3-4 iyun 2024-cü il tarixlərində Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin Səlahiyyətli Nümayəndəliyi, AR Elm və Təhsil Nazirliyi, Naxçıvan Dövlət Universiteti (NDU), AR ETN Botanika İnstitutu və Azərbaycan Botaniklər Cəmiyyəti İctimai Birliyinin birgə təşkilatçılığı ilə Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinə həsr edilən “Biomüxtəlifliyin dayanıqlığının təmin edilməsində yeni çağırışlar (COP29) – yaşıl dünya və insan sağlamlığı” mövzusunda beynəlxalq elmi-praktiki konfrans keçirilib.
Naxçıvan şəhərində keçirilən konfransda AMEA-nın Rəyasət Heyəti aparatının vitse-prezidentləri xidmətinin elmi katibi biologiya elmləri doktoru, dosent Tubuxanım Qasımzadə də iştirak edib. T.Qasımzadə konfransda “Azərbaycanın Şirvan zonasının arid torpaqlarının bitkiliyi” adlı məruzə ilə çıxış edib.
Məruzədə qeyd olunur ki, arid torpaqlar buxarlanmış rütubətin miqdarının qəbul etdiyi rütubətin miqdarından çox olan ərazilərdə əmələ gəlir və torpağın profilində və ya qrunt laylarında karbonatların, sulfatların, xloridlərin toplanmasına səbəb olan yuyulmayan su rejiminə malikdir. Azərbaycanın Şirvan zonasının aran əraziləri belə torpaqların mövcudluğu ilə seçilir.
Məruzədə Azərbaycanın Şirvan zonasının aran hissəsindəki səhra bitki örtüyünün botaniki qruplarının, assosiasiya və formasiyalarının tərkibinin dərin təhlili verilib. UNESCO-nun yenilənmiş məlumatlarına görə, yer səthinin 23%-i tipik səhralar kateqoriyasına aiddir. Arid ərazilərin tədqiqi COP-29 tədbirlərinin istiqaməti kimi aktualdır və xüsusi maraq doğurur.
Məruzə dinlənildikdən sonra suallar cavablandırılıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.