Naxçıvan Muxtar Respublikasının yaradılmasının 100 illiyi və Azərbaycanın Müstəqillik Gününün 106-cı ildönümü münasibətilə Milli Azərbaycan Tarixi Muzeyində “Naxçıvan – qədim diyar” adlı IV ümumrespublika müsabiqə-sərgisi keçirilib. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2023-cü il 30 dekabr tarixli “Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinin qeyd edilməsi haqqında” Sərəncamı qədim diyar Naxçıvanın zəngin dövlətçilik tariximizdə, ölkəmizin inkişafında mühüm yer tutduğunun göstəricisidir.
Layihənin məqsədi gənclərdə vətənpərvərlik ruhunu möhkəmləndirmək, onların istedadını üzə çıxartmaq və ictimaiyyətə təqdim etməkdən ibarətdir.
Tədbirdə incəsənət xadimləri, muzey əməkdaşları, rəssamlar və KİV nümayəndələri iştirak ediblər. Sərgidə Azərbaycanın müxtəlif bölgələrindən gənc rəssamların Naxçıvanın maddi-mədəniyyətini, tarixini, gözəl təbiətini əks etdirən 50-dən çox rəsm əsəri və əl işləri nümayiş olunub.
Müsabiqədə Münsiflər Heyətində Azərbaycan Respublikasının Xalq rəssamı, Azərbaycan Rəssamlar İttifaqının sədr müavini professor Ağaəli İbrahimov, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar incəsənət xadimi Ziyadxan Əliyev, C.Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyinin direktor müavini, Rəssamlar İttifaqının üzvü rəssam Nazim Məmmədov və Milli Azərbaycan Tarixi Muzeyinin Təsviri materiallar fondunun müdiri memarlıq üzrə fəlsəfə doktoru Nardanə Yusifova iştirak edib.
Tədbir Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Sonra muzeyin direktoru akademik Nailə Vəlixanlı tədbirin əhəmiyyətindən danışaraq bildirib ki, gənclərin maariflənməsində, onların istedadlarının üzə çıxmasında və muzeylərə maraq yaradılmasında bu layihə mühüm önəm kəsb edir. Akademik bütün iştirakçılara uğurlar arzulayıb.
Muzeyin İnnovasiyalar və təhsil proqramları şöbəsinin müdiri Fəridə Şəmsi çıxış edərək, Naxçıvanın 100 illiyi və bununla bağlı muzeydə təşkil olunan tədbirlər barədə məlumat verib. F.Şəmsi muzeydə Naxçıvan maddi-mədəniyyətini əks etdirən arxeoloji, etnoqrafik, numizmatik eksponatların qorunduğu və nümayiş edildiyini də bildirib.
Sonra xalq rəssamı A.İbrahimov, sənətşünas Z.Əliyev və memarlıq üzrə fəlsəfə doktoru N.Yusifova sərgilənən rəsm əsərləri barədə çıxış edərək, mövzunun aktuallığından və bu layihənin hər il həyata keçirilməsinə görə muzeyin rəhbərliyinə xüsusi təşəkkür ediblər.
Sonra 2017-ci ilin Azərbaycan Muğam müsabiqəsinin laureatı gənc ifaçı Məftun Məmmədov “Barı Naxçıvan” mahnısını ifa edib və “Sübhnur” rəqs studiyasının rəqqasları Naxçıvan-Şərur yallısı nömrəsini nümayiş etdirib.
Sonda Münsiflər heyəti tərəfindən yaş kateqoriyaları üzrə qaliblər seçilərək, Fəxri fərmanlarla təltif olunub və mükafatlar təqdim edilib. Tədbirin bütün iştirakçılarına sertifikatlar verilib. Böyük yaş qrupundan I yerin qalibi AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunun əməkdaşı Məhiyəddin Seyidov, kiçik yaş qrupundan I yeri Nəzrin Əliyeva, II yeri Naxçıvandan qatılan Yusif Qasımlı və III yeri Aylin Musayeva qazanıb.
Məhiyəddin Seyidovun “Nuhçıxan Naxçıvan” adlı əsərində Naxçıvan bəşəriyyətin beşiyi olaraq gostərilmiş, əfsanəyə görə dünyanı su basarkən Nuh peyğəmbər bəşəriyyətin xilası üçün insanları və canlıları gəmisinə yığaraq xilas etmişdir. Müəllif əsərində təsvir edir ki, dünya üzərində su çəkildikdən sonra gəmi Naxçıvanın İlanlı dağı ilə Türkiyədəki Ağrı dağın arasında dayanmış, insanlar yaşamlarını davam etdirmiş və bununla da Azərbaycan türklərinin adət ənənələri, milli geyimlərimiz, etnoqrafiyamız qorunub saxlanılmışdır.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.