Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏDƏNİYYƏT

30.05.2024 16:52
  • A-
  • A
  • A+

MEK-də 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə rəsm sərgisi keçirilib

MEK-də 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə rəsm sərgisi keçirilib

AMEA-nın Mərkəzi Elmi kitabxanasında (MEK) 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə rəsm sərgisi keçirilib.

Sərgidə AMEA əməkdaşlarının 15 yaşa qədər övladlarının rəsmləri nümayiş olunub.

MEK-in direktoru texnika elmləri üzrə fəlsəfə doktoru, dosent Hüseyn Hüseynov öncə bütün uşaqları bayram münasibətilə təbrik edib və onları kitabxanada görməkdən məmnunluğunu bildirib. Direktor qeyd edib ki, MEK-in təşəbbüsü ilə keçirilən sərgidə milli və müasir üslubda işlənmiş əsərlər, portretlər, dekorativ kompozisiyalardan ibarət 40-a yaxın həvəskar rəssamın 100-dən çox rəsm əsərləri nümayiş olunur. Direktor çıxışı zamanı onu da diqqətə çatdırıb ki, uşaqlar bizim gələcəyimizdir, onları qorumaq, inkişaf etdirmək lazımdır və biz də fəaliyyətlərinə daim dəstək olmaq, eləcə də nailiyyətlərini bu elm ocağında nümayiş etdirməklə onlara böyük stimul vermiş oluruq.

Daha sonra direktor AMEA-nın “Elektron Akademiya” şöbəsinin əməkdaşı Anar Nəbiyev tərəfindən hazırlanmış “RoboRek” robotu vasitəsilə uşaqların sərgidə mövcud olan bütün əsərlərinin video formatda görüntüləndiyini vurğulayıb, balaca rəssamlarla kollektiv şəkil çəkdirərək qonaqları, həmçinin ənənəvi sərgi ilə də tanışlığa dəvət edib.

Sərgiyə baxış keçirildikdən sonra AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun direktor müavini sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Xəzər Zeynalov çıxışı zamanı uşaqların səmimi, pak və həssas hisslərinin onların əsərlərinə yansıdığını vurğulayıb. Sərgi ilə tanış olduğunu bildirən rəssam müxtəlif janr, üslub və texnikalarla işlənən əsərləri yüksək qiymətləndirib, onlara yaradıcılıq uğurları arzulayıb.

Rəssam Minayə Feyzullayeva da öz növbəsində uşaqları gözəl gün münasibətilə təbrik edərək bildirib ki, rəssamlıq dünyanın ən gözəl incəsənət növüdür və uşaqların baxış bucağından onların daxili hissləri ilə tanış olmaq çox maraqlıdır. Rəssam, həmçinin uşaqlardakı bu istedadı inkişaf etdirməyin vacibliyini də vurğulayıb.

Tədbirin sonunda rəsm sərgisinə qatılan bütün uşaqlara MEK adından Təşəkkürnamələr təqdim olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: