AMEA-nın Mərkəzi Elmi Kitabxanasının (MEK) elmi katibi Şəbnəm Rüstəmova “Könüllülük mədəniyyət sahəsində insan resurslarının inkişaf etdirilməsi vasitəsi kimi” mövzusunda keçirilən vebinara qatılıb.
Sankt-Peterburq Dövlət Mədəniyyət İnstitutunun “Xeyriyyə elçiləri” (“Почтальоны добра”) könüllülər birliyi və Rusiya Kitabxanalar Assosiasiyasının (RKA) Beynəlxalq Əməkdaşlıq Bölməsinin təşkilatçılığı ilə “BiblioFest-2024” Beynəlxalq Festivalı çərçivəsində “Könüllülük mədəniyyət sahəsində insan resurslarının inkişaf vasitəsi kimi: birlik ölkələrinin təcrübəsi” adlı vebinar keçirilib.
“Müstəqil Dövlətlər Birliyində Könüllülük ili”nə həsr olunan tədbirdə Belarus, Qazaxıstan və Qırğızıstanın kitabxanaçıları ilə yanaşı, Azərbaycandan MEK-in elmi katibi Şəbnəm Rüstəmova iştirak edərək ADA Universiteti, Bakı Dövlət Universiteti və UNEC kitabxana informasiya mərkəzlərində könüllülük fəaliyyəti haqqında məlumat verib. MEK-in yeni binasında fəaliyyətə başladığı müddət kitabların sistemləşdirilməsində, elektronlaşmasında, fondların formalaşdırılmasında könüllülərin dəstəyi olduğunu diqqətə çatıran elmi katib təmsil etdiyi kitabxanada yaxın zamanda könüllü hərəkatının yaradılmasının perspektivlərindən danışıb.
Vebinarda mədəniyyət və təhsil müəssisələrində həyata keçirilən könüllülüyün müxtəlif istiqamətləri, o cümlədən kitabxana könüllülüyünün inkişafına yönəlmiş layihələr haqqında təqdimatlar nümayiş edilib, peşəkar əlaqələr qurmaq və gələcək əməkdaşlıq istiqamətlərində fikir mübadiləsi aparılıb.
Sonda iştirakçılara təşkilatçılar tərəfindən sertifikatlar da təqdim olunub.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.