Ölkəmizdə səfərdə olan kimya üzrə Nobel mükafatı laureatı, UNEC-in fəxri professoru Əziz Səncər Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) olub.
UNEC-dən bildirilib ki, Nobel mükafatçısı universitetdə yaradılmış Əziz Səncər adına Qida Təhlükəsizliyi Laboratoriyasında tədqiqatçılarla görüşüb. O, təəssüratlarını bölüşərək deyib: “Mən Azərbaycanda ilk dəfə 2017-ci ildə Ədalət müəllimin dəvəti ilə olmuşam. Həmin dövrdə müəllim və tələbələrlə çox faydalı və maraqlı görüşlərim baş tutdu. 2021-ci ildə isə hazırda olduğumuz laboratoriyanın açılışında iştirak etmişəm. UNEC-də belə bir laboratoriyanın yaradılması tədqiqatçılar və tələbələr üçün xüsusilə önəmlidir. Keyfiyyətli elmi araşdırmalar, tədqiqatlar üçün laboratoriyalar əvəzsizdir. Gənclər onlar üçün yaradılmış bu imkanı maksimum dərəcədə dəyərləndirsinlər”.
Tədqiqatçılar professor Əziz Səncərlə görüşdən böyük qürur hissi duyduqlarını bildiriblər və dünyaşöhrətli türk alimə elm, təhsil və tədqiqatla bağlı suallarını ünvanlayıblar.
Nobel mükafatçısı sualları cavablandırdıqdan sonra özünün “Əziz Səncərin kalemində hayatı və bilimi” kitabını imzalayaraq UNEC-ə hədiyyə edib.