AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda “Qoca Şərqin ilk Cümhuriyyəti” adlı elmi konfrans keçirilib.
Tədbiri giriş sözü ilə açan AMEA-nın vitse-prezidenti vəzifəsini icra edən Şərqşünaslıq İnstitutunun direktoru, akademik Gövhər Baxşəliyeva Şərqin ilk demokratik respublikası olan Azərbaycan Xalq Cümhuriyyətinin tarixi əhəmiyyətindən, gərgin və mürəkkəb ictimai-siyasi şəraitdə cəmi 23 aylıq fəaliyyəti dövründə qazandığı uğurlardan danışıb. Akademik G.Baxşəliyeva 1918-ci il mayın 28-də müsəlman Şərqində ilk parlamentli respublikanın – Azərbaycan Xalq Cümhuriyyətinin yaradıldığını, Azərbaycanda həmin dövr üçün mütərəqqi hesab olunan dövlət institutlarının, çoxpartiyalı sistemin təsis edildiyini, parlament seçkisinin keçirildiyini, təhsilin milliləşdirildiyini, Milli Ordunun yaradıldığını, Azərbaycan dilinin dövlət dili elan edildiyini vurğulayıb. 1991-ci ildə dövlət müstəqilliyimizin bərpasından sonra ilk illərdə respublikamızın çətin dövr yaşadığını qeyd edən akademik G.Baxşəliyeva Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra böyük siyasi təcrübəyə malik rəhbərin xalqı vətəndaş müharibəsindən, ölkəni böyük təhlükələrdən qurtararaq respublikanın inkişafının əsasını qoyduğunu, bu gün də Ulu Öndərin layiqli davamçısı Prezident İlham Əliyevin məqsədyönlü xarici siyasəti nəticəsində Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun artdığını, ölkəmizin söz sahibi olan qüdrətli dövlətə çevrildiyini qeyd edib.
İnstitutun Türkiyə tarixi və iqtisadiyyatı şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Namiq Məmmədov “AXC-nin yaranması ərəfəsində beynəlxalq münasibətlər” mövzusunda məruzə edib. Məruzədə AXC-nin yaranması ərəfəsində mövcud olan beynəlxalq münasibətlər haqqında məlumat verilib, militarizm, imperializm, hərbi-siyasi bloklar və millətçiliyin güclənməsi nəticəsində 2 hərbi-siyasi blok – Antanta və Üçlər ittifaqı arasında başlanmış 1-ci dünya müharibəsi dövründə baş vermiş proseslər və bunların Cənubi Qafqaz və Azərbaycana təsiri və nəhayət AXC yaranması haqqında söz açılıb.
Türkiyə tarixi və iqtisadiyyatı şöbəsinin böyük elmi işçisi Mirzə Ənsərli “AXC dövründə təhlükəsizlik və xüsusi xidmət orqanlarının fəaliyyəti (1919-1920)” mövzusunda məruzə edib. Məruzəçi Hərbi Nazirliyin Baş qərargahının general-kvartmeyster idarəsinin əks-kəşfiyyat və kəşfiyyat bölməsinin, Əksinqilabla Mübarizə Təşkilatının, Bakı general-qubernatorluğunun informasiya şöbəsinin, Parlamentin mühafizə dəstəsinin fəaliyyəti barədə məlumat verib.
Cənubi Azərbaycan şöbəsinin kiçik elmi işçisi Aytən Rəhimova “AXC dövründə mətbuat: “Azərbaycan” qəzetində erməni həqiqətləri” mövzusunda məruzə edib. Məruzədə “Azərbaycan” qəzetinin fəaliyyətə başlaması və dövrün bütün çətinlikləri, xüsusilə ermənilərin vandallığı səbəbilə azərbaycanlıların vətənlərini tərk edərək İrana keçmələri və qəzetdə bu məsələlərin geniş əks olunması barədə danışılıb.
İran tarixi şöbəsinin elmi işçisi Sevinc Məmmədova “Azərbaycan Xalq Cümhuriyyəti - İran siyasi münasibətləri” mövzusunda məruzə edib. AXC-nin müstəqil olduğu ilk gündən İranın təzyiqi ilə qarşılaşdığını deyən S.Məmmədova qonşu ölkənin AXC-yə qarşı ərazi iddiası, adına qarşı mənfi münasibət və s. məsələlərlə bağlı qərəzli mövqe nümayiş etdirdiyini bildirib. Məruzəçi sonda iqtisadi, siyasi çətinliklərlə üzləşən İranın qərəzli mövqeyindən çəkinib AXC-nin müstəqilliyini rəsmən tanıdığını qeyd edib.
Sonda məruzələr ətrafında müzakirələr aparılıb, suallar cavablandırılıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.