Dekabrın 23-də AMEA Rəyasət Heyətinin növbəti iclası keçirilib.
İclası AMEA-nın prezidenti, akademik Akif Əlizadə açaraq iştirakçıları gündəlikdəki məsələlərlə tanış edib.
Tədbirdə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının yeni tərkibi müzakirəyə çıxarılıb. Akademik Akif Əlizadə Terminologiya Komissiyasının yeni tərkibinin təsdiq olunması ilə bağlı Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 8 dekabr 2015-ci il tarixli Sərəncamını xatırladaraq sənədin icrasından irəli gələn vəzifələrdən danışıb. İclasda sərəncamın icrasını təmin etmək məqsədilə Rəyasət Heyəti qərar qəbul edib.
Rəyasət Heyətinin digər qərarına əsasən, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 15 dekabr 2015-ci il tarixli Sərəncamının icrası ilə bağlı ləğvetmə komissiyası yaradılıb.
Gündəlikdə əksini tapan növbəti məsələ Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu tərəfindən AMEA Mərkəzi Elmi Kitabxanasında keçiriləcək tədbirlər haqqında olub. İclasda keçiriləcək tədbirlərin planı təsdiq edilib, planda nəzərdə tutulan mövzularda məruzə edəcək şəxslərin Akademiyanın müvafiq bölmələrinə təqdim edilməsi üçün tədbirlərin icrası üzrə məsul təşkilatların rəhbərlərinə tapşırıq verilib.
Tədbirdə "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzinin 50 illik yubileyinin keçirilməsi barədə AMEA-nın vitse-prezidenti, Elmi Mərkəzin direktoru, akademik Tofiq Nağıyev çıxış edib. İlk olaraq Ensiklopediyanın ölkənin milli sərvəti olduğunu deyən akademik ölkə başçısı İlham Əliyevin 24 noyabr 2015-ci il tarixli "Azərbaycan Milli Ensiklopediyasının 50 illik yubileyinin keçirilməsi haqqında" Sərəncamını xatırladıb. Vurğulanıb ki, sənəddə Azərbaycan Milli Elmlər Akademiyasına, o cümlədən Azərbaycan Respublikasının Təhsil, Mədəniyyət və Turizm nazirliklərinə "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzinin 50 illik yubileyinə dair tədbirlər planını hazırlayıb həyata keçirmək tapşırılıb. Sərəncamdan irəli gələn vəzifələrin icrasını təmin etmək məqsədilə Rəyasət Heyəti İşçi qrupun yaradılması və tərkibinin müəyyənləşdirilməsi barədə qərar qəbul edib. Qərara əsasən, yubileyə dair tədbirlər planı hazırlanıb Rəyasət Heyətinə təqdim edilməli və müvafiq nazirliklərlə razılaşdırılmalıdır.
İclasda AMEA Şamaxı Astrofizika Rəsədxanasının strukturunda qismən dəyişikliklər edilməsinə dair müzakirələr aparılıb. Şamaxı Astrofizika Rəsədxanasında mövcud ştat sayı çərçivəsində, daxili imkanlar hesabına "Nəzəri astrofizika və kosmologiya" şöbəsinin yaradılması, "Günəş fizikası" və "Günəş-Yer əlaqələri fizikası" şöbələrinin isə birləşdirilərək "Günəş və Günəş-Yer əlaqələri fizikası" adlandırılması ilə əlaqədar qərar qəbul olunub.
Tədbirdə AMEA Biologiya və Tibb Elmləri Bölməsinin akademik-katibi, akademik Əhliman Əmiraslanov biologiya və tibb elmləri üzrə 2015-ci il Nobel mükafatçıları haqqında məlumat verib.
Daha sonra tanınmış ədəbiyyatşünas alim, filologiya üzrə elmlər doktoru, professor Teymur Əhmədovun Azərbaycan ədəbiyyatşünaslıq elminin inkişafındakı xidmətləri nəzərə alınaraq və anadan olmasının 85 illik yubileyi münasibətilə, akademik Nailə Vəlixanlının isə Azərbaycan tarixşünaslıq və şərqşünaslıq elmlərinin inkişafında xidmətlərinə görə və anadan olmasının 75 illiyi ilə əlaqədar olaraq AMEA-nın Fəxri Fərmanı ilə təltif olunması barədə qərarlar qəbul edilib.
İclasın sonunda bir sıra kadr məsələləri müzakirə olunub. Rəyasət Heyətinin qərarları ilə AMEA-nın müxbir üzvü Möhsün Nağısoylu Nəsimi adına Dilçilik İnstitutunun direktoru vəzifəsini icra edən və biologiya üzrə fəlsəfə doktoru Vahid Fərzəliyev AMEA-nın Mərkəzi Nəbatat Bağının direktoru vəzifəsini müvəqqəti icra edən təyin ediliblər.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.