Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

21.04.2025 16:15
  • A-
  • A
  • A+

AMEA-nın Naxçıvan Bölməsində keçirilən konfrans konstitusion hüquqlar və suverenlik məsələlərini əhatə edib

AMEA-nın Naxçıvan Bölməsində keçirilən konfrans konstitusion hüquqlar və suverenlik məsələlərini əhatə edib

AMEA-nın Naxçıvan Bölməsində İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Hüquqi dövlətin təməli: konstitusiya və suverenlik” mövzusunda elmi konfrans keçirilib.

Konfransı giriş sözü ilə AMEA-nın Naxçıvan Bölməsinin sədri akademik İsmayıl Hacıyev açıb. Akademik çıxışında ötən əsrin əvvəllərində ölkəmizdə milli təşkilatlanma istiqamətində görülən işlərdən, Fevral inqilabının Azərbaycan üçün nəticələrindən, Azərbaycanın muxtariyyət statusu əsasında Rusiyanın tərkibinə qatılmasından, ADR-in fəaliyyətindən, zamanla gündəmə gələn suverenlik məsələsindən və Azərbaycanın öz müqəddəratını həll etməsindən danışıb.

“Bu gün öz suverenliyini tam təmin etmiş müstəqil Azərbaycan möhkəm təməllər üzərində inkişaf edir”, - deyən bölmə sədri konfransı açıq elan edib.

Daha sonra tədbir iştirakçıları İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun əməkdaşlarının təqdimatında məruzələr dinləyiblər.

İnstitutun elmi işlər üzrə direktor müavini filologiya üzrə fəlsəfə doktoru, dosent Elxan Məmmədov “Konstitusiyamızda Azərbaycan vətəndaşlarına verilən hüquq və azadlıqlar”, Ədəbiyyatşünaslıq şöbəsinin müdiri filologiya üzrə fəlsəfə doktoru, dosent Ramiz Qasımov “İstiqlaliyyət, suverenlik və hüquqi dövlət quruculuğu ideyası: bədii düşüncədən tarixi həqiqətə”, aparıcı elmi işçi filologiya üzrə fəlsəfə doktoru, dosent Aygün Orucova “Müstəqillik dövrü hekayə janrında milli istiqlal ideyaları” mövzusunda məruzə ediblər.

Dosent Elxan Məmmədov məruzəsində konstitusiyanın vətəndaşların hüquq və azadlıqlarının təmin olunmasındakı rolundan, Ulu öndər Heydər Əliyevin Konstitusiyamız hazırlanarkən bu məsələni xüsusi diqqətdə saxlamasından, məsələyə həssas münasibətindən, müstəqil Azərbaycanın 1995-ci ildə ümumxalq səsverməsi ilə qəbul olunmuş konstitusiyasından bəhs edib. Tədqiqatçı konstitusiyada əksini tapmış bəzi maddə və bəndləri konfrans iştirakçılarının diqqətinə çatdırıb, günümüzədək əhalinin rifah halının yaxşılaşdırılması istiqamətində görülən işlərə diqqət çəkib.

Dosent Ramiz Qasımov XX əsrin əvvəllərində Azərbaycançılıq məfkurəsinin formalaşmağa başlamasından, bu ideologiyanın öncüllərindən, milli ideologiyanın formalaşmasında “Füyuzat” və “Molla Nəsrəddin” jurnallarının rolundan bəhs edib. Y.V.Çəmənzəminli, Ü.Hacıbəyli və başqalarının əsərlərini Azərbaycanda hüquqi dövlət quruculuğuna gedən yolun bayraqdarları kimi səciyyələndirib. “Əsrimizin Səyavuşu” və “Anamın kitabı”nda AXC-nin süqutundan doğan kədərin bədii ifadəsindən danışıb.

Dosent Aygün Orucovanın məruzəsi Zəfər sevincinin bədii ədəbiyyatımızda ifadəsi məsələsini əhatə edib. Anar, Elçin, X.Kərimli, A.İmanlı, A.Yadigar, E.Yurdoğlu, Q.Qərib, Ş.Qafar, G.Məmmədova, Ə.Həsrət və başqa ədəbi mühit nümayəndələrinin əsərlərində yurd sevgisi, qələbə əzminin, zəfərdən doğan sevincin əksi məsələsindən danışıb. Əsərlərdən gətirdiyi nümunələr əsasında fikirlərini ifadə edib.

Sonda mövzu ətrafında müzakirələr aparılıb. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: