Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

30.05.2024 15:54
  • A-
  • A
  • A+

Gəncə Bölməsində Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinə həsr olunan dəyirmi masa keçirilib

Gəncə Bölməsində Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinə həsr olunan dəyirmi masa keçirilib

AMEA-nın Gəncə Bölməsində Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinə həsr olunan dəyirmi masa keçirilib.

“Naxçıvanı Azərbaycan torpaqlarından ayıran bölgələrin Ermənistana verilməsi tarixi” mövzusundakı tədbir Gəncə şəhər İcra Hakimiyyəti və Azərbaycan Milli Elmlər Akademiyası Gəncə Bölməsi tərəfindən təşkil olunub.

Gəncə Bölməsinin müşavirə salonunda keçirilən tədbirin əvvəlində Azərbaycan Respublikasının Dövlət Himni səslənib, Vətən torpaqlarının bütövlüyü uğrunda canlarından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Dəyirmi masa müzakirələrini giriş sözü ilə açan Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyev vətənimizin əzəli və əbədi torpaqlarından olan Naxçıvanın tarixinin və onun inkişaf mərhələlərinin tədqiqinin Azərbaycan dövlətçilk tarixinin fundamental şəkildə öyrənilməsi məsələlərinin mühüm tərkib hissəsi olduğunu vurğulayaraq, Ulu Öndər Heydər Əliyevin daim Naxçıvanı diqqətdə saxladığını, muxtar respublikanın gələcəyi ilə bağlı ən vacib qərarların təşəbbüskarı olduğunu qeyd edib.

Akademik Fuad Əliyev müasir dövrümüzdə ölkə rəhbəri cənab Prezident İlham Əliyevin milli varlığımızın vacib strateji dayağı olan Naxçıvana Ümummilli Liderin göstərdiyi xüsusi diqqətini, onun layiqli davamçısı kimi, zamanın tələblərinə tam şəkildə cavab verə bilən şəkidə davam etdirdiyini bildirib.

O, həmçinin qeyd edib ki, Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 30 dekabr 2023-cü il tarixli Sərəncamında da bu diyarın Azərbaycanın çoxəsrlik zəngin keçmişində və indiki yüksəliş mərhələsində onun ictimai-siyasi və elmi-mədəni həyatında özünəməxsus rolu vurğulanır və bu günkü elmi görüş də həmin dövlət sənədinin işığında keçirilir.

Sonra dəyirmi masanın məruzələri dinlənilib.

Gəncə Bölməsinin Diyarşünaslıq İnstitutundan t.ü.f.d., dosent Nərgiz Rəsulova “Naxçıvanı coğrafi baxımdan Azərbaycandan ayıran ədalətsiz qərar”, t.ü.f.d. dosent Samirə Qasımova ”Naxçıvan məsələsi Moskva və Qars müqavilələrində”, AMEA Gəncə Bölməsi Humanitar Tədqiqatlar İnstitutundan fil.ü.f.d. Ruziyə Quliyeva “Naxçıvan Araz-Türk Respublikası (1918-1919)”, ETN-nin Bioresurslar İnstitutundan k.ü.f.d. dosent  İmran Qasımov “Naxçıvanın Azərbaycan elminə bəxş etdiyi görkəmli kimyaçı alimlər”, AMEA Gəncə Bölməsi Nizami Gəncəvi Mərkəzindən fil.ü.f.d. Əlimuxtar Muxtarov “Hüseyn Cavidin həyat və yaradıcılığı Naxçıvanla Gəncə arasında ədəbi körpü kimi” və  elmi işçi Çimnaz Vəliyeva  “Azərbaycanın beynəlxalq əlaqələr sistemində Naxçıvanın rolu” mövzularında məruzə ediblər.

Məruzələr ətrafında çıxışlar və müzakirələr olub.

Tədbiri yekunlaşdırarkən akademik Fuad Əliyev məruzələr və səslənən fikirləri yüksək qiymətləndirərək, iştirakçılara minnətdarlıq bildirib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: