Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

25.05.2024 19:00
  • A-
  • A
  • A+

Əlyazmalar İnstitutunda “Azərbaycan” qəzeti və Məhəmməd Əmin Rəsulzadə” adlı elmi sessiya keçirilib

Əlyazmalar İnstitutunda “Azərbaycan” qəzeti və Məhəmməd Əmin Rəsulzadə” adlı elmi sessiya keçirilib

AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun təşkilatçılığı ilə 28 May – Müstəqillik Günü və görkəmli ictimai-siyasi xadim, Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən biri, Azərbaycan Milli Şurasının sədri, tanınmış yazıçı, jurnalist, tədqiqatçı Məhəmməd Əmin Rəsulzadənin 140 illik yubileyinə həsr olunmuş “Azərbaycan” qəzeti və Məhəmməd Əmin Rəsulzadə” adlı elmi sessiya keçirilib.

Elmi sessiyanı giriş nitqi ilə AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktoru akademik Teymur Kərimli açaraq ölkə başçısının “Məhəmməd Əmin Rəsulzadənin 140 illiyinin qeyd edilməsi haqqında” müvafiq Sərəncamından irəli gələrək keçirilən bu tədbirin həm də 28 May – Müstəqillik Gününə həsr olunmasını təqdirəlayiq hesab edib. O, çıxışında Məhəmməd Əmin Rəsulzadənin publisistik, siyasi, ədəbi-tənqidi və elmi irsinin Azərbaycanın ictimai fikir tarixində xüsusi yer tutduğunu vurğulayıb. Bildirib ki, M.Ə.Rəsulzadə Azərbaycanda müstəqillik idealının gerçəkləşdirilməsi və milli dövlət quruluşunun dirçəldilməsi yolunda böyük xidmətlər göstərmiş dahi şəxsiyyətlərdəndir. Giriş nitqindən sonra alim sözü tədbirin dəvətli qonağı, azərbaycanlı filoloq və tərcüməçi Azad Ağaoğluya verib.

Azad Ağaoğlu hər bir türkün haqqı, hüququ, azadlığı uğrunda mübarizə aparan, siyasi-ictimai fəaliyyəti çərçivəsində ömrü boyu Azərbaycanın azadlığı, müstəqilliyi və toplumun maariflənməsi üçün çalışan bu dahi şəxsiyyətin keşməkeşli həyat yolundan, onun zəngin siyasi-ictimai, ədəbi-publisistik irsindən söhbət açıb. O, çıxışında azadlıq mücahidinin 140 illiyinə həsr edilmiş, həmin dövrün ictimai-siyasi mühiti, mürəkkəbliyi, problemləri haqqında geniş təsəvvür yaradan məqalələrin toplandığı “Azərbaycan yazıları” kitabından bəhs edərək, transliterasiya etdiyi toplunun məhz akademik Teymur Kərimlinin elmi redaktorluğu ilə nəşr olunduğunu, onun bu işdə göstərdiyi əvəzsiz xidmətlərini tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Elmi sessiya məruzələrin dinlənilməsi ilə öz işinə davam edib. Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki filialının dosenti və AMEA Şəki Regional Elmi Mərkəzinin ədəbi-mədəni mühit, folklor və etnoqrafiya şöbəsinin aparıcı elmi işçisi fil.e.d. Kamil Adışirinov, AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun elmi işlər üzrə direktor müavini fil.e.d., dosent Əzizağa Nəcəfzadə, həmin institutun Çap kitablarının tədqiqi şöbəsinin baş elmi işçisi tarix e.d., professor Tahirə Həsənzadə, Türkdilli əlyazmaların tədqiqi şöbəsinin aparıcı elmi işçisi fil.ü.f.d., dosent Aybəniz Rəhimova və Şəxsi arxivlərin tədqiqi şöbəsinin elmi işçisi Xanımbacı Məlikzadə mövzuya uyğun məruzələrlə çıxış edərək M.Ə.Rəsulzadənin bütün əməli irsinin mütəmadi mütaliəyə söykəndiyini qeyd edib, mühacirət həyatında əzmlə, fədakarlıqla, ümidlə ictimai, ədəbi fəaliyyətini davam etdirən bu dahi şəxsiyyətin sadəcə bir dövlət xadimi, Cümhuriyyətin qurucusu deyil, həm də bizim milli məfkurəmizin formalaşmasında və bütün Türk dünyasına yayılmasında önəmli rol oynayan şəxsiyyətlərdən biri olduğunu vurğulayıblar.

Tədbir çərçivəsində elmi sessiya iştirakçıları Əlyazmalar İnstitutunun Əlyazmaların elmi ekspozisiyası və təqdimi şöbəsinin və institut kitabxanasının hazırladıqları dahi şəxsiyyətin yaradıcılığını, o cümlədən ölkəmizin müstəqillik tarixini özündə əks etdirən nəşrlər, elmi-publisistik materiallar, poster və kitab sərgisi ilə tanış olublar.

Sonda Əlyazmalar İnstitutunun Ekspozisiya zalında tədbir iştirakçılarının xatirə şəkli çəkilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: