Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

11.06.2024 15:30
  • A-
  • A
  • A+

AMEA Rəyasət Heyətinin növbəti iclası keçirilib

AMEA Rəyasət Heyətinin növbəti iclası keçirilib

Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin növbəti iclası keçirilib.

Tədbirdə AMEA-nın prezidenti akademik İsa Həbibbəyli, Rəyasət Heyətinin üzvləri, Rəyasət Heyəti aparatının şöbə müdirləri, AMEA-nın elmi müəssisə və təşkilatlarının direktorları və aidiyyəti şəxslər iştirak ediblər.

İclası giriş sözü ilə akademik İsa Həbibbəyli açaraq tədbirin gündəliyi barədə məlumat verib.

Əvvəlcə AMEA-nın müxbir üzvü Əli Nuriyevə AMEA-nın Fəxri fərmanı, fizika-riyaziyyat elmləri doktoru, professor Ədalət Axundova isə AMEA-nın Fizika-   Riyaziyyat və Texnika Elmləri Bölməsinin Fəxri fərmanı təqdim olunub.

Tədbirdə müzakirə olunan birinci məsələ Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdiri AMEA-nın müxbir üzvü Könül Bünyadzadənin “Sufi fenomenologiya - yeni fəlsəfi yanaşma və gələcəyə baxış” mövzusunda elmi məruzəsi haqqında olub.

K.Bünyadzadə məruzəsində qeyd edib ki, istər antik dövrdə, istərsə də orta əsrlərdə Şərq həmişə Qərb üçün ideya mənbəyi rolunu oynamışdır. Vurğulayıb ki, orta əsrlərdə baş vermiş və sonralar Qərbdə elm və düşüncədə böyük inkişafa səbəb olmuş İntibahın da başlıca səbəblərindən biri Şərq, xüsusilə İslam hikməti olmuşdur. İslam Şərqinin əhəmiyyətli bir hissəsi olaraq Azərbaycan İslam düşüncə tarixində hər zaman vacib yer tutmuş və onun zənginləşməsində müstəsna rola malik olmuşdur.

Məruzədə qaldırılan məsələlərin müasir düşüncə tarixi üçün xüsusi əhəmiyyət kəsb etdiyini bildirən alim çıxışında başlıca məqsədin Şərq və Qərb təfəkkürləri arasında vahid bir sintez yaratmaqla həqiqətin bütöv şəkildə, parçalanmadan təqdim edilməsindən ibarət olduğunu nəzərə çatdırıb. Natiq qeyd edib ki, bu yeni fəlsəfi konsepsiya dərin mental və mənəvi böhranda olan müasir insanın düşüncə üfüqlərini genişləndirir və ona yeni bir nəfəs verir.

Məruzədə, həmçinin dövrün tələbləri və elmin yeni nailiyyətləri nəzərə alınıb, müəllif öz ideyalarını və prinsiplərini elmi nəzəriyyə və fərziyyələrlə əlaqələndirib, xüsusilə kvant fizikası ilə paralellər qurub.

Qeyd olunan konsepsiya Azərbaycan, hətta cəsarətlə təsdiq etmək olar ki, Şərq düşüncə tarixində qadın filosof tərəfindən yazılmış ilk fəlsəfi sistemdir. “Sufi fenomenologiya” həm Şərqdə, həm də bütün dünyada düşüncəyə, mədəniyyətə, incəsənət sahəsinə köklü və ciddi təsir göstərən, XX əsr Qərb fəlsəfəsinin əhəmiyyətli cərəyanlarından biri olan fenomenologiyanın kəsişmə nöqtəsinin üzərində qurulmuş və bütöv struktura malik olan fəlsəfi konsepsiyadır. Məruzə fəlsəfə tarixinin bu iki nəhəng məktəbinin sintezinin təqdimi olmaqla yanaşı, həm də insan, yaradılış, mən və cəmiyyət, şüur və ağıl haqqında yeni baxış bucağını ortaya qoyur.

Məruzədə, o cümlədən Sufi fenomenologiyanın iki diqqətəlayiq cəhəti ön plana çəkilib. Birincisi, o, Qərb fəlsəfi sistem nümunəsini ehtiva edir. Bu fakt ona tanınmış fəlsəfi sistemlər sırasında öz yerini tutmasına, eyni zamanda yeni perspektivlərin açılmasına imkan verir. İkincisi isə tədqiqatın məhz Sufizmin prinsipləri üzərində qurulması və onu ana xətt olaraq izləməsidir. Bununla o, dünya düşüncə tarixində İslam hikmətinin rolunu və əhəmiyyətini bir daha vurğulamış olur.

Müəllif qeyd edib ki, Sufi fenomenologiya insanmərkəzli fəlsəfədir və əsas məqsədi insan haqqında təsəvvürləri və insanın baxış bucağını genişləndirməkdir: “Bu məqsədlə burada həm Sufizmin, həm də fenomenologiyanın metodlarından istifadə edilir. Burada iki əhəmiyyətli xətt paralel gedir: rasional və irrasional bilik, elm və iman, maddi və mənəvi xüsusiyyətlər. Daha dəqiq desək, bu, hər ikisinin vəhdəti üzərindən çıxış edən bir fəlsəfədir. Məruzə müasir dövrün tələblərinə uyğun yeni düşüncə qatlarını açan, ruh və məntiq arasında sintez yaratmaqla onu maddi dünya çərçivəsindən yüksəyə qaldıra bilən, mənəvi və mental keyfiyyətlərin kamilləşməsinə yönələn fəlsəfi təlimdir”.

Məruzə dinlənildikdən sonra mövzu ətrafında akademiklər Arif Həşimov, Dilqəm Tağıyev, İradə Hüseynova, professorlar İlham Məmmədzadə, Əbülhəsən Abbasov, fəlsəfə elmləri doktorları Rəfiqə Əzimova, Füzuli Qurbanov və başqaları çıxış edərək fikir və suallarını səsləndiriblər.

Sonra çıxış edən akademik İsa Həbibbəyli Könül Bünyadzadənin bir neçə ay öncə işıq üzü görmüş ikicildlik “Sufi fenomenologiya” adlı monoqrafiyasını oxuduğunu və müstəqillik dövründə bu istiqamətdə yazılmış ilk fundamental tədqiqat əsəri olduğunu deyib, bu gün müzakirəyə çıxarılan mövzu ilə bağlı Fəlsəfə və Sosiologiya İnstitutunda bu müəssisənin alimlərilə ilkin diskussiyalar apardığını bildirib. Qeyd edib ki, həmçinin İctimai Elmlər Bölməsinin Elmi şurasının iclasında alimin “Sufi fenomologiya: yeni fəlsəfi yanaşma və gələcəyə baxış” mövzusunda məruzəsi dinlənilib və geniş müzakirələr aparıldıqdan sonra məruzə Rəyasət Heyətinin müzakirəsinə çıxarılıb.

Məruzənin olduqca aktual olduğunu deyən akademik İsa Həbibbəyli vurğulayıb ki, burada bir tərəfdən Şərq və Qərb düşüncələrinin sintezi, qədim və müasir dövrlərin vacib ideyalarının yeni interpretasiyası, digər tərəfdən, fəlsəfə və elmin qarşılıqlı müqayisəsi yer alır. Akademik İsa Həbibbəyli bildirib ki, son 100 ildə Azərbaycanda materialist fəlsəfə hakim olsa da, müəllif ideyasını dərindən mənimsəyərək onun uğrunda mübarizə aparır və ölkəmizin müasir müstəqilliyi dövründə yaranan birinci idealist fəlsəfi yanaşmanı ortaya qoyur. Qeyd edib ki, alim, eyni zamanda idealist fəlsəfə ilə materialist fəlsəfə arasında bir körpü də axtarır.

Çıxışlardan sonra AMEA-nın Rəyasət Heyəti tərəfindən məruzə qəbul edilib və müəyyən tapşırıqlar verilib.

İclasda müzakirə olunan növbəti məsələ AMEA-nın elmi müəssisə və təşkilatlarının, regional elmi mərkəzlərinin 2024-cü ilin birinci yarısı üzrə elmi və elmi-təşkilati fəaliyyətinə dair hesabat iclaslarına hazırlıq haqqında olub. Akademik İsa Həbibbəyli bildirib ki, elmimizin keyfiyyəti daha da yaxşılaşdırmaq üçün yarımillik hesabatların verilməsi zəruridir və hesabat iclasları AMEA-nın Rəyasət Heyəti aparatının məsul şəxslərinin iştirakı ilə baş tutacaq.

Daha sonra AMEA-nın Rəyasət Heyəti aparatının Elm və təhsil şöbəsinin müdiri filologiya elmləri doktoru Sərxan Xavəri AMEA-nın elmi müəssisə və təşkilatlarının 2024-cü ilin birinci yarısı üzrə elmi və elmi-təşkilati fəaliyyətinə dair yarımillik hesabat iclaslarının keçirilmə tarixləri və iştirak edəcək məsul şəxslər haqqında məlumatı təqdim edib.

Tədbirdə müzakirə edilən növbəti məsələ AMEA-nın elmi müəssisə və təşkilatlarında çalışan işçilərə əmək məzuniyyətlərinin verilməsinin tənzimlənməsi haqqında olub.

Akademik İsa Həbibbəyli bununla bağlı elmi müəssisə və təşkilatların direktorlarına müəyyən tapşırıqlarını verib.

AMEA-nın Rəyasət Heyəti aparatının İnsan resursları şöbəsinin müdiri filologiya üzrə fəlsəfə doktoru Aynur Mahmud isə elmi müəssisə və təşkilatlardakı əmək məzuniyyətləri ilə bağlı bir sıra statistik rəqəmləri təqdim edib.

Sonra AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru AMEA-nın müxbir üzvü Qurban Yetirmişli 13-15 may 2024-cü il tarixlərində keçirilmiş “Qafqazda seysmik təhlükə yenilənmələri və müasir mühəndislik təcrübələrinin təsirləri” mövzusunda beynəlxalq elmi konfransın yekunları haqqında məlumat verib.

İclasda müzakirə olunan növbəti məsələ “Süni intellekt və rəqəmsal inkişaf: reallıqlar və çağırışlar” mövzusunda beynəlxalq elmi konfransın keçirilməsi haqqında olub. AMEA-nın vitse-prezidenti akademik Rasim Əliquliyev konfransa hazırlıq barədə məlumat verib.

Ölkəmizdə süni intellekt texnologiyaları ilə əlaqədar aparılan tədqiqatların, onların nailiyyətlərinin öyrənilməsi və mümkün tətbiqləri sahəsində mövcud vəziyyəti müzakirə etmək və əldə olunmuş nəticələrin tanıdılması məqsədilə AMEA-nın təşkilatçılığı ilə 17-18 iyul 2024-cü il tarixlərində “Süni intellekt və rəqəmsal inkişaf: reallıqlar və çağırışlar” mövzusunda beynəlxalq elmi-praktiki konfransın keçirilməsi qərar alınıb və konfransın təşkili ilə əlaqədar komissiya yaradılıb.

İclasda o cümlədən Qərbi Azərbaycanın azərbaycanlı əhalisinin və Qarabağın qeyri-maddi mədəni irsinin - əlyazmalarının transliterasiya və tərcümə edilməsi, sistemləşdirilməsi, nəşri, tədqiqi və təbliği istiqamətində fəaliyyətin gücləndirilməsi məqsədilə AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda daxili imkanlar hesabına Qərbi Azərbaycan və Qarabağ əlyazmalarının tədqiqi şöbəsinin yaradılması barədə qərar qəbul edilib.

Həmçinin AMEA-nın Mərkəzi Elmi Kitabxanasında Elmi-Metodik Şuranın tərkibində dəyişiklik edilməsi, eləcə də akademik Maqsud Əliyevin 100 illik, akademik Validə  Tutayuqun 110 illik yubileyi qeyd edilməsi haqqında qərarlar qəbul olunub.

Sonda çıxış edən akademik İsa Həbibbəyli bu gün Azərbaycanın Prezident İlham Əliyevin liderliyində öz inkişafının ən yüksək dövrünü yaşadığını, AMEA-da dövlətimizin prioritet istiqamətlərinə uyğun tədqiqatların aparıldığını söyləyib, yeniləşən Akademiya uğrunda əməli tədbirlərin və islahatların bundan sonra da davam etdiriləcəyini diqqətə çatdırıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: