Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

10.07.2024 16:50
  • A-
  • A
  • A+

Qazaxıstanın Avrasiya Milli Universitetinin əməkdaşları Nizami Muzeyinin qonağı olublar

Qazaxıstanın Avrasiya Milli Universitetinin əməkdaşları Nizami Muzeyinin qonağı olublar

Astana şəhərində fəaliyyət göstərən, rus alimi, etnoloq-tarixçi Lev Qumilyovun adını daşıyan Avrasiya Milli Universitetinin Qazax ədəbiyyatı kafedrasının müdiri, Qazaxıstan Respublikasının Ali Təhsil və Elm Nazirliyi tərəfindən maliyyələşdirilmiş elmi qrant layihəsinin rəhbəri Kayırbek Kemenqer həmkarları ilə birlikdə Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində olub.

Qeyd edək ki, qazaxıstanlı qonaqlar “Alaş dövrü ədəbiyyatı: inteqrativ folklorşünaslıq konteksti və yeni elmi paradiqma” adlı qrant layihəsi çərçivəsində elmi fəaliyyətləri ilə bağlı Bakıda səfərdədirlər.  

Əvvəlcə ziyarətçilər Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru akademik Rafael Hüseynovla görüşüblər. Səmimi və işgüzar söhbət əsnasında akademikin əsərlərinin qazax dilinə tərcüməsinin zəruriliyi qeyd edilib.

Bildirilib ki, XX əsrin əvvəllərində Qazaxıstanda milli hərəkatın liderləri tərəfindən Alaş Orda dövləti qurulub. Kayırbek Kemenqerin ulu babası Koşke Kemenqerov Alaş hərəkatının liderlərindən olub.

Daha sonra Kayırbek Kemenqer qazax dilində nəşr olunmuş, Alaş dövrü ədəbiyyatını əks etdirən məqalələrdən ibarət “Əlixan Əlemi” (UNESCO-150) kitabını və digər nəşrləri muzeyə təqdim edib. Akademik Rafael Hüseynov isə rus dilində nəşr olunmuş Azərbaycan ədəbiyyatının klassiklərindən bəhs edən “Sözün meracı”, “Məhsəti Gəncəvi. Portret-oçerk” kitablarını və muzeyin ekspozisiyasını əks etdirən “Buklet”i qonaqlara hədiyyə edib.

Ekspozisiyanı seyr edən ziyarətçilər Nizami Muzeyində Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin sədri Əlimərdan bəy Topçubaşova ayrılmış guşə ilə yaxından maraqlanıblar. Dövlətçilik tariximizin formalaşmasında müstəsna rolu olan, Paris Sülh Konfransında iştirak etmək üçün Fransaya yol alan Əlimərdan bəy Topçubaşovun məzarı Fransanın paytaxtı Paris yaxınlığındakı müqəddəs Sen-Klu qəbiristanlığındadır.

Qonaqları muzeyin ekspozisiyası ilə tanış edən Beynəlxalq əlaqələr və dünya muzeyləri şöbəsinin müdiri kulturologiya üzrə fəlsəfə doktoru Nailə Əliyeva 1993-cü ildə Ümummilli Lider Heydər Əliyev tərəfindən, daha sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Əlimərdan bəy Topçubaşovun məzarının ziyarət edildiyini, 2006-cı ildə başdaşının muzeyə gətirildiyini və yerində yenisinin tikildiyini diqqətə çatdırıb.

Sonda alimlər muzeyin “Rəy kitabı”nda təəssüratlarını və ürək sözlərini yazaraq Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru akademik Rafael Hüseynova təşəkkürlərini bildiriblər.  

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: