Naxçıvan Muxtar Respublikasının 100 illiyi münasibətilə “Naxçıvan Muxtar Respublikasının yaranması: keçmişdən bu günə və sabaha” mövzusunda beynəlxalq elmi konfrans keçirilib.
Konfrans Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti, Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyəti, AMEA-nın Naxçıvan Bölməsi və Naxçıvan Dövlət Universitetinin birgə təşkilatçılığı ilə baş tutub.
Konfransdan əvvəl iştirakçılar Ulu öndər Heydər Əliyevin Naxçıvan şəhərindəki abidəsi önünə gül düzərək dahi rəhbərin ruhuna ehtiramlarını ifadə ediblər. Daha sonra Heydər Əliyev Muzeyi ziyarət olunub. Ziyarətçilər Ümummilli Liderin həyat yolu və zəngin siyasi irsini əks etdirən muzeyin ekspozisiyası ilə tanış olublar.
Konfransın açılış mərasimi və plenar iclas Naxçıvan Dövlət Universitetində keçirilib. Əvvəlcə Ulu öndər Heydər Əliyevin və vətənimizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Konfransı AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev açıb.
Akademik çıxışında Azərbaycan Respublikası Prezidentinin 30 dekabr 2023-cü il tarixli “Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinin qeyd edilməsi haqqında” Sərəncamının tarixi əhəmiyyətindən danışıb. Vurğulanıb ki, həmin sərəncamda Naxçıvanın keçdiyi tarixi inkişaf yolu göstərilməklə bərabər, ölkənin ictimai-siyasi, sosial-iqtisadi, elmi-texniki və mədəni həyatında rolu geniş təhlil olunmuşdur.
Naxçıvanın tarixin müxtəlif mərhələlərində özünəməxsus mövqeyə, rola və əhəmiyyətə malik olduğunu qeyd edən akademik Ulu öndər Heydər Əliyevin ölkəyə rəhbərliyinin hər iki mərhələsində Naxçıvana göstərdiyi diqqət və qayğıdan söz açıb.
“Bu gün muxtar respublikada Dövlət proqramları və infrastruktur layihələri uğurla icra olunmaqdadır. Naxçıvan enerji təhlükəsizliyi sahəsində uğurlu addımlar atıb və bu fəaliyyət davam etməkdədir”, - deyən İsmayıl Hacıyev çıxışının davamında Naxçıvanın muxtariyyət statusu və Naxçıvan Muxtar Respublikasının yaranması barədə danışıb.
Naxçıvan Muxtar Respublikasının Baş naziri Ceyhun Cəlilov konfransda çıxışında muxtar respublikanın 100 illiyinin silsilə tədbirlərlə qeyd olunduğunu bildirib. “Naxçıvan Muxtar Respublikasının yaranması: keçmişdən bu günə və sabaha” beynəlxalq konfransının da müxtəlif məsələlərə, tarixi məqamlara toxunacağına, bölgənin keçmişi, bu günü və gələcəyi ilə bağlı bir sıra tarixi və elmi problemlərə və perspektivlərə aydınlıq gətirəcəyinə əminliyini ifadə edib.
Baş nazir bildirib ki, ölkə başçısı tərəfindən Naxçıvan Muxtar Respublikasında tam yeni idarəetmə modeli təsdiq olunub, Naxçıvanın yeni inkişaf mərhələsi ilə bağlı çox ciddi prioritet istiqamətlər müəyyən olunub. Muxtar respublikanın inkişafı istiqamətində həyata keçirilən işlər Naxçıvanda aqrar sənayenin inkişafı, logistik potensialın yerli səviyyədən regional və qlobal səviyyəyə qaldırılması, “yaşıl enerji” potensialının enerji təhlükəsizliyinə töhfəsi və regionun dövlət dəstəkli turizm potensialının inkişafı ilə bağlı qarşıya qoyulan məqsədlərdir. Qarşıya qoyulan məqsədlər arasında ən vacib məqam kadr potensialının gücləndirilməsi məsələsidir. Çünki iqtisadi inkişaf mexanizminin kökündə elmin, təhsilin inkişafı dayanır. Məhz qəbul olunan Dövlət proqramlarının, ölkə başçısının Naxçıvanın inkişafı ilə bağlı müəyyən elədiyi prioritetlərin əsasında insan kapitalına qoyulan investisiya dayanır.
Çıxışının sonunda Ceyhun Cəlilov Naxçıvanda çox ciddi elmi potensialın mövcudluğunu sevindirici hal kimi qiymətləndirib və konfransın işinə uğurlar arzu edib.
Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev çıxış edərək bildirib ki, bu gün Naxçıvan yeni mərhələdə özünün yeni inkişaf dövrünü yaşayır. Bu inkişafın şahidi isə Naxçıvan əhalisi və bütün Azərbaycan xalqıdır.
Bəşər sivilizasiyasının ən mühüm mədəni hadisələri kimi, ilk insan məskəni kimi, ilk mədəniyyət beşiyi kimi, qədim şəhər mədəniyyəti nümunəsi kimi Naxçıvan bütün Şərqin, Türk dünyasının, bütün müsəlman aləminin mədəni və elmi mərkəzidir. Əminliklə deyə bilərik ki, Zəngəzur koridoru açıldıqdan sonra Naxçıvan dünya nəqliyyat xəttinin qovşaq nöqtəsinə çevriləcəkdir.
Bu gün biz muxtariyyətin yubileyini bayram edirik. Çünki bu status Naxçıvanın təhlükəsizliyini, Azərbaycanın tərkibində qorunub saxlanılmasını təmin edib. Elə bu səbəbdəndir ki, Ümummilli lider Heydər Əliyev Naxçıvanın muxtariyyətini tarixi nailiyyət adlandırmışdır.
Açılış mərasimindən sonra “Naxçıvan Muxtar Respublikası - 100” sənədli televiziya filmi nümayiş olunub.
Plenar iclasda Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik İsa Həbibbəyli “Naxçıvan Muxtar Respublikasının inkişafı: tarix və müasirlik” mövzusunda çıxış edib.
Akademik ölkə başçısı cənab İlham Əliyevin muxtar respublikanın 100 illiyi ilə bağlı sərəncamını Naxçıvana göstərilən dövlət qayğısının təzahürü kimi qiymətləndirib. Bu qayğının muxtar respublikanın yeni dövr inkişafını istiqamətləndirdiyini, Naxçıvanın sabahını daha aydın təsəvvür etməyə xidmət etdiyini söyləyib.
İsa Həbibbəyli tarixən Naxçıvan əhalisinin mübarizliyindən, böyük güclərin Naxçıvana dair maraqlarına rəğmən bölgənin müdafiəsini təmin etməsindən danışıb. Dövlət proqramlarının fəal icraçısı olan bugünkü Naxçıvanın inkişafının gələcək perspektivlərinə nəzər salıb.
Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının sədri, professor Famil Mustafayev “Naxçıvan Muxtar Respublikasının elmi müəssisə, təşkilat, ali təhsil müəssisələrində yüksək ixtisaslı mütəxəssislərin hazırlanması: nailiyyətlər, perspektivlər” adlı çıxışında muxtar respublikada elmi potensialın hazırkı vəziyyətindən, Ali Attestasiya Komissiyası ilə Naxçıvanın elm və təhsil müəssisələri ilə əlaqələrindən danışıb, elmi dərəcə və adların verilməsi ilə bağlı son statistik göstəriciləri nəzərə çatdırıb.
Çıxışının sonunda Famil Mustafayev muxtar respublika fəaliyyət göstərən bir qrup tədqiqatçıya yeni elmi dərəcə və adlarını təsdiq edən diplomları təqdim edib.
Tədbirdə həmçinin Türkiyənin Milli Savunma Universiteti Kara Harp Okulu dekanı, professor İbrahim Ethem Atnurun “100-cü ilində Naxçıvan muxtariyyətinin tarixi təməllərinin ümumi analizi”, AMEA-nın akademik katibi, akademik Arif Həşimovun “Naxçıvan Muxtar Respublikası yetirmələrinin fizika sahəsində əldə etdiyi nailiyyətlər” başlıqlı məruzələri dinlənilib.
Bədii hissə ilə davam edən tədbirdə Naxçıvan Dövlət Universitetinin Musiqi Kollecinin xalq çalğı alətləri orkestrı konsert proqramı ilə çıxış edib.
Konfrans öz işini günün ikinci yarısında “Tarix”, “Arxeologiya, etnoqrafiya və folklor”, “Elm, təhsil və mədəniyyət”, “Dil, ədəbiyyat və ədəbi mühit” bölmələri üzrə davam etdirib.
Konfransın sonunda məruzəçilərə sertifikatlar təqdim olunub.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.