Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

09.07.2024 10:22
  • A-
  • A
  • A+

Arxeoloqlar Naxçıvan ərazisində tədqiqat işlərini davam etdirirlər

Arxeoloqlar Naxçıvan ərazisində tədqiqat işlərini davam etdirirlər

AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunun elmi ekspedisiya qrupu iyun ayından etibarən Xaraba Gilan şəhər yerinə aid olan Mərdangölü nekropolunda xilasetmə-tədqiqat işləri aparır.

Eramızdan əvvəl X-VIII əsrlər aid olan Mərdangölü nekropolu Antik dövr və Orta əsrlər Xaraba Gilan şəhər yerinin şərq hissəsində, Gilançayın qolu olan Xalı Keşan çayının sağ sahilində dağın ətəyində yerləşir. Nekropolda üç qəbir tipi – sərdabə, daş qutu və torpaq qəbirlər mövcuddur.

Hər üç qəbir tipinin iri daşlardan qurulmuş dördbucaqlı kromlexi var. Qəbirlər nekropolda qrup şəklində yerləşib. Hər qrupda qəbir tipləri müxtəlifdir. Torpaq qəbirlərin yerüstü hissəsi sərdabə və daş qutu qəbirlərin yerüstü hissəsindən nisbətən fərqlənir. Belə ki, torpaq qəbirlərin dördbucaqlı kromlex daxilində konsentrik daş düzümü, kromlexə bitişik işlənmiş dördbucaqlı və beşbucaqlı planda qurbangahları var.

Daş qutu qəbirlər şimal-qərb – cənub-şərq istiqamətindədir. Mərdangölü nekropolu qəbirlərinin analogiyasına Şərqi Anadoluda Qaragündüz, Dilqaya və Urmiya hövzəsində Dingətəpə, Həsənli IV və Həsənli V abidələrində rast gəlinir. III Plovdağ, Mərdangölü və Muncuqlutəpə nekropollarındakı qəbirlərlə Şərqi Anadolu və Urmiya gölü hövzəsi abidələrindəki yaxın oxşarlıqlar bu bölgələrin eramızdan əvvəl I minilliyin birinci yarısında eyni iqtisadi-mədəni inkişaf yolu keçdiyini söyləməyə əsas verir.

Ekspedisiyanın rəhbəri tarix üzrə fəlsəfə doktoru, dosent Bəhlul İbrahimlidir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: