AMEA-nın Gəncə Bölməsinin Rəyasət Heyətinin genişləndirimiş iclası baş tutub.
Toplantını giriş sözü ilə AMEA Gəncə Bölməsinin sədri akademik Fuad Əliyev açaraq, müasir dünyanın qlobal çağırışları fonunda, ölkəmizdə elmdə, eləcə də təhsildə aparılan islahatların gedişi baxımından elmi-tədqiqat ocaqlarının səmərəliliyinin yüksəldilməsi yönündə alimlərimizin qarşısında duran mühüm vəziflərdən danışıb. Akademik Fuad Əliyev bu baxımdan, elmi-təşkilati məsələlərinin daim diqqətdə saxlanılmasını və bu proseslərin yüksək tempdə davam etdirilməsinin vacibliyini vurğulayıb. Bu toplantının da həmin məsələlərin səmərəliliyinin artırılmasına xidmət etdiyini qeyd edən sədr, genişləndirilmiş iclasın gündəliyini səsləndirib.
İlk məsələ kimi sədr Gəncə Bölməsinin elmi müəssisələrinin 2024-cü ilin birinci yarısı üzrə elmi və elmi-təşkilati fəaliyyətinə dair yarımillik hesabatlarının hazırlanması və təqdim edilməsi haqqında olub. Bu məsələ üzrə Bölmənin elmi müəssisələrinin rəhbərləri də öz fikirlərini bildiriblər.
Toplantıda müzakirə edilən daha bir məsələ, kollektiin böyük sevinclə irəli sürdüyü təşəbbüsün, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın və onun rəhbərlik etdiyi Heydər Əliyev Fondunun yubiley tarixləri münasibətilə Bölmə tərəfindən çap ediləcək monoqrafiyanın hazırlanması prosesinin gedişi haqqında olub. Bu məsələ üzrə akademik Fuad Əliyev çıxış edərək, bu elmi nəşrin forma, məzmun və xüsusiyyətləri haqqında danışıb. Kitabın materiallarının toplanması və tərtibatı haqqında Bölmənin Elektron Xidmətlər şöbəsinin əməkdaşı Nailə Mirzəyevanın məlumatını dinləyən akademik Fuad Əliyev bu istiqamətdə öz tapşırıq və tövsiyələrini verib.
Toplantıda müzakirə edilən üçüncü məsələ - AMEA-nın 80 illik yubileyinə hazırlıq haqqında danışan akademik Fuad Əliyev, bu əlamətdar tarixin layiqincə qeyd edilməsinin vacibliyini bildirib, həmçinin Azərbaycan elminin nüfuzunu yüksəklərə qaldıraraq, milli zəkamızın gücünü dünyaya sübut etmiş alimlərimiz və onların möhtəşəm nailiyyətlərindən söhbət açıb. O, Ulu Öndər Heydər Əliyevin Azərbaycanın bölgələrində də elmi potensialın yüksəldilməsi üzrə uzaqgörən strategiyasının onun layiqli davamçısı cənab Prezident İlham Əliyev tərəfindən sistemli şəkildə davam etdirildiyini vurğulayıb.
Toplantıda növbəti təşkilati məsələ kimi, Diyarşünaslıq İnstitutunun kadr potensialı müzakirə olunub və bu haqda Bölmənin ümumi işlər üzrə sədr müavini Rasim Tağıyev çıxış edib.
Gəncə Bölməsinin Həmkarlar Təşkilatının yarımillik hesabatı ilə həmin təşkilatın rəhbəri Nailə Hacıyeva çıxış edib.
Yığıncaqda Yeni Azərbaycan Partiyasının Gəncə Bölməsi üzrə Ərazi Partiya təşkilatının sədri Elnur Həsənovun hesabatı da dinlənilib.
Digər bir məsələ Gəncə Bölməsi üzrə Gənc Alim və Mütəxəssislər Şurasının tərkibində yaş həddinə əsasən dəyişiklik edilməsi ilə bağlı olub. Bu haqda çıxış edən Bölmənin sədr müavini k.ü.f.d. Sara Əzizova bu dəyişikliklərin illərin ötməsilə yaş hədləri tələbləri ilə bağlı olduğunu qeyd edib və yeni tərkibin siyahısını səsləndirib.Sara Əzizova daha bir məsələ ilə bağlı da çıxış edib. Belə ki, o, Gəncə Bölməsinin əməkdaşları tərəfindən çapa hazırlanan elmi məqalə və tezislərin Elmi şura iclaslarında müzakirəsinin təşkil edilməsi zərurətindən danışıb.
Daha bir məsələ - Gəncə Bölməsində nəşr olunan Nizamişünaslıq jurnalının filologiya elm sahəsi üzrə AAK-da Azərbaycan Respublikasında məqalələrin dərc olunması tövsiyə edilən dövri elmi nəşrlərin siyahısına daxil edilməsi haqqında f.ü.f.d. Əlimuxtar Muxtarov danışıb.
Gəncə Bölməsində nəşr edilən tirajı azalmış kitab və monoqrafiyaların yenidən çap etdirilməsi məsələsi haqda ümumi işlər üzrə sədr müavini Rasim Tağıyev məlumat verib.
Toplantıda Gəncə Bölməsinin fəaliyyəti haqqında məlumatların kütləvi informasiya vasitələrində işıqlandırılması (Elm və Xalq qəzetləri, Elm və həyat, Azərbaycan müəllimi jurnalları) məsələlərinin aktuallığı da müzakirə edilib.
Toplantıda, həmçinin Humanitar Tədqiqatlar İnstitutunda çalışmış Günay Cəfərovanın Gəncə Bölməsi Köməkçi heyətin elmi katibi vəzifəsini icra edən təyin edilməsi haqda qərar da səsləndirilib və o, kollektivə təqdim edilib.
Günay Cəfərova göstərilən etimada görə, AMEA rəhbərliyinə, Gəncə Bölməsi kollektivinə və akademik Fuad Əliyevə minnətdarlığını bildirib.
Toplantının sonunda öz elmi və təşkilati fəaliyyətləri ilə fərqlənən əməkdaşlara AMEA və Gəncə Bölməsinin Rəyasət Heyətinin təşəkkürnamə və diplomları təqdim edilib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.