminatının yaxşılaşdırılması və kadr potensialnın yüksəldilməsi məsələlərinin həllinə yönəlmişdir.

Natiq hesabat ilində Azərbaycanda flora, fauna və torpaq örtüyünün biomüxtəlifliyinin öyrənilməsi, genofondun qorunması və səmərəli istifadəsi elmi istiqamətinə müvafiq olaraq institutda 2 problem, 14 mövzu, 52 iş və 86 mərhələ üzrə elmi-tədqiqat işlərinin yerinə yetirildiyini söylədi.

İlk dəfə olaraq Avropa Birliyinin torpaq-coğrafi informasiya sistemi formatında Azərbaycan torpaqlarının rəqəmsal verilənlər bazasının təklif olunduğunu bildirən M.Babayev əldə olunmuş nəticələrin icmalının Avropa Komissiyasının rəsmi nəşrlər ofisi tərəfindən “Aralıq dənizi və Qafqaz ölkələrinin torpaq ehtiyatları” adlı kitaba daxil edildiyini vurğuladı. Hesabat ilində “Şirvan düzündə torpaq tədqiqatları”, “Böyük Qafqazın cənub yamacında torpaq ekspedisiyası”, “Muğan torpaq ekspedisiyası”-nın həyata keçirildiyini diqqətə çatdırdı.

İnstitutun torpaq təsnifatı, torpaq informasiya bankı, elektron torpaq xəritələrinin tərtibi sahəsində Rusiyanın Torpaq İnstitutu, torpaqların meliorasiyası və rekultivasiyası sahəsində Rusiya Kənd Təsərrüfatı Akademiyası Ümumrusiya Elmi-Tədqiqat Hidrotexnika və Meliorasiya İnstitutu, torpaq informasiya bankının yaradılması, elektron torpaq xəritələrinin tərtibi sahəsində Rusiya Еlmlər Akademiyası Sibir Bölməsinin Torpaqşünaslıq və Aqrokimya İnstitutu ilə beynəlxalq əməkdaşlıq əlaqələrindən söz açdı.

Bildirildi ki, cari ildə institut tərəfindən 4 monoqrafıya və kitab, 211 məqalə (35-i xaricdə), 2 tezis (1-i xaricdə) çap olunub.

M.Babayev, həmçinin institutda aparılan elmi tədqiqatların nəticələri, dərc edilmiş elmi əsərlər, kadr hazırlığı, qrant layihələri, problemlər və perspektivlər və s. haqqında da geniş məlumat verdi.

Hesabatla bağlı müzakirələrdə iştirak edən AMEA-nın müxbir üzvü Mahmud Abdullayev, kənd təsərrüfatı üzrə fəlsəfə doktoru Vilayət Həsənov, biologiya üzrə fəlsəfə doktoru Tubuxanım Qasımzadə, aqrar elmlər üzrə fəlsəfə doktoru Pirverdi Səmədov, kənd təsərrüfatı üzrə elmlər doktoru, professor Paşa Zamanov və Zeynalabdin Mövsümov və başqaları aparılmış tədqiqatların nəticələri barədə rəy və təkliflərini bildirdilər.

Sonda institutun illik hesabatının qəbul edilməsi haqqında qərar qəbul edildi.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.
  • Paylaş: