Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

28.06.2024 15:55
  • A-
  • A
  • A+

“Süni intellekt fəlsəfəsində Azərbaycan-Türkiyə araşdırmalarının perspektivləri” mövzusunda beynəlxalq konfrans keçirilib

“Süni intellekt fəlsəfəsində Azərbaycan-Türkiyə araşdırmalarının perspektivləri” mövzusunda beynəlxalq konfrans keçirilib

AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunda Türkiyə və Rusiya alimlərinin iştirakı ilə “Süni intellekt fəlsəfəsində Azərbaycan-Türkiyə araşdırmalarının perspektivləri” mövzusunda beynəlxalq elmi konfrans keçirilib.

AMEA-nın prezidenti akademik İsa Həbibbəyli konfransı giriş sözü ilə açaraq bildirib ki, TÜBİTAK-ın başda Türkiyə olmaqla, Türk dünyasında və eləcə də dünyada elmin inkişafında mühüm rolu var və Akademiyanın mövcud strukturu çərçivəsində qurumlarımız arasında yeni sahələrdə əməkdaşlıqları genişlənib.

Son vaxtlar Akademiyada elektron xidmətlər şəbəkəsinin genişləndirilməsi istiqamətində mühüm addımların atıldığını, AMEA-da “Elektron Akademiya” şöbəsinin yaradıldığını diqqətə çatdıran akademik İsa Həbibbəyli bu sahədə TÜBİTAK-ın təcrübəsindən yararlanıldığını, birgə elektron layihələrin həyata keçirildiyini qeyd edib.

Sonra mövzu ilə bağlı çıxış edən Fəlsəfə və Sosiologiya İnstitutunun direktoru f.e.d., professor İlham Məmmədzadə çıxışında bütün sahələrdə olduğu kimi, fəlsəfənin də birbaşa süni intellektlə bağlı olduğunu vurğulayıb: “Fəlsəfə bu gün süni intellektdən kənarda qala bilməz, onsuz mümkün deyil. Demək olar ki, elə sahə yoxdur ki, süni intellektin xidmətlərindən yararlanmasın. Hər şey inkişaf edir, modernləşir. Belə olduğu təqdirdə biz alimlər də öz işlərimizi inkişaf etdirmək üçün süni intellektdən faydalanırıq”.

Professor insanların süni intellektdən hansı formada faydalanması, bunun nəticəsində yarana biləcək problemlərin aradan qaldırılması üçün alimlərin, xüsusilə filosofların geniş elmi təhlillər apararaq müəyyən elmi nəticələr ortaya qoymasının zəruriliyini vurğulayıb, bu işlərin sistemli şəkildə aparılmasının önəminə toxunub. İ.Məmmədzadə süni intellektin mahiyyəti, onun şüur və təfəkkürlə münasibəti, intellekt və süni intellekt arasındakı fərq məsələləri ilə ciddi maraqlandıqlarını qeyd edib.

“Süni intellektin fəlsəfəsində şüurun rolu, qneseoloji və epistemoloji subyektlər, etika, etikada şüurun rolu, medianın sosiologiyasını yaratmaqdır”, – deyə İlham Məmmədzadə söyləyib.

Sonra mövzu ilə bağlı Əli Abasov “Süni intellekt və gender”, Türkiyənin Atatürk Universitetinin professoru f.e.d., Kerem Karabulut “Turkiye ve Azerbaycanın yapay zeka çağına hazırlanması”, Rusiya Dövlət İdarəetmə Universitetin psix.e.d., Rusiya Federasiyasının Prezidenti Yanında Maliyyə Universitetinin Humanitar elmlər kafedrasının professoru, f.e.d. Tahir Maxmatov “Süni intellekt-cəmiyyətdə insanlıq meyarı”, prof. İrina Sokolovskaya “Müasir dünyada insanın və süni intellektin rəqabəti”, f.e.d. Füzuli Qurbanov və f.e.d. Serra Sevde Hatipoğlu “Philosophy of Artifical Intelligence in the Perspective of Concern and Risk: The Case of Azerbaijan and Turkey” mövzusunda məruzə ilə çıxış ediblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: