Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

30.05.2024 11:06
  • A-
  • A
  • A+

Türk Dünyası Milli Elmlər Akademiyaları Birliyinin VII Baş Assambleyasının iclası keçirilib

Türk Dünyası Milli Elmlər Akademiyaları Birliyinin VII Baş Assambleyasının iclası keçirilib

Ankarada Türk Dünyası Milli Elmlər Akademiyaları Birliyinin VII Baş Assambleyasının iclası keçirilib.

Tədbirdə Türk Dövlətləri Təşkilatının (TDT) Ağsaqqallar Şurasının sədri Binəli Yıldırım, Beynəlxalq Türk Akademiyasının prezidenti akademik Şahin Mustafayev, Türkiyə Elmlər Akademiyasının prezidenti professor Müzəffər Şəkər, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik İsa Həbibbəyli, eləcə də Türk dünyasının elmlər akademiyalarının başçıları, universitet rektorları və diplomatik missiya nümayəndələri iştirak ediblər.

İclasda çıxış edən akademik Şahin Mustafayev bu görüşün məhsuldar olacağına inamını ifadə edib. O, Türk dövlətləri arasındakı əlaqələrin hər sahədə olduğu kimi, elmi cəhətdən də inkişaf etdiyini söyləyib, iqlim dəyişikliyi, dayanıqlı inkişaf, səhiyyə böhranları və texnoloji inkişaf kimi sahələr üzərində çalışmağın zəruriliyini qeyd edib.

Beynəlxalq Türk Akademiyasının prezidenti bildirib ki, daha konkret və layihə əsaslı əməkdaşlıq müəyyən nəticələrə nail olmaq baxımından ortaq fikri ifadə etməlidir.

2023-cü il noyabrın 3-də Astanada keçirilən “10-cu Zirvə” toplasında TDT-nin dövlət başçılarının Birliyin qərarlarını dəstəklədiklərini vurğulayan akademik Şahin Mustafayev görüşün formatı və indiyədək görülən işlər barədə iştirakçılara məlumat verib.

Çıxışı zamanı təşkilatın builki toplantısında gələcəyə baxış çərçivəsində mühüm məsələlərin müzakirə olunacağına diqqət çəkən Binəli Yıldırım türkdilli ölkələrin hər sahədə inkişafı, güclənməsi, eləcə də elmin işığı altında gələcəyinin daha da parlaq olması istiqamətində fəaliyyətlərini davam etdirdiklərini bildirib. O, təşkilata üzv ölkələr arasında müxtəlif əməkdaşlıq sahələrinin olduğunu xatırladaraq ortaq tarix mövzusunun da vacibliyini vurğulayıb.

Tədbirdə Türk Dünyası Milli Elmlər Akademiyaları Birliyinə dövr sədrliyi Türkiyəyə verilib. Sədrliyi simvolizə edən plaket Tatarıstan Elm Akademiyasının (Rusiya Federasiyası) vitse-prezidenti Aynur Temirxanov tərəfindən TÜBA sədri Müzəffər Şəkərə təqdim olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: